Milli Kitabxanada “Azərbaycan məktəbi”nin 95
illiyinə həsr olunmuş sərgi
İyulun
12-də M.F.Axundzadə adına Milli Kitabxanada “Azərbaycan məktəbi”
jurnalının 95 illiyi münasibətilə tədbir
keçirilib. Tədbir iştirakçıları əvvəlcə
jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi
ilə tanış olublar.
Təhsil
naziri Ceyhun Bayramov çıxış edərək “Azərbaycan
məktəbi” jurnalının ilk elmi-pedaqoji nəşr kimi
ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və
psixoloji elmlərin təşəkkülü və
formalaşmasında müstəsna rolundan danışıb.
Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi illərdə “Azərbaycan məktəbi”
jurnalının inkişaf dövrünü xüsusi
vurğulayıb.
Qeyd
edib ki, jurnal Azərbaycan müəllimlərinin peşəkar
inkişafına, bilik və bacarıqlarının
artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə
böyük töhfələr verib. Nazir bu jurnalın əsasını
qoyanların, onun inkişafına təkan vermiş
insanların xatirəsini minnətdarlıqla yad edib.
Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini
qeyd edən nazir mətbu orqanın kollektivini yubiley münasibətilə
təbrik edib və onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
“Azərbaycan
məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf
jurnalın tarixi, fəaliyyətinin genişləndirilməsi
barədə danışıb.
Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov bir əsrə yaxın tarixi olan nəşrin
cəmiyyətə, maarifə verdiyi töhfələrdən
bəhs edib.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov
“Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsil
sistemində oynadığı mühüm roldan
danışıb, kollektivə uğurlar arzulayıb.
Sonda
jurnalın əməkdaşlarına Təhsil Nazirliyinin fəxri
fərmanı təqdim edilib.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.4.