Rus
poeziyasının sevilən xanımı
Böyük təsirə malik əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı: “Sənət əsəri, doğrudan da, o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”.
Rus mədəniyyətinin ən zəngin inkişaf mərhələsi, heç şübhəsiz ki, XIX əsr hesab olunur. Həmin əsrin ənənələrinə istinad edərək yüksələn XX əsr rus ədəbiyyatı da özünün şeir-sənət korifeyləri ilə möhtəşəmdir. Yaradıcılıqları ilə təkcə rus ədəbiyyatında deyil, həm də dünya poeziyasında mühüm yer tutan A.Blok, N.Qumilyov, V.Mayakovski, S.Yesenin, B.Pasternak kimi ədəbi şəxsiyyətləri xatırlatmaq kifayətdir. Onlarla bir vaxtda poeziya səltənətinin taxt-tacında əyləşən və əbədi şöhrət qazanan xanım şairlər də yazıb-yaratmışlar – Anna Axmatova, Marina Svetayeva kimi... Azərbaycanda da vaxtilə az oxunub öyrənilən Anna Axmatova son zamanlarda bizim şair-tərcüməçilərin (Çingiz Əlioğlu, Vaqif Cəbrayılzadə, Mahir Qarayev və b.), tədqiqatçıların diqqətini cəlb etməkdədir.
Axmatovanın poeziyasında daha çox qəm, kədər motivləri, “dünyəvi iztirab” üstünlük təşkil edir. “Ruhun, qəlb aləminin dialektikası” onun şeirlərində incə lirizmlə ifadə olunmuşdur. Zəmanəyə, cəmiyyətə söyləmək istədiklərini o, birbaşa deyil, özünəməxsus simvolik obrazlarla deməyi bacarırdı. Əsərlərində bəşəri ideyalar, əzəli və əbədi mövzular, məhəbbət, gözəllik, xəyanət, qısqanclıq kimi hisslər, fəlsəfi mühakimələr, müdrik deyim tərzi başlıca yer tutur.
Təkcə qəm-kədərdir əbədi, heyhat,
Bir də hər səslənən şahanə kəlmə...
Öz doğma balanın boğazından kəs,
Bir tikə çörək ver o yad yetimə...
Ç.Əlioğlunun tərcüməsində verdiyimiz
bu misralarda “Dirilməkdən, ölməkdən,
yaşamaqdan yorulan” şair insanlığı
ədalətə, insaf
və humanizmə səsləyir. A.Axmatova mübariz şair
olmaqla yanaşı, könülləri riqqətə
gətirən lirik şeirlərin də müəllifidir. Şairin
lirik əsərləri
ilə yaxından tanış olduqca, onlarla səmimi ünsiyyət tapdıqca, bu həqiqət inandırıcı
şəkildə üzə
çıxır.
Anna Andreyevna Axmatova
(Qorenko) 1889-cu ilin 23 iyununda Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-mexanik olub. Bəzi mülahizələrə görə, Anna özünü
ana tərəfdən
Qızıl Orda xanı Əhməd xanın nəslindən hesab edirdi və
buna görə sonradan Axmatova təxəllüsünü (ulu
nənəsi, tatar knyazları nəslindən
olan Praskovya Axmatovanın xatirəsinə
ehtiram olaraq) götürmüşdü.
1907-ci ildə Kiyevdə
gimnaziya təhsilini başa vuran Anna on bir yaşından şeirlər yazıb. 1912-ci ildə “Axşam” adlı ilk şeirlər toplusu işıq üzü görür.
Tənqidçilər tərəfindən müsbət qarşılanan
Axmatova tez bir zamanda böyük
rus şairləri cərgəsinə qoşulur.
Bir qədər keçdikdən
sonra onun adı artıq Aleksandr Blokla yanaşı çəkilirdi.
Hətta Blok vəfat etdikdən sonra, tənqidçilərdən biri
yazırdı: “...rus şairləri arasındakı
birinci yer mübahisəsiz Axmatovanındır”.
1908-1910-cu
illərdə ali təhsilini Kiyev Universitetində, sonradan N.P.Rayevin Sankt-Peterburqda təsis etdiyi Qızlar üçün Ali Tarix-Ədəbiyyat
Universitetində davam etdirib. 1910-cu ildə
şair Nikolay Qumilyov ilə ailə qurub. 1912-ci ildə oğulları
– gələcəyin məşhur
yazıçı və
tarixçisi Lev Qumilyov
dünyaya gəlib.
1914-cü ildə “Təsbeh” adlı ikinci kitabı işıq üzü görüb. Sonra daha
bir neçə şeirlər toplusu çapdan çıxıb.
1921-ci ildə həyat
yoldaşı Nikolay Qumilyov əksinqilabi fəaliyyətdə ittiham
edilərək güllələnir. Bir il sonra
Anna sənətşünas Nikolay Puninlə nikah bağlayır. 1923-cü ildən 1934-cü ilə qədər, demək olar ki, çap olunmayıb. Daima ora-bura
köçən şairə
yazdığı şeirlərin
çoxunu yollarda itirib. Axmatova o vaxtlar “Özüm haqda bir-iki kəlmə”
başlıqlı qeydlərində
yazırdı: “Mənim
köhnə şeirlərimi
yada salan, təzələrini isə
çap edən yoxdur”. Cüzi sayda işıq
üzü görən
şeirlər isə ciddi senzuraya məruz qalırdı.
1938-ci ildə oğlu
Lev Qumilyov azadlıqdan
məhrum edilir. Şairə 1935-1940-cı illərdə o illərin repressiyalarını və
özünün ağır
həyatını əks
etdirən məşhur
“Rekviyem” əsərini
yazır. “Rekviyem” avtobioqrafik poeması 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii əsərlərdən hesab
olunur. Oğlunun həbsindən sonra
o da SSRİ Yazıçıları
İttifaqından xaric
edilmişdi.
1951-ci ildə A.Fadeyevin
təşəbbüsü ilə A.Axmatova Yazıçılar İttifaqına
üzvlüyə bərpa
olunur. 1962-ci ildə
A.Axmatova ədəbiyyat
üzrə Nobel mükafatına
təqdim olunur. Elə həmin il İtaliyada
“Etna-Taormina” mükafatına layiq görülür. 1965-ci ildə Oksford
Universitetinin fəxri doktoru diplomunu alır. Həmin il “Vaxt
Tanrısı” adlı
şeirlər toplusu işıq üzü görür. A.Axmatova
1966-cı il 5 martda vəfat edib.
Şöhrəti bu gün də
azalmayan, hələ sağlığında rus
ədəbiyyatının klassiki
hesab olunan şairə, yaradıcılığı
ilə yanaşı, faciəvi taleyi ilə də məşhurdur. Doğrudur, A.Axmatova özü
həbs edilməyib, sürgün olunmayıb.
Amma sovet rejimi onun
doğmalarına qarşı
amansız davranıb.
Əri Nikolay Qumilyovun güllələnməsindən sonra oğlu Lev Qumilyov isə ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı
daimi qadağa altında olub. Əsərlərinə qoyulan qadağalara,
Kommunist Partiyasının
ona qarşı nifrətinə baxmayaraq, A.Axmatova sağlığında
rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri
ilə əhatə olunub.
Şair İ.Brodskinin dəqiq ifadəsinə görə,
Axmatova ömrünün
son illərini “ölkənin
köhnə və yeni paytaxtları arasında gedib-gələn,
evsiz-eşiksiz kraliça
kimi keçirmişdir”.
O, xarici dilləri asan öyrənirdi, fransız dilini uşaqlıqda bacısına
keçilən dərslərdə
mənimsəmişdi. Ailə həyatı
qurduqdan sonra Parisdə olarkən fransızcasını təkmilləşdirdi
və bu dili bütün həyatı boyu unutmadı.
Rus ədəbiyyatı
qarşısında böyük
xidmətlər göstərən
Axmatova öz sahəsində durmadan işləyib, rus ədəbiyyatına səmərəli
töhfələr verərək
böyük təsir göstərib.Ədəbiyyata yeni
ruh, yeni baxış və yeni istiqamət gətirib.
Hər şeydə - hisslərin çılğınlığında, mənanın dərinliyində, fikrin emosionallığında kişilərlə bərabərliyə üstünlük verirdi. Bir zaman ulu nənəsinin şərəfinə tatar ismini özünə təxəllüs seçəndə qayğısız Annanın ağlına gəlməzdi ki, sonralar Axmatova yanğısıyla belə yazacaq:
Taleyimə yapışıb.
Fəlakətdir siqləti
Hər dərd ilə tapışır.
O, ədəbiyyata yeni və diktə olunmamış şair kimi daxil oldu. Bütün qadağalara rəğmən, ruhdan düşmədən yazırdı. Əzab çəkdiyi üçün yazırdı...
Qır-qızıl paslanar, çürüyər polad,
Mərmər də məhkumdur, axır ölümə.
Təkcə qəm-kədərdir əbədi heyhat
Bir də hər səslənən şahanə kəlmə!
80-ci illərin sonlarında Rusiyada A.Axmatovanın əsərlərinin kütləvi çapı geniş vüsət aldı. Bu illərdə şairin toplularını həm Moskva, həm də Leninqrad nəşriyyatları bir-birinin ardınca yüksək tirajla nəşr edirdilər. Bundan sonra A.Axmatovanın şeirləri bir çox dünya xalqlarının dilində də yayılmağa başlayır. Bu gün Azərbaycanda A.Axmatovanın həyat və yaradıcılığını araşdırmaq şeirlərini dilimizə çevirmək dövrün və zamanın zərurətindən daha çox, müasir oxucunun ehtiyacını ödəmək baxımından vacibdir. Gəlin, Anna Axmatova şeirlərinin işığından ruhumuza nur alaq...
Aynurə
ƏLİYEVA
Mədəniyyət.-2019.- 17 iyul.- S.6.