Tara həsr
olunmuş ömür
XX əsrin birinci yarısında Üzeyir Hacıbəylinin
istedadlı gənclərə himayədarlığı və
qayğısı sayəsində ifaçılığa və
yaradıcılığa qədəm qoyan musiqiçilərdən
biri də Adil Gəray Məmmədbəyli olmuşdur.
Adil Gəray sənətdə ilk addımlarını
tar aləti ilə atmış, bütün
yaradıcılığını və fəaliyyətini bu
ecazkar milli alətə bağlamış, ifaçı,
müəllim və bəstəkar kimi səmərəli və
dəyərli fəaliyyət göstərmişdir. Ötən
əsrin 30-cu illərində, Dövlət Musiqi Texnikumunda
ixtisas fənni üzrə Ü.Hacıbəyli və S.Rüstəmovdan,
muğam sənəti üzrə Ə.Bakıxanovdan dərs
almışdır. Oxuduğu illərdə H.Sarabskinin xanəndə
sinfində müşayiətçi tarzən işləmiş,
1940-cı ildən isə texnikumda dərs demişdir.
Konservatoriya təhsilində Ü.Hacıbəylinin sinfində
tar ixtisası ilə yanaşı, bəstəkarlıq dərsləri
almış və bu sahədə ilk addımlarını
atmışdır. Üzeyir bəyin tövsiyəsi və dəstəyi
ilə 1938-ci ildən Azərbaycan Radiosunun nəzdindəki ilk
notlu xalq çalğı alətləri orkestrində işləmişdir.
Orkestrdə əvvəl ifaçı, sonra konsertmeyster, solist və
dirijor kimi çalışmışdır. 1938-ci ildə
orkestrin tərkibində Moskvada keçirilən Azərbaycan
incəsənəti ongünlüyünə, 1959-cu ildə isə
Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyünə qatılmış, həmin il
respublikanın Əməkdar artisti fəxri adına layiq
görülmüşdür.
A.G.Məmmədbəyli 1940-1970-ci illərdə
respublikada tar tədrisi üzrə ən qabaqcıl və təcrübəli
müəllim kimi hörmət qazanmışdır.
A.Zeynallı adına Musiqi Texnikumunda işləməklə
yanaşı, 1959-1972-ci illərdə rektor Cövdət
Hacıyevin dəvəti ilə Azərbaycan Dövlət
Konservatoriyasında tar ixtisası və pedaqoji təcrübə
fənlərini aparmışdır.
Qeyd edək ki, Ü.Hacıbəyli tərəfindən
əsası qoyulan tar tədrisində dahi bəstəkar və
pedaqoqun ilk davamçıları S.Rüstəmov ilə A.G.Məmmədbəyli
olmuşdur. Adil Gəray bu səhədə Ü.Hacıbəyli
və S.Rüstəmov metodunu layiqincə davam etdirərək
öz məktəbini yaratmışdır. Onun sinfini bitirən
və müəllimliyindən bəhrələnən gənclər
respublikamızın musiqi məktəblərində uğurla
dərs vermiş, başladığı yolun – tar tədrisinin
davamçıları olmuşlar. Təsadüfi deyil ki, Adil Gərayın
sinfinə daxil olmaq nə qədər çətin idisə,
sinfini əla qiymətlərlə bitirmək daha bir
başucalığı idi. Bu məktəbin yetirmələri
arasında görkəmli bəstəkarlar – Arif Məlikov, Nəriman
Məmmədov, Dadaş Dadaşov, Adil Bəbirov, görkəmli
ifaçı və pedaqoqlar – Qulu Əsgərov, Ramiz Quliyev, Həbib
Bayramov, Sabir Quliyev, Sərvər İbrahimov, Ceyran
Haşımova, Fikrət Verdiyev, Səid Hacıyev, Sidqi
Mustafayev, Orxan Orxanbəyli, Akif Novruzov, Kamil Vəzirov, Adil
İsrafilov, Novruz Aydəmirov, Ramiz Firidunbəyli, Anadollu
Abbasov, Gündüz Əfəndiyev, İsrafil İsrafilov və
b. vardır.
Xalq çalğı alətlərindən, xanəndəlikdən
dərs verən müəllimlər də, təhsil alan tələbələr
də onunla ünsiyyətə həmişə ehtiyac duyur,
yeni tədris metodundan, maraqlı dərslərindən, ustad məşğələlərindən,
sinif konsertlərindən və tövsiyələrindən həmişə
öyrənir, məsləhət alırdılar. O, bir
müddət pedaqoji elmlər üzrə tədqiqat mərkəzində
çalışmış, “İbtidai məktəblər
üçün nəğmə məcmuəsi”ni tərtib
etmişdir. Eyni zamanda Mədəniyyət Nazirliyi nəzdində
incəsənət və musiqi məktəbləri üzrə
metodika kabinetinin təcrübəli üzvü kimi üzərinə
düşən işi həmişə layiqincə yerinə
yetirmiş, respublikanın müxtəlif bölgələrində
açıq dərslər keçmiş, musiqi məktəblərində
təlim-tədrisin keyfiyyətinin artması üçün əlindən
gələni əsirgəməmişdir. Nazirlik tərəfindən
ona “metodist müəllim”, “qabaqcıl müəllim”
adlarının verilməsi də məhz bu
bacarığın, təcrübənin və əməyin nəticəsi
idi.
Adil Gəray bəstəkar
yaradıcılığını da məhz xalq
çalğı alətlərinə, pedaqoji repertuarın zənginləşməsinə
həsr etmişdir. İlk addımı kimi “Tar
üçün etüdlər” toplusunu qeyd edə bilərik.
Bu, xüsusi olaraq tar aləti üçün
yazılmış texniki tədris repertuarıdır. Ona qədər
S.Rüstəmovun tar üçün “Melodik etüdlər”indən
və skripka etüdlərinin tar üçün
köçürülməsindən istifadə olunurdu.
S.Rüstəmovun və Adil Gərayın etüdləri bu günə
kimi tar üçün peşəkar səviyyədə
yazılmış ilk və yeganə texniki vəsaitdir. Adil Gərayın “Tar
üçün etüdlər” məcmuəsi 1943-cü ildə,
o hələ tələbə ikən nəşr
olunmuşdur. Bu nəşrin dörd mühüm cəhətini
qeyd etməliyik. Birincisi, etüdlərin elmi redaktoru Ü.Hacıbəylidir
və toplu onun müqəddiməsi ilə başlayır.
İkincisi, topluya yeddi muğam əsasında
yazılmış nümunə daxildir: “Rast”,
“Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-hindi”,
“Şüştər”, “Segah”, “Şur” etüdləri. Yeddi
muğam əsasında etüdlərin yazılması Nizami Gəncəvinin
800 illik yubileyinə həsr olunmuş və “Yeddi gözəl”ə
sanki nəzirə bəstələnmişdir.
Üçüncüsü, 1940-cı illərdə
muğamların nota yazılmasında boşluq var idi və
etüdlər yeddi muğamın nota yazılmasında və
işlənilməsində vacib addım idi. Nəhayət,
dördüncüsü, müəllif ilk dəfə
muğamların tar üçün etüdləşdirilməsi
təcrübəsinə nail olmuşdur. Avropa instrumental
ifaçılığının inkişafı nəticəsində
texniki və müstəqil bədii janr kimi meydana gələn
skripka, fortepiano etüdlərinə məxsus janr xüsusiyyətlərinin
Azərbaycan milli muğam janrının instrumental
çalğı və ənənəvi forma xüsusiyyətləri
ilə sintez olunması nəticəsində “muğam
etüdü” adlı yeni janrın təməli qoyulmuşdur.
Bu etüdlər günümüzdə də musiqi məktəblərində,
kolleclərdə və Milli Konservatoriyada tədris olunur.
Adil Gərayın ilk bəstələrindən olan
xalq çalğı alətləri orkestri üçün
“Cəngi” pyesi 1944-cü ildə Tbilisidə keçirilən
Zaqafqaziya musiqi ongünlüyündə S.Rüstəmovun
dirijorluğu ilə səslənmiş və maraqla
qarşılanmışdır. Onun xalq çalğı alətləri
orkestri və xüsusilə tar ilə fortepiano
üçün “Yallı”, “Neftçilər rəqsi”, “Zəfər
marşı”, “Mərdlik rəqsi” pyesləri, “Sovet Azərbaycanı”
süitası, “Qaytağı”, “Şahnazsayağı”,
“Bağçakürd”, “Səfikürd”, “Gülüstan”,
“Xatirə” əsərləri öz melodiya, intonasiya, forma, ritm
kamilliyi və milli ruhu ilə tez bir zamanda rəğbət
qazanmışdır. Bu əsərlər günümüzdə
də ifaçılıqda və tədrisdə
yaşayır.
Milli alətlərin ifa xüsusiyyətlərinə,
texniki imkanlarına mükəmməl bələd olan sənətkar
Avropa, rus klassik bəstəkarlarının müxtəlif
janrda əsərlərinin tar, kamança tədrisinə daxil
edilməsi üçün də böyük əmək sərf
etmişdir. Onun təşəbbüsü və əməyi
sayəsində onlarla belə əsər tar üçün
köçürülərək nəşr edilmiş, tədrisə
daxil olunmuşdur. Bununla həm milli alət
ifaçılığı bədii və texniki cəhətdən
inkişaf edir, həm də şagird və tələbələr
alət vasitəsilə dünya klassikasına bələd
olurlar.
O, xalq arasında sevilən “Azərbaycanım”, “El bəzənsin”,
“Vətən nəğməsi”, “Ana kəndim”, “Alagöz”,
“Mehribanım”, “Gülzar”, “Yar gəldi”, “Dağlar
qızı”, “İnsaf eylə”, “Tarla”, “Şirvan”, “Gözlərin”,
“Qurucular”, “Yadigar”, “Boyuna qurban” və b. mahnıların da
müəllifidir.
Adil Gərayın böyüyüb boya-başa
çatdığı, tərbiyə aldığı
mühit maarifçi ziyalı ailəsi olmuşdur. Atası
Heybətqulu Məmmədbəyli Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin üzvü idi. Təəssüf ki, 30-cu illərin
repressiyası onun ailəsindən də yan keçmədi və
atası saxta siyasi motivlə güllələndi.
Adil Gəray Məmmədbəyli özünün fəaliyyəti
və yaradıcılığı, şəxsiyyəti və
ziyalılığı ilə həmkarlarının,
davamçılarının, musiqi müəllimlərinin qəlbində
əbədi heykəlini yaratmışdır. Məhz bu rəğbətin
nəticəsidir ki, vaxtilə oxuduğu və işlədiyi
Bakı Musiqi Akademiyasında onun 100 illiyi münasibətilə
yaradıcılığına həsr olunmuş
seminar-mühazirə keçirilmiş, xatirəsi, dəyərli
fəaliyyəti və xidmətləri dərin hörmətlə
bir daha yad olunmuşdur.
Ariz
ABDULƏLİYEV
Ü.Hacıbəyli adına BMA-nın aparıcı
elmi işçisi, dosent
Mədəniyyət.-
2019.- 19 iyul.- S. 1;6