Multikulturalizmin Azərbaycan modeli
Bakı Mədəniyyətlərarası
Gənclər Forumu çərçivəsində plenar
sessiyalar keçirilib
“Bakı
Mədəniyyətlərarası Gənclər Forumu:
dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı
I Beynəlxalq Gənclər Forumu
çərçivəsində plenar sessiyalar keçirilib. İyulun
17-də “Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan
modeli” mövzusunda keçirilən sessiyada ölkəmizin bu
sahədə təcrübəsindən ətraflı bəhs
edilib.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr
şöbəsinin müdiri Abbas İsmayılov bildirib ki,
Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada
dinlər, xalqlar və millətlər arasında
birgəyaşayışın harmoniyasını
yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi
göstərilir və eyni zamanda öyrənilir.
Şöbə
müdiri qeyd edib ki, Azərbaycanda dövlət
siyasətinə çevrilən multikulturalizmin əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub.
Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla
davam etdirir. Müstəqil Azərbaycan
Respublikasında millətlərarası münasibətlər
və din sahəsində həyata keçirilən
dövlət siyasəti beynəlxalq hüququn normalarına
və zəngin tarixi köklərə əsaslanır və
bu səbəbdən də dünya ictimaiyyətinin
diqqətini cəlb edir.
Abbas
İsmayılov dövlətimizin
başçısının müvafiq fərmanı ilə
yaradılmış Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin həyata keçirdiyi layihələr
barədə də ətraflı məlumat verib.
Mərkəzin fəaliyyətini əks etdirən
videoçarx nümayiş olunub.
Sessiyada çıxış edən Mədəniyyət
Nazirliyi Aparatının rəhbərinin müavini –
Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf
şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki,
Azərbaycan multikulturalizmin, tolerantlığın,
birgəyaşayışın təkcə regionda deyil,
beynəlxalq arenada da təşviqi ilə məşğul
olur. Dünyada multikulturalizm mərkəzlərindən biri
kimi tanınan ölkəmizdə sivilizasiyalararası və
dinlərarası dialoqa töhfə verən bir çox
nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu,
artıq ənənə halını alıb.
Vasif
Eyvazzadə Prezident İlham Əliyevin
təşəbbüsü ilə həyata keçirilən
“Bakı Prosesi” çərçivəsində
mədəniyyətlərarası və dinlərarası
dialoqun inkişafı sahəsində reallaşan
layihələrdən bəhs edib. Bildirib ki, “Bakı Prosesi”
mədəniyyətlərarası dialoqun inkişafı
baxımından mühüm əhəmiyyətə malikdir.
O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya
və islamofobiyanın acınacaqlı
təzahürlərindən danışıb.
Daha sonra
“Bakı Prosesi”nin 10 illik fəaliyyətini əks etdirən
videoçarx göstərilib.
“Millətlərarası münasibətlərin
gələcəyə inteqrasiyası” adlı plenar
sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada
fəaliyyət göstərən Gənclər Arasında
Ümumi Söz Təşkilatının (ACWAY)
fəaliyyətindən, gənclərlə bağlı
reallaşdırdığı layihələrdən danışıb.
Qriffit
Universitetinin Dinlərarası və Mədəni Dialoq
Mərkəzinin direktoru Brayan Adams
çıxışında dini və milli tolerantlıq
mühitinin millətlərarası münasibətlərin
sağlam şəkildə inkişafına
töhfələri barədə söhbət açıb. O,
müxtəlif millətlərdən olan gənclərin bir
araya gələrək mədəniyyətlərarası
və dinlərarası dialoqla bağlı
müzakirələr aparmalarının əhəmiyyətli
olduğunu bildirib. Eyni zamanda, gənclərin dinlərarası
və mədəniyyətlərarası dialoq kimi
təşəbbüslərə daha fəal
şəkildə cəlb edilməsinin, onların liderlik
bacarıqlarının inkişaf etdirilməsinin vacib
olduğunu qeyd edib. Brayan Adams bu cür imkanların
yaradılmasına görə Azərbaycan
Hökumətinə təşəkkürünü bildirib.
Plenar sessiyalar
müzakirələrlə davam edib.
Xatırladaq ki,
Bakı Mədəniyyətlərarası Gənclər Forumu
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
ənənəvi “Yay məktəbi” layihəsi
çərçivəsində təşkil edilib. İyulun 15-də başlanan “Yay
məktəbi” iyulun 21-dək Bakı şəhəri ilə
yanaşı, Oğuz, Şəki və Qəbələ
rayonlarında fəaliyyət göstərəcək.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 1;3.