Bitən mövsümdən akkordlar

 

Azərbaycan teatrları daha bir mövsümü başa vurdular. Bu mövsümteatr sahəsində yeniliklər, yaddaqalan premyeralar, beynəlxalq festivallarla tarixə çevrildi. Yaradıcı kollektivlər üçün yay istirahəti həm də qarşıdakı mövsümə hazırlıq, yeni layihələr, qastrollars. barədə düşünmək üçün bir imkandır...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öz ənənəsinə sadiq qalaraq mövsümə iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekun vurdu. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Müxtəlif beynəlxalq festivallarda iştirak, yeni tamaşalarla dolğun bir mövsümü başa vuran kollektiv ümumilikdə 8 tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünə 14 iyulda yekun vurdu. Mövsümün son tamaşası Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası oldu. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümün sənət axşamında İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşanı təqdim etdi. Onu da qeyd edək ki, teatrın 90 yaşı təntənə ilə qeyd edilən bu mövsümdə ümumilikdə 8 yeni tamaşaya quruluş verilib. Hazırda Xalq artisti Cənnət Səlimova Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə “Sindibadın sərgüzəştləri” tamaşasını uşaqlar üçün hazırlayır. Hər iki səhnə əsəri yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 14-də üç seansda iki tamaşa ilə balacalarla sağollaşdı. Həmin gün türk xalq nağılı əsasında hazırlanmış “Kəloğlan” (quruluşçu rejissor Qurban Məsimov) və rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” (rus dilində; quruluşçu rejissor Eduard Qaydar) tamaşaları göstərildi. Onu da qeyd edək ki, bu mövsüm ərzində 4 yeni tamaşa ərsəyə gətirən teatr yeni mövsümə də səylə hazırlaşır.

İyulun 14-də Azərbaycan Dövlət Pantomima Teatrı “Kişilər və qadınlar” adlı yeni tamaşası ilə 26-cı mövsümü bağladı. Tamaşaya quruluşu Xalq artisti Bəxtiyar Xanızadə verib.

Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə (böyüklər və uşaqlar üçün) çıxış edir. Bu il teatr özünün 17-ci mövsümünün bağlanışı münasibətilə iyulun 16-da Teatr Xadimləri İttifaqının zalında balacalar üçünSehrli tütək” tamaşasını göstərdi. 17 iyulda isə insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız günahkarlar” tamaşası nümayiş olunacaq. Həmçinin teatrın mövsüm ərzində fərqlənən əməkdaşları və media nümayəndələri mükafatlandırılacaq.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümü qastrollarla bitirib. Kollektiv Sevinc Elsevərin Xocalı soyqırımına həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Gəncədən sonra, Şəkidə və Sabirabadda (16 iyul) çıxış edib.

Bu il 30 yaşını qeyd etməyə hazırlaşan Yuğ Dövlət Teatrı da mövsümü məhsuldar başa vurub. Mövsümün sonuna doğru 2 yeni tamaşanın premyerası keçirilib. Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında “Mən ağacam” tamaşasına Əbdülqəni Əliyev, Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında səhnələşdirilən “Vəsvəsə” tamaşasına isə Gümrah Ömər quruluş verib. “Vəsvəsə” ilə mövsümə yekun vuran teatr tamaşaçılarının görüşünə beynəlxalq layihə ilə gələcək. Bolqar rejissor Xristo Stoyçev teatrda V.Şekspirin “III Riçardpyesini yeni səhnə redaksiyasında tamaşaya qoyur.

Bakıda mövsümü başa vuranYuğçular Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrola yollanıblar. Teatrdan bildirilib ki, yaradıcı heyət qastroldaSonuncu” tamaşası ilə çıxış edəcək. Yazıçı Pərvinin rus klassiki A.Çexovun yaradıcılığından bəhrələnərək qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğludur.

 

***

 

Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsümünün son tamaşası iyulun 19-da nümayiş etdiriləcək. Teatr yubiley mövsümünü yazıçı-dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesinin maraqlı səhnə versiyası ilə bağlayacaq. Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa teatr kollektivinin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir.

Cənub bölgəsinin teatr mənzərəsini formalaşdıran Lənkəran Dövlət Dram Teatrı da rəngarəng repertuarı ilə yadda qalıb. Mövsüm boyu yeddi tamaşanı teatrsevərlərin ixtiyarına verən kollektiv iyulun 16-da Bəhram Beyzayinin (İran) “Senemar” əsərinin tamaşası ilə pərdələri endirib. Əlavə edək ki, yaradıcı kollektiv mövsümün premyeralarından olan bu tamaşanı avqustun 12-dən 19-dək Tehranda keçiriləcək 9-cu Milli Adət və Ənənə Teatr Festivalına da aparacaq.

Qastrollar, beynəlxalq festivallarla dolğun mövsüm yaşayan Gəncə Dövlət Dram Teatrı iyulun 12-də mövsümünə yekun vurub. Nodar DumbadzeninHellados” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Yeni mövsümü sentyabrın 27-də açacaq  teatr kollektivi həmin gün tamaşaçılarına  Hamletkriminal melodramını təqdim edəcək.

Yaranmasının 140 illiyini qeyd edən Şəki Dövlət Dram Teatrı isə mövsümünü iyulun 14-də başa vurub. Teatrsevərlərə Xalq yazıçısı ElçininTeleskopmistik komediyası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidlidir.

Qusar Dövlət Ləzgi Dram Teatrı isə 27-ci mövsümü iyulun 12-də İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası (quruluşçu rejissor Laləzar Hüseynova, quruluşçu rəssam Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşov) ilə başa vurub.

Füzuli Dövlət Dram Teatrı mövsümü Əli Səmədlinin “Əhmədin vəfalı xoruzu” tamaşası ilə bağlayıb. Tamaşa Horadiz şəhər 1 saylı uşaq bağçası və körpələr evində təqdim olunub. Sehran Xanlarovun quruluş verdiyi səhnə əsərinin rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

 

HƏMİDƏ

Mədəniyyət.-2019.- 17 iyul.- S.1;5.