AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində qədim məscidin qalıqları aşkar edilib. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib.
Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.
Rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd peyğəmbərin zamanında Şirvana gələrək İslam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilmişdir. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirmişlər.
Bununla belə, ekspedisiya
rəhbərinin bildirdiyinə görə, mənbələrdə
Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir. “Ərazidə aparılacaq geniş arxeoloji
tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və
məzarın kimə məxsus olması
məsələsinə aydınlıq
gətirəcək”, – deyə A.Quliyev bildirib.
Mədəniyyət.- 2019.- 19 iyul. S.
6.