Bakıda Avropa Gənclər Yay Olimpiya
Festivalı başlanır
İyulun 21-dən 27-dək
davam edəcək festivala 50 ölkədən 4 minə
yaxın iştirakçı gələcək
Son
illər ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq
festival və idman yarışlarının sırasına daha
biri əlavə olunur. İyulun 21-də Azərbaycan
paytaxtında Avropa Gənclər Yay Olimpiya Festivalı
başlanır. Bu tədbirin özəlliyi onun formatında –
gənclərin idman yarışlarının festival
şəklində keçirilməsindədir.
“Bakı
2019” Avropa Gənclər Yay Olimpiya Festivalının
açılış mərasimi Bakı Kristal Zalında
gerçəkləşəcək, yarışları
isə paytaxtın müxtəlif idman komplekslərində
təşkil olunacaq.
Avropa Gənclər Yay Olimpiya Festivalı ilk dəfə
1991-ci ildə Belçika Krallığının paytaxtı
Brüsseldə keçirilib. İki ildə bir dəfə Avropa
Olimpiya Komitələrinə üzv olan dövlətlərin
iştirakı ilə reallaşan festivalın XV
yarışları Bakıda keçiriləcək. Yarışlarda
iştirak etmək üçün Azərbaycana 50
ölkədən 4 minə yaxın idmançı və
texniki heyət gələcək. Yığmamız
yarışlarda 122 atletlə təmsil olunacaq. Atletlər
idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped
idmanı, həndbol, cüdo, üzgüçülük,
tennis, voleybol və güləş yarışlarında qüvvələrini
sınayacaqlar.
Xatırladaq
ki, festivalın Bakıda layiqincə, yüksək
səviyyədə keçirilməsini təmin etmək
məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may
tarixli sərəncamı ilə Təşkilat Komitəsi
yaradılıb.
Festivalın Əməliyyat Komitəsinin korporativ direktoru
Elçin Səfərovun bildirdiyinə görə,
ölkəmizdə keçirilən I Avropa Oyunları (2015)
və IV İslam Həmrəyliyi Oyunlarından (2017) fərqli
olaraq, bu dəfə daha sadə və daha kiçik tutumlu
stadionlara üstünlük verilib. İdmançılar 14-18
yaşlarında olan atletlərdir.
Açılış
və bağlanış mərasimləri üçün
biletlərin qiyməti 15 manat təşkil edir. Oyunlara giriş
isə pulsuzdur. Yarışları izləmək
istəyən şəxslər yalnız şəxsiyyət
vəsiqəsi ilə bilet satılan köşklərə
yaxınlaşıb pulsuz bilet əldə edə
bilərlər. Bir tamaşaçı pulsuz ən çox
dörd bilet ala bilər. Stadionlara biletsiz gələn
şəxslər içəri buraxılmayacaq. Hazırda
biletlərin 60-62 faizi satılıb.
Korporativ
direktorun sözlərinə görə, yarışları
işıqlandırmaq üçün 200-dən artıq
əcnəbi jurnalist akkreditasiyadan keçib.
Yarışların yayım hüququ Azərbaycan
Televiziyasına aiddir.
Müxtəlif dövlət qurumları, o
cümlədən Daxili İşlər, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət,
Təhsil və s. nazirliklər, AZAL, festivalın uğurla
reallaşması üçün Əməliyyat Komitəsi
ilə əməkdaşlıq edir.
Qeyd
edək ki, 21-27 iyul tarixində keçiriləcək festival
zamanı 12 idman obyektində 3500-dən çox
könüllü fəaliyyət göstərəcək. Eyni
zamanda onlar şəhərin müxtəlif yerlərində
təbliğat və yardım işlərini həyata
keçirəcəklər.
Festivalın
rəmzi talismanları olan “Cırtdan” və “Bəbir”i
şəhərin müxtəlif yerlərində görmək
mümkündür. Bu personajlar paytaxtın park və
mərkəzi küçələrində sakinlərlə
görüşür, xüsusilə balacaların istirahətinin
səmərəli təşkilində yaxından iştirak
edirlər.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 1;2.