“Dövlət sərhədinin
delimitasiyası üçün qeyri-hüquqi faktlar əsas
təşkil edə bilməz”
Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində bir qrup şəxs tərəfindən sərhədçilərimizə qarşı törədilmiş insidentlə bağlı AZƏRTAC-a müsahibə verib.
- Məlum olduğu kimi, iki gün əvvəl bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?
- Bəli,
təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs
tərəfindən birbaşa Azərbaycan
Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə yönəlmiş təxribat
xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd
naryadına qarşı törədilən cinayət əməli
baş verib. Güman edirəm ki, bu
insidentin Gürcüstan
Hökuməti ilə əlaqəsi yoxdur,
lakin Gürcüstan sərhədçiləri
öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət
ünsürlərinin Azərbaycan Respublikası ərazisinə
buraxılmasına görə məsuliyyət
daşıyırlar. Sözsüz ki, bu kimi
təxribatlar və insidentlər iki
ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq
münasibətlərinə zərbə vurur.
Bu cinayəti törədən şəxslər
məsuliyyətə cəlb edilməli və qanunların tələbinə
uyğun cəzalanmalıdırlar.
- Bu günə qədər Keşikçidağ mağaralar kompleksi ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir. Bu barədə danışmağınızı xahiş edirik.
-
Dövlət sərhədinin delimitasiyası üçün
hər hansı dini-mədəni və sair qeyri-hüquqi
faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar
kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki
istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi
xəritələrdə öz əksini
tapıb və SSRİ-nin süqutuna
qədər tərəflər arasında inzibati
sərhəd kimi qəbul edilib.
Buna görə də hüquqi
baxımdan qeyd edilən sahə ilə
bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə
bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan
digər sahələr kimi delimitasiya
çərçivəsində
razılaşdırılmalı, iki
dövlət arasında imzalanacaq dövlət
sərhədinə dair müqavilədə
təsbit olunmalıdır.
-
Növbəti mərhələdə komissiyalar çərçivəsində
hansı tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur?
- Təəssüf
hissi ilə qeyd etməliyəm ki, Gürcüstan və Azərbaycan
komissiyalarının işində uzun fasilələr olub. Bu fasilələrə səbəb
partnyorların tez-tez dəyişməsidir.
Azərbaycan tərəfi komissiyaların iclaslarının
davamlı və ardıcıl olması üçün
səylər göstərib. Bu il mayın 23-24-də Bakı
şəhərində keçirilmiş
Azərbaycan Respublikası ilə Gürcüstan
arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə növbəti 12-ci iclasda
komissiyaların işçi qrupları səviyyəsində
dövlət sərhəd xəttinin
razılaşdırılmamış sahələrinə
yerində baxış və müvafiq
ölçmə işlərinin aparılması barədə
razılıq əldə olunub və tərəfimizdən
bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi
təklif edilib. Həmin görüşün
nəticələrinə görə, komissiyaların növbəti
iclasının Gürcüstanda
keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət .- 2019.- 17
iyul.- S.1-2.