“Azərbaycan xalçalarını çox sevirəm”

Xalça sərgisi haqqında eşidəndə mütləq ona baxmağı qərara aldım. Burada gördüyüm xalçalar çox maraqlıdır. Onların toxunma qaydası, naxışları, rəng seçimi heyrətamizdir. Sərgidə xalça toxunması üçün millimetrlik kağızdan istifadə edilməsi diqqətimi daha çox cəlb etdi.

Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuşYeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışında Mişel Alber-Poli söyləyib. Bildirib ki, xalça eskizlərinin, xüsusilə də naxışların rəngli nöqtələrlə millimetrlik kağızda göstərilməsi çox maraqlıdır. Bu, naxışlarda dəqiqliyin, xalçalara böyük əmək sərf olunmasının göstəricisidir. Rənglərin bir-birinə məharətlə uyğunlaşdırılması çox yüksək istedad tələb edir.

Mişel Alber-Poli deyib: “Azərbaycan mədəniyyəti haqqında kitab hədiyyələrinə görə təşkilatçılara təşəkkür edirəm. Bu kitablar mədəniyyəti daha yaxından tanımağa imkan yaradır. Azərbaycanın Qarabağ, Naxçıvan, Bakı, Quba kimi müxtəlif xalça məktəbləri haqqında kitab çox maraqlıdır. Mən Lion klubunun üzvüyəm və klubumuzun üzvləri Azərbaycana səfərə hazırlaşırlar. Səkkizgünlük səfər nəzərdə tuturuqümid edirik ki, bu müddət ərzində ölkənizin tarixi və mədəniyyət xəzinəsi ilə tanış ola biləcəyik”.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 4.