“Hər
daşın altında
bir tarix yatır...”
Arxeoloqlar torpağın altında qalan gizli tarixi,
mədəni mirası
üzə çıxarmaqla
keçmişlə müasir
dövr arasında körpü yaradırlar.
Azərbaycanda bu elm sahəsinin
inkişafında böyük
əməyi olan alimlərimizdən biri də Saleh Qazıyevdir.
Görkəmli alim ötən
əsrin 50-ci illərində
Mingəçevir abidələrini
dərindən araşdırıb.
Saleh Mustafa oğlu Qazıyev
16 sentyabr 1893-cü ildə
indiki Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açıb. Əvvəlcə mollaxanada oxuyur,
sonra təhsilini kənddə açılmış
“Rövzət-ül-maarif” məktəbində
davam etdirir. 20-ci illərdə Şəhər Pedaqoji Texnikumunda qiyabi təhsil alır. Sonralar həmin texnikumda, Bakı məktəblərində,
Ağdaş Pedaqoji Texnikumunda çalışır.
Şəki və Ağdaş
rayon maarif şöbələrinin
müdiri vəzifəsində
işləyir.
S.Qazıyev pedaqoji fəaliyyəti
ilə yanaşı tarixi və arxeoloji memarlıq abidələrinin araşdırılmasına
dərin maraq göstərib. 1928-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının
aspiranturasında oxuyur.
1939-cu ildən indiki Milli Azərbaycan
Tarixi Muzeyində işləyir. Qafqaz Albaniyasının
tarixi irsi, Oğuz və Qəbələ rayonlarındakı
qədim abidələrlə
bağlı araşdırmalar
aparır. Eyni zamanda
Azərbaycan arxeologiya
və etnoqrafiyasına
dair məlumat və materiallar toplayır. Tunc dövründən Orta əsrlərə qədər olan dövrə aid müxtəlif
abidələrin tədqiqatı
ilə məşğul
olur. 1941-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır. Həmçinin Bakı Dövlət
Universitetinin Tarix fakültəsində mühazirələr
oxuyur və arxeoloqların hazırlanması
sahəsində geniş
fəaliyyət göstərir.
Azərbaycan Tarix Muzeyinin direktoru, sonra akademiyanın Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbələrinin müdiri,
uzun müddət Mingəçevir arxeoloji ekspedisiyasının rəhbəri
olub. O, sayı 20 mindən çox olan Mingəçevir abidələrinin
ilk dəfə arxeoloji
təsnifatını verib.
Qədim Qəbələnin,
Qazax və Ağstafa rayonu ərazisindəki abidələrin
tədqiqi sahəsində
böyük xidmətlər
göstərib.
S.Qazıyev 40-dan çox elmi
əsərin və məqalənin müəllifidir. O, Azərbaycanda arxeologiyaya aid ilk sanballı
əsərin - “Azərbaycan
arxeologiyası”nın müəlliflərindən biri
olub. “Azərbaycanın
maddi mədəniyyəti”
silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanıb.
“Azərbaycanın qədim abidələri”
(1948), “Qədim Mingəçevir”
(1950) əsərləri, “Mingəçevir
küp qəbirləri”
(1960) albomu arxeologiya elminə, tarix və mədəniyyətimizə
dəyərli töhfələr
hesab olunur.
Araşdırıcı Nazim Hüseynov
“Oğuzdur elim mənim” adlı məqaləsində 1941-ci ildə
arxeoloq Saleh Qazıyevin rəhbərliyi
altında Mingəçevir
abidəsinin kompleks öyrənilməsindən geniş
bəhs edib.
Xalq şair Səməd
Vurğun həmin illərdə “Muğan” poeması ilə bağlı Mingəçevirdə
tez-tez olub. Görkəmli alimlə təkrar-təkrar görüşüb və elmi
axtarışlarla bağlı maraqlı söhbətlər edib. Şairin poemada bəhs etdiyi “qoca alim” də məhz
S.Qazıyev olub.
Alimin elmimizə verdiyi töhfələr
yüksək qiymətləndirilib, o,
“Qırmızı Əmək Bayrağı” və
“Şərəf Nişanı” ordenləri ilə təltif edilib. Görkəmli arxeoloq
17 iyul 1971-ci ildə vəfat edib.
Savalan
FƏRƏCOV
Mədəniyyət.-
2019.- 19 iyul. S. 6.