“Çox faciələrin
kökündə lənət durur”
Xristo
Stoyçev: “Səhnə əsəri bunun səbəbini
tamaşaçıdan soruşmalıdır”
Neçə vaxtdan bəri eşitmişik ki,
tanınmış bolqar teatr rejissoru Xristo Stoyçev
Bakıdadır. Yəni o, paytaxtımıza daha öncə
də səfərlər edib, budəfəki gəlişi
isə sırf yaradıcı işbirliyi ilə
bağlıdır. Stoyçev Yuğ Dövlət Teatrında
V.Şekspirin “III Riçard” pyesi əsasında
özünün səhnə redaksiyasında “Lənət”
adlı tamaşa qurmaq üçün gəlib.
Dövlət sifarişi ilə hazırlanan tamaşa yeni
mövsüm üçün nəzərdə tutulsa da,
rejissor səhnə əsərini bu ay təhvil verib
ölkəsinə qayıdacaq. Tamaşanın rejissoru
Günay Səttar, bəstəkarı Əməkdar
incəsənət xadimi Sərdar Fərəcov,
quruluşçu rəssamı Olqa Boseva (Bolqarıstan), geyim
rəssamı Elnarə Bəkirovadır.
“Lənət” iki heyətdə hazırlanır. Amma bu,
bizim alışdığımız kimi, ayrı-ayrı
vaxtlarda iki heyətin oynayacağı tamaşa deyil. Bəzi
aktyorlar hər iki heyətdə rol alsa da, teatr iki fərqli
quruluşda tamaşa qazanmış olacaq. Rolları
əməkdar artistlər Sonaxanım Mikayılova, Qasım
Nağı, aktyorlar Oktay Mehdiyev, Natəvan Qeybani,
Zümrüd Qasımova, Əmrah Hacıyev, Təranə
Ocaqverdiyeva, Elgün Həmidov oynayır. Hər iki heyətin,
demək olar ki, yekun məşqinə baxdığımız
üçün deyə bilərik ki, çox maraqlı tamaşa
olacaq.
Bəs qonağımız kimdir? Xristo Stoyçev
Bolqarıstanda çox tanınmış sənətkar ailəsində dünyaya gəlib:
atası Stoyçe Stoyçev aktyor-rejissor, anası Blaqorodna
Stoyçeva aktrisa olub. Bu gün haqq dünyasında olan
valideynlərinin sayəsində uşaqlığı teatrda
keçib, ona ürəkdən bağlanıb. Özü
deyir ki, teatrda səhnə arxasında qalan bütün
işlərdə çalışıb, onun
üçün teatrla bağlı qaranlıq sahə yoxdur.
Təhsilinə gəlincə, Sofiya Universitetini bitirib;
həm ali rejissor, həm də teatrşünas təhsili
alıb. Teatrda çalışmaq, tamaşa qurmaq
həvəsi (özü deməsə də, rejissorluq
istedadı) nəzəri çalışmaları
üstələdiyi üçün rejissorluğu seçib.
Azərbaycanlılar Türkiyə türkcəsini bildiyi
qədər qonağımız da rus dilinə bələddir.
Bu səbəbdən də birbaşa ünsiyyətimizə
maneə olmadı. Azərbaycana böyük
məhəbbət bəsləyən Xristo yeri
düşən kimi “çox sağ ol”, “inşallah”
ifadələrini həvəslə işlədir.
- Xoş gəlmisiniz, Xristo!
- Çox sağ olun.
- Bilirəm ki, sizin Azərbaycan teatrı ilə
əvvəllər də işbirliyiniz olub. Amma Yuğ
teatrında ilk dəfə
tamaşa qurursunuz. Əsər seçiminiz mənə
çox maraqlı gəldi. Adətən dəvətli rejissor
ya Azərbaycan teatrında indiyədək səhnə
üzü görməmiş əsərə müraciət
edir, ya da təmsil etdiyi ölkənin milli dramaturgiyasına.
Siz isə Şekspirin “III Riçard”ını seçdiniz.
Sizin hər iki heyətlə məşqlərinizə
tamaşa etdim və gördüm ki, bu, heç də klassik
“III Riçard” deyil. Üstəlik, məşhur pyesin
əsasında hazırladığınız “Lənət” tamaşası
sanki hansısa silsilənin bir hissəsidir.
- Yəni bu, belə
hiss olunur?
- Hər halda
tamaşaçı lənətlənmiş digər
qəhrəmanları da sizin yozumunuzla tanımaq istəyəcək...
- Bunu düz
tapmısınız. Çoxdan istəyirdim ki,
Şekspirin üç faciəsini – “III Riçard”, “Hamlet”
və “Maqbet”i trilogiya kimi hazırlayım. İnşallah, bu istəyimi Yuğ teatrında
gerçəkləşdirə biləcəyəm.
- Çox gözəl
olardı... Amma əsər seçiminizin səbəbini
demədiniz...
- İllərdir ki,
Azərbaycan böyük ədalətsizlik, amansızlıqla
üz-üzədir. Mənim
ölkəmin əhalisi bu barədə az
bilir. Qarabağ məsələsi, Xocalı
soyqırımı barədə düşünəndə
ilk növbədə bunlar adama gərgin və
mürəkkəb siyasi problem kimi görünür.
Eləcə də digər ölkələrdəki,
məsələn, Ukraynada, Suriyada baş verənləri
götürək... Əslindəsə
bütün bunların kökündə lənət durur.
Lənətə gələn də insandır,
lənətə bais olan da...
- Niyə?
- Bilmirəm. Rejissorun,
tamaşanın məqsədi sual verməkdir, insanların
görə bilmədiyini, görmək istəmədiyini
tamaşaçılara göstərmək, onları cavab axtarmağa
vadar etməkdir! Şekspir də hələ o
vaxt bu sualları “III Riçard”da, o biri dramlarında qoyub.
- Maraqlı
yanaşmadır.
- Mənim
üçün bu məsələ çox vacibdir: mən
insanlardan soruşmaq istəyirəm ki, axı, bunlar niyə
baş verir? Nə üçün belə oldu?
Mənim üçün komediya, yaxud faciəni
səhnələşdirməyimin heç fərqi yoxdur.
Tamaşaçıya öz quruluşumla
məni düşündürən sualı verirəm. Məncə, yaxşı rejissor sual qoymağı
bacarmalıdır.
- Tamaşaya baxıb
cavab axtararıq...
- Mən
nəzərdə tutduğum trilogiya ilə bu sualın
cavabını tapmaq istəyirəm: niyə insanlar
lənətdən bu qədər asılıdır?
Əgər trilogiya üçün niyə Azərbaycan
teatrını seçdiyimlə maraqlansanız, bu suala
cavabım var...
- Yuğ
teatrının aktyorlarının hünərinə kimsə
şübhə etmir. Bununla belə, ilk dəfə bu
kollektivlə qarşılaşan rejissor kimi fikriniz
maraqlıdır...
- Həqiqətən
də, bu teatrda savadlı, ziyalı aktyorlar var. Bilirsiniz,
əcnəbi rejissorla işləmək sənə hər
mətləbi öz dilində başa salan, səninlə eyni
mədəni mühitdə yetişmiş rejissorla
işləməkdən çətindir. Digər
tərəfdən, assosiativ teatr onların
alışdığı ifa tərzindən bir qədər
fərqlidir. Əslində, bu fərqlilik
aktyor üçün maraqlıdır. Mən
onları çox sevirəm və birgə
çalışmaqdan zövq alıram.
- Rejissor ki öz
aktyorlarını sevdi, deməli, tamaşa alınacaq.
- İnşallah! Amma hər rejissorun da öz dəst-xətti var,
onunla uyğunlaşmaq bir qədər çətindir.
- Siz Sofiyada hansı teatrda
çalışırsınız?
- “Göz yaşı və gülüş” teatrında.
- Nə maraqlı
adı var? O dəqiqə məşhur teatr maskaları
gözümün qarşısına gəldi...
- Elə özü
də maraqlıdır. Əvvəllər
dövlətin balansında olub, indisə kommersiya
müəssisəsidir. Bilirsiniz, dünyada
dotasiyasız, öz hesabına yaşayan teatr azdır və
“Göz yaşı və gülüş” də həmin
tək-tük teatrlardan biridir. Dünyanın
ən böyük mimlərindən biri, aktyor, rejissor Velyo
Qoranov bizim teatrda çalışır. Teatrın iki
səhnəsi var: böyük səhnə və kiçik
səhnə. Bu da bizə texniki
cəhətdən müxtəlif quruluşları
gerçəkləşdirmək imkanı verir. Dəvət etdiyimiz rejissorlar həvəslə bizim
teatrda çalışırlar.
- Xristo,
təəssüf ki, biz azərbaycanlılar, əsasən
də yaşlı və orta nəsil üçün bolqar
mədəniyyəti televiziya ilə izlədiyimiz
“Qızıl Orfey” mahnı müsabiqəsindən, bir
neçə bolqar estrada
müğənnisini tanımaq həddindən o
tərəfə keçməyib...
- Elə Bolqarıstanda da belədir. Azərbaycan musiqisi, muğam barədə bir
qədər bildikləri var. Elə buna görə də
düşünürəm ki, Yuğ teatrının direktoru,
mənim köhnə dostum İslam Həsənovla bizim teatrlar
arasında qurduğumuz bu əlaqə həm də
ölkələrimizin mədəni
əməkdaşlığına təkan verəcək.
Mən bu dəvətə görə Azərbaycanın
Bolqarıstandakı səfirliyinə, Mədəniyyət
Nazirliyinə, şəxsən nazir Əbülfəs
Qarayevə minnətdaram.
İllər öncə, Lənkəran teatrında
tamaşa qurmuşdum. Mən
Lənkəranı və Lənkəran teatrını
çox sevirəm. İslam
Həsənovla dostluğumuz da o zamandan başlayıb. İndi də Bakıda, Yuğ teatrındayam.
Deməli, artıq teatr münasibətlərimizdə
irəliləyiş var...
- Bildiyim qədər,
bizim Akademik Milli Dram Teatrı da Bolqarıstanın İvan
Vazov adına Milli Teatrı ilə
yaradıcılıq ünsiyyətinə başlayıb.
Üstəlik, inişil bizim akademik teatrın “İuda”
monotamaşası Varna festivalında mükafat
qazanmışdı. Azərbaycanda da beynəlxalq teatr
festivalları var: biri Şəkidə, biri də sizin
çox sevdiyiniz Lənkəranda keçirilir. Lənkəranda
hələlik birinci festival təzəlikcə baş tutub,
amma Şəki festivalı artıq üç dəfə
keçirilib. Biz sizin teatrı da həmin festivallarda
maraqla seyr edərdik...
- Əlbəttə, festivala gəlmək də, teatrda da
tamaşa qoymaq olar. Amma
bizim arzularımız böyükdür.
- Məsələn...
- Bakıda Axundov bağının
həndəvərində yaşayıram. Hər gün mərkəzi
küçələrdən keçib teatra
gələndə yolumun üstündə Polşa
Mədəniyyət Mərkəzini görürəm. Axı, niyə Bakıda Bolqarıstan, Sofiyada da
Azərbaycan mədəniyyət mərkəzi olmasın?
Mən də, həyat yoldaşım Natella xanım da çox
istəyirik ki, Sofiyada belə bir mədəni mərkəz
açılsın...
- Bilirsiniz, Xristo,
Azərbaycan və Polşa xalqları arasında mədəni
əlaqələr dünən yaranmayıb. Təxminən
yüz əlli ildir ki, polyaklar Azərbaycanda məskunlaşıblar,
Azərbaycan mədəniyyətinə töhfə veriblər...
Əlbəttə, çox yaxşı
münasibətlərimizin olduğu Bolqarıstan ilə də
mədəni əlaqələrimiz inkişaf edir.
Yəqin gələcəkdə belə mərkəzlər
Bakıda və Sofiyada da açılar...
- Mən sübut
edərəm ki, Azərbaycan-Bolqarıstan
münasibətlərinin tarixi lap qədimdir! Bolqar
xalqının yaranması, formalaşması Azərbaycan
xalqı ilə bağlıdır. Bolqar
xalqı Kubrat xanın (bulqar tayfasının hökmdarı)
törəmələrindən formalaşıb. Bizim xalqlarımızın
adət-ənənəsində, mətbəxində, hətta
dekorativ-tətbiqi sənətdə istifadə etdiyi
naxışlarda yaxınlıq çoxdur. Torpaqlarımızı min kilometrlər
ayırırsa, bu oxşarlıq haradandır? Deməli,
bu doğmalıq kökdən gəlir...
- Səhv
eləmirəmsə, bolqarlar da bizim kimi xalça toxuyurlar,
təxminən eyni xalça çeşnilərindən
istifadə edirlər...
- Görürsünüz?! Belə oxşarlıqlar
çoxdur.
- Xristo, sizdən bir məsələni də soruşum:
Azərbaycana bu qədər məhəbbətiniz sizə bizim
qızımızı sevdirdi, yoxsa azərbaycanlı
xanımı sevəndən sonra vətənimizə
məhəbbətiniz bu qədər artdı?
- Deyəsən, hər ikisi eyni vaxtda baş verib.
Həyat yoldaşım savadlı, hərtərəfli
ziyalı xanımdır, beş dil bilir, geniş
dünyagörüşü var. İllərdir ki, mən
özümü yarıazərbaycanlı sayıram. Digər
tərəfdən, heç istəmərəm ki, mənim
üçün desinlər ki, Bolqarıstandan bir rejissor
gəlmişdi, iyirmi gün ərzində başdansovdu bir
tamaşa hazırladı, qonorarını alıb getdi. Buna
görə Azərbaycanda çalışmaq mənim
üçün həm zövq, həm də məsuliyyət
məsələsidir.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 1;5.