Lənkəran teatrı İrandan diplomla qayıdıb

 

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında iştirak edib.

Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, iyulun 8-dən 12-dək davam edən festivalda kukla, pantomima, komediya, faciə janrlarının müxtəlif səhnələrdə və küçə tamaşaları şəklində nümayişləri olub.

Lənkəran Dövlət Dram Teatrı sənət yarışmasına Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə qatılıb.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa ediblər.

Bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı festivalın təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

 

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.5.