Cenevrədəki BMT kitabxanalarına nəşrlər hədiyyə edilib

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəzdində fəaliyyət göstərən kitabxanaya Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində sənədlər toplusu və görmə məhdudiyyətli insanlar üçün Heydər Əliyev Fondu tərəfindən Brayl əlifbasında hazırlanmış kitablar hədiyyə edilib.

Müxtəlif dillərdə insan hüquqları ilə bağlı kitablar, təlim və tədris ləvazimatları, hesabatlar və digər məlumatların yer aldığı kitabxana üzv dövlətlər, QHT-lər və beynəlxalq təşkilatların nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur.

Kitabları təqdim edən daimi nümayəndə Vaqif Sadıqov Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində dövlət siyasətindən danışıb, ölkəmizin Ali Komissarlıqla əməkdaşlığa önəm verdiyini qeyd edib. O, əlilliyi olan şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiəsinin təmin edilməsi sahəsində görülən işlərdən söz açıb.

Kitabxananın direktoru xanım Alfia Gilbert daimi nümayəndəliyimiz tərəfindən ikinci dəfə belə addımın atılmasına görə minnətdarlığını ifadə edərək, Azərbaycanda Brayl əlifbasında kitab nəşrinin xüsusilə təqdir olunduğunu vurğulayıb.

Eyni zamanda daimi nümayəndəliyimiz tərəfindən növbəti dəfə BMT-nin Cenevrə Bölməsində fəaliyyət göstərən kitabxanaya da kitablar hədiyyə edilib. Daimi nümayəndə Vaqif Sadıqov bildirib ki, Azərbaycan BMT-nin bu ən böyük kitabxanası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və artıq üçüncü dəfədir ki, buraya müxtəlif kitablar hədiyyə edir.

Kitablar sırasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və arxitekturasına aid nəşrlər, eləcə də Brayl əlifbasında kitablar yer alıb. Daimi nümayəndə Azərbaycanın zəngin mədəniyyətə malik və qədim tarixi ilə seçilən müasir ölkə olduğunu bildirib. O, dövlət rəhbərliyi tərəfindən ölkəmizin mədəni irsinin qorunub saxlanılmasına göstərilən diqqət barədə danışıb, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. V.Sadıqov həmçinin kitabxana tərəfindən Millətlər Liqasının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 36 min səhifəlik arxiv materiallarının rəqəmsal formaya salınaraq 2017-ci ildə Azərbaycan rəsmilərinə təhvil verildiyini xatırlayıb və bu sənədlərin tariximiz üçün xüsusi önəm daşıdığını vurğulayıb.

BMT kitabxanasının direktoru Françesko Pisano daimi nümayəndəlik tərəfindən təqdim edilmiş kitablara görə dərin təşəkkürünü bildirərək, kitabxana fondunun gələcəkdə Azərbaycan barədə daha çox nəşrlə zənginləşəcəyinə ümidvar olduğunu deyib.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 3.