“Qum
dalğaları”
“Bu fotolarda
sanki nəsillər birləşir...”
Bakının mərkəzi
küçələrindən birindəyik.
İstiqlaliyyət 23 ünvanında. Emin
Qəhrəmanovun Art qalereyasında “Qum dalğaları” adlı sərgini
izləməyə gəlmişik. Sərgi, qonaqlar,
musiqi sədaları... Amma
hisslərimiz qarışıqdır. Sanki
dejavu... 2019-cu ilin 18 iyul tarixindəyik, yoxsa
ötən əsrin 80-ci illərində? Sərgilənən fotolar dünən, bu gün deyil, bəlkə
elə gələcəyin özüdür...
Fotoqraf Rüstəm Hüseynovun çimərlik
mənzərələrinə həsr olunan
sərgisində sanki ötən illər bir-bir vərəqləndi. Bakının
şəhər həyatından, qızmar yay
günlərində üz tutduğumuz
Abşeron bağları, Xəzərin
qızıl qumları. Təsəvvür edilməz bir duyğudur
sərgidəki anlar. Böyüyüb
boya-başa çatdığın
küçədə ən gözəl xatirələrin
yaşandığı məqamlar sərgilənir. Hansı sənə
daha çox
əzizdir, hansı səni daha çox kədərləndirir – bunu da təxmin etmək
çətindir...
Sərginin
açılışında tanınmış
kuklaçı rəssamlar, yazarlar və
sənət adamları da iştirak
edirdilər. Qonaqların təbrikləri, xoş
sözləri bu balaca
məkanda əsl bayram əhvalı
yaratmışdı. Sərgilənən fotolara
baxıram. Tanış mənzərələrdir. Biz uşaq olanda
aprel-may aylarında dəniz sahilində
dalğaların vurub kənara
atdığı suitiləri görərdik. Babamla
gedib onların cansız
bədəninə maraqla baxardıq.
Yazığım gələrdi onlara. Düşünürdüm ki,
görəsən, necə olub sahilə
çıxa biliblər. Axı onlar
güclüdürlər və ölə bilməzlər...
Divarda
asılmış fotolarda sahil,
izlər, qayıqlar və əsrarəngiz dalğalar.
Ağ, mirvari dalğalar. Bəlkə də R.Hüseynov
bu fotoları rəngli variantda
təqdim etsəydi, o qədər də effektli alınmazdı. Sərt kontrast,
isti hava və
sərin dəniz mənzərəsi sanki
əbədiyyət verərək vaxtı dayandırıb bu fotolarda. Divar
boyu düzülən fotolarda
duzlu dəniz suyu
və həzin mehin tamı hiss olunur. Seyr
etdikcə düşünürsən... dəniz, qum, insan, külək
və yaradılış bir-biri ilə
təmasda olan paralel
reallıqlardır.
Sərginin real
aurasından fotoların dünyasına daxil
olursan və burada
təbiətin gözəlliyinin sehrinə
düşməmək mümkün deyil. Fotolarda əks olunan bu qayıqlar
isə... Elə bilirsiniz
adi taxta
parçasıdır bu qayıqlar. İndi sahildə sakit dayansalar da, o qədər fırtına,
təhlükə, insan
həyatının ölüm-dirim
məqamlarının şahidi olublar ki. Adı
qayıqdır. Özü isə bir ailənin qazanc
mənbəyi, ümid və sevinc payıdır...
Müəllif deyir ki, bu
sərgi ilə Abşeron yayının
obrazını çatdırmaq istəyir. Əsas amalı
isə zamanla unudulan,
görkəmini dəyişən Xəzər sahillərini tarixin yaddaşına
köçürməkdir. Əmindir ki, bir çox yerli sakinlərin bu qumlu sahillərlə bağlı nostalji duyğuları, xatirələri var.
Bu ərazilər həm də tarixin və mədəniyyətin bir hissəsidir. Nəsillərin
davamlılığı baxımından Abşeron
çimərliklərinin rəngli yuxular kimi əsrarəngizliyini gələcək
nəsillərə ötürmək gözəl ideyadır.
Müəlliflə qısa
söhbətimiz zamanı deyir ki, burada
sərgilənən fotoların ağ-qara
olmasının əsas səbəblərindən biri də zamanı itirmək məqsədi
daşıyır: “Bu fotolarda
sanki nəsillər birləşir.
Fotoların əksəriyyəti Bilgəh, Mərdəkan, Buzovna və s.
ərazilərdə ötən il
lentə alınıb. Çox istərdim
ki, Xəzərin sahil
landşaftı bizim fotoqrafları cəlb
etsin. Axı bu
məkanlar hər zaman
rəssamlarımızın ilham
mənbəyi olub. Fotoların
əksəriyyətində yalqızlığın şahidi oluruq. Yəni bu sahillərdə insan
axını yoxdur. İyul-avqust
aylarının ən isti
günlərində yalnız fotoqraf
və bir də dənizi
dəlicəsinə sevən insandan
başqasına rast gəlmək
çətin olur”.
Müəllifi təbrik edib, ayrılarkən tanınmış
sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan
Əliyevlə rastlaşırıq. İşləri
bəyəndiyini vurğulayır, sərgini yüksək
dəyərləndirir.
Fotoların qarşısında
aparılan müzakirələr isə daha
maraqlı təsir bağışlayırdı.
Hərənin öz yanaşması, öz düşüncəsi var.
Bəzən suallar birbaşa
sərginin kuratoru Nurziyə Xəlilovaya
ünvanlanır...
Sərgi məkanını tərk edib nostalji hisslərlə
küçəyə çıxırıq. Qarşı
tərəfdə gözümüzə ilk
sataşan dünyanın ən cəld pianoçusu Peter Benzenin konsertinin
afişası. Bir anlıq elə
düşünürsən ki,
dünyanın ən cəld pianoçusu
elə bir neçə dəqiqə
əvvəl fotolarda seyr
etdiyimiz dalğalardır. Xəzərin
şıltaq, gur dalğaları.
Onların küləyin sürəti ilə
pıçıldadığı musiqilər
əvəzsizdir, təkrarsızdır.
Bir də niyə
axı qum dalğaları? O vaxtlar sahilboyu
balıqqulağı təpəcikləri də var idi... indi
isə yalnız qum dalğaları...Gec, ya tez
bu qumlar da tarixə çevriləcək. Tarixi görmək istəyənlər isə
25 iyuladək sərgini ziyarət edə bilərlər.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;5.