Yeni görüşlərədək
Bakı Uşaq Teatrı da
mövsümə yekun vurdu
Növbəti
mövsümə qədər sevimli
tamaşaçıları ilə səhnə sovqatlı sağollaşan sənət ocaqlarından biri də Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin Bakı Uşaq Teatrı oldu. Mövsüm ərzində bir-birindən maraqlı, fərqli janr və mövzulu
səhnə nümunələri ilə
tamaşaçılarını məmnun etməyə,
onların teatr zövqünü
formalaşdırmağa çalışan yaradıcı
heyət mövsümün son gününü də
yaddaqalan etmək üçün
çalışdı.
İyulun 17-də Bakı Uşaq Teatrı Teatr Xadimləri İttifaqının tamaşa salonunda
mövsümə yekun vurdu.
Mərasimdə nazirliyin
əməkdaşları, mədəniyyət və
incəsənət xadimləri, KİV təmsilçiləri,
ən əsası isə kollektivin sadiq izləyiciləri iştirak
edirdi.
Salonu dolduran müxtəlif yaş
qrupundan olan
tamaşaçılar qarşısına çıxan
teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun
keçən mövsümə qısa nəzər saldı.
Müxtəlif idarə və müəssisələr, nazirlik və təşkilatlarla
reallaşdırdıqları birgə uğurlu
layihələrdən, maarifləndirici aksiyalardan, qastrol səfərlərindən bəhs etdi. Direktor “Bütün Azərbaycanı səhnə bilirik” ifadəsini qüvvətləndirmək
üçün fərqli rayonlarda
tamaşaçılar qarşısında etdikləri
çıxışlardan, onların teatra
sevgi və marağından da danışdı.
Tamaşanın maarifləndirici missiyasına xüsusi önəm verdiklərini deyən
Əməkdar artist uşaq,
yeniyetmə və gəncliyin sağlamlığı və
əmin addımlarla gələcəyə
irəliləməsi üçün teatr olaraq təbliğat
maşını funksiyasını yerinə yetirməyə
çalışdıqlarını dilə gətirdi.
Yeni mövsüm vədlərinin
ardınca isə il ərzində
yaradıcı fəaliyyəti ilə seçilən,
eləcə də teatra dəstək olan, onun
təbliğatı işini quran bir neçə
şəxsə təsis etdikləri “Gümüş
körpə” mükafatı verildi.
Mükafatçılar
arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil
Məlikov da var idi. O, təltifə görə teatrın
kollektivinə minnətdarlığını bildirdi,
yeni yaradıcılıq uğurları
arzuladı.
Teatrın
əməkdaşları arasında keçirilən sorğu əsasında
müəyyənləşən digər
mükafatçılar isə teatrşünas
və media mənsubları idi.
Daha sonra balaca
tamaşaçıların rəy sorğusuna
görə, teatrın əməkdaşları Şahbuz Quliyev,
Zəminə Allahverdiyeva, Leyla
Hüseynova, Nərminə
Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Qasımov, Mehman Piriyev, Ədalət Ağaverdizadə, Günay Pirizadə, Emin Balayev və digərləri
mükafatlandırıldı.
Sonda tamaşaçılar müasir dövrün qlobal
problemlərindən olan insan
alverinin fəsadlarına həsr edilən
“Günahsız günahkarlar”
tamaşasına baxdılar.
Böyüklər
üçün nəzərdə tutulan tamaşanın
səhnələşdirəni Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda
Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu
Könül Şahbazovadır.
Tamaşa gənclər arasında çox
yayılmış “mafiya” oyunu
üzərində qurulub. Gənclər bu oyun sayəsində
özləri də bilmədən insan alveri ilə məşğul olan
mafiyanın qurbanına çevrilirlər. Kimisi
yüksək gəlirli iş, kimisi ailə qurmaq adı
ilə aldadılıb xaricə aparılaraq fiziki
və cinsi istismara
məruz qalır, kimisi orqan
transplantasiyasının qurbanı olur.
Bəs bütün bu
oyunları quran kimdir?
Mafiyanı kim idarə edir?
Mafiyanı kim ifşa
edə bilər? Gənclər insan alveri haqqında nələri
bilməlidirlər?
“Günahsız
günahkarlar” tamaşası bu suallara cavab
üzərində qurulub.
Özlüyündə bir sıra
ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılandı.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 4.