Almaniya jurnalında Şəki Xan sarayı haqqında məqalə dərc olunub

Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi ölkəmizdə və dünyada geniş rezonans doğurub. Bir sıra ölkələrin mətbuat orqanlarında bu əlamətdar hadisə ilə bağlı yazılar dərc olunur.

Almaniyanın “Mortimer Reisemagazin” jurnalında da Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzinin Dünya irs siyahısına salınmasına həsr olunan məqalə dərc edilib.

Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən Şəki şəhərinin mərkəzindən keçən Qurcanaçayın onu iki hissəyə ayırdığı, qədim İpək Yolunun üzərində yerləşən şəhərdə 1762-ci ildə inşa edilmiş möhtəşəm Şəki Xan sarayının və yay sarayının mövcud olduğu vurğulanır. Qeyd olunur ki, şəhərin tarixi hissəsində yerləşən Xan sarayı hələ 2001-ci ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin ilkin siyahısına daxil edilib. UNESCO-nun Dünya İrs Komitəsinin bu ilin 30 iyun - 10 iyul tarixlərində Bakıda keçirilən 43-cü sessiyasında isə Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi təşkilatın Dünya irs siyahısına salınıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqsşmidt bu əlamətdar hadisənin Azərbaycanın özünəməxsus tarixi, mədəniyyəti və zəngin irsinin dünyada tanıdılmasına töhfə verdiyini, Şəkinin küçələrinin və arxitekturasının müasir Bakı ilə kontrast təşkil etdiyini, Xan sarayının Azərbaycanın ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların əl işlərinin bütün dünyadan gələn turistləri heyran qoyduğunu bildirib.

Həmçinin məqalədə Şəki hakimi Hüseyn xan tərəfindən inşa edilmiş sarayın tikintisində Azərbaycanın qədim və məşhur şəbəkə sənətindən istifadə olunduğu, onun nümunələrinin sarayın pəncərələrində öz əksini tapdığı, sarayın inşasında 5000 ağac və şüşə materialdan istifadə edildiyi, rəngli şüşələrdən hazırlanmış şəbəkələrin mismar və yapışdırıcı olmadan qurulduğu vurğulanır.

Məqalədə Şəki şəhərinin Şərqlə Qərbi birləşdirən qədim ticarət yolları şəbəkəsi üzərində yerləşən və uzun müddət əhəmiyyətini qoruyub saxlayan məkan olduğu və buradakı çoxsaylı karvansaraların buna dəlalət etdiyi bildirilir. Azərbaycanın şimal-qərbində yerləşən Şəkinin XIX əsrdə ipək istehsalı üzrə beynəlxalq mərkəz olduğu diqqətə çatdırılır.

Sonda Şəki ilə yanaşı Azərbaycanın digər tarixi yerləri, o cümlədən Qobustan Milli Tarix-Bədii, İçərişəhər Dövlət Tarix-Memarlıq qoruqları və Şirvanşahlar sarayı, Qız qalası haqqında da məlumat verilir, Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi vurğulanır. Məqalə Şəkinin tarixi mərkəzi və Xan sarayı haqqında foto və videomateriallarla müşayiət olunur.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 1;4.