Aprel şəhidinin xatirəsi anılıb

 

İyulun 17-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində xüsusi təyinatlı tabor komandiri, Aprel döyüşlərinin şəhidi Mühüd Orucovun anım mərasimi keçirilib.

Mərasimdə filologiya üzrə fəlsəfə doktoru, şair, jurnalist Fəridə Ləmanın şəhidin xatirəsinə həsr olunmuş kitabı təqdim olunub.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu söyləyib, bu qələbəni Azərbaycan Ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi dəyərləndiriblər.

Bildirilib ki, Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonda şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub.

 

Mədəniyyət.- 2019.- 26 iyul.- S. 2.