Qəbələ festivalı yenidən
dünya musiqiçilərini bir araya gətirəcək
2009-cu ildə əsası qoyulan və ötən
müddətdə dünya musiqi xəritəsində
özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq
Musiqi Festivalı növbəti dəfə
sənətsevərlərin görüşünə
gələcək.
Heydər
Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in
dəstəyi ilə keçirilən XI Qəbələ
Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini bir
araya gətirəcək. Xarici və yerli musiqiçilərin
rəğbətini qazanan, gözəl bir
ənənəyə çevrilən festival bu dəfə 31
iyul – 5 avqust tarixlərində reallaşacaq.
Qəbələ festivalında Azərbaycanla
yanaşı, müxtəlif ölkələrdən
görkəmli musiqiçilər, ifaçılar iştirak
edəcək. Festivalda klassik musiqi ilə yanaşı,
muğam, vokal, kamera musiqisi axşamları təşkil olunur.
Budəfəki musiqi bayramına Rusiya, ABŞ, Macarıstan,
Türkiyə, İtaliya, Gürcüstan, Çin, Ukrayna kimi ölkələrdən tanınmış
ifaçı və kollektivlər, həmçinin
Azərbaycanın musiqi kollektivləri dəvət olunub.
İyulun 31-də festivalın ilk konsertini Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Tələbə
simfonik orkestri verəcək. Cavad
Tağızadənin dirijorluğu ilə
gerçəkləşəcək konsertdə solistlər
Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir
Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin
Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli
Paşazadə (klarnet) Azərbaycan və dünya
bəstəkarlarının əsərlərini təqdim
edəcəklər.
1 avqust tarixində festivalın təntənəli
açılış mərasimi olacaq. Mərasimdə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin çıxışı gözlənilir. Həmin
gün Əməkdar incəsənət xadimi, professor
Fəxrəddin Kərimovun dirijorluğu ilə xalq
artistləri Ülviyyə
Hacıbəyova (piano) və Yeganə Axundova (piano) da
səhnəyə çıxacaq. Hər il olduğu kimi, bu
dəfə də festivalın proqramı zəngin və
maraqlıdır.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 1.