Kameranın sevdiyi aktyor

 

İnsan aid olduğu yerdə daha dəyərli olur. Əgər istedadını, bacarığını  zamanında doğru səmtə yönəldib biliyini, zəhmətini maraqlı əmsalına çevirərsə, üstün keyfiyyətləri də üzə çıxar, həyat da hər zaman üzünə gülər. Sevib-seçdiyi peşənin ardınca gedən, bu sahədə bir çox uğurlara imza atan, geniş rəğbət qazanan kinoteatr aktyoru, Xalq artisti Hacı Murad Yagizarov da belə xoşbəxt sənətkarlarımızdandır. Çünki səhnəyə çıxdığı, ekranlarda göründüyü vaxtdan tamaşaçıların, teatrkino ictimaiyyətinin diqqətini çəkən aktyor daim məsləyinin keşiyində durub, istedad və bacarığına rəğmən yaradıcılıq yolunu durmadan zənginləşdirib.

 

Doğru seçim

 

1939-cu il iyulun 18-də Bakıda dünyaya gələn Murad Yagizarov hələ kiçik yaşlarından incəsənətə böyük maraq göstərib. Orta məktəbi 1957-ci ildə bitirib. Tale elə gətirir ki, o, 1958-ci ildə tanınmış kinorejissor Tofiq Tağızadənin çəkdiyi “Uzaq sahillərdə” filmində partizan roluna dəvət alır. Bunun ardınca isə Həbib İsmayılovun quruluş verdiyiÖgey ana” filmində Ayaz roluna çəkilir. Peşəkar sənətkarlarla çiyin-çiyinə çalışması sənət vurğunu olan gəncin kinoya marağını daha da artırır. Həmin ildə o, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olur. Görkəmli teatr xadimi Məhərrəm Haşımovdan aktyorluq sənətinin sirlərini öyrənir. 1962-ci ildə ali təhsili başa vuraraq S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyətə başlayır. 1960-70-ci illərdə teatrda oynanılan bir sıra məşhur və anşlaqla keçən tamaşalarda rol alır. Teatrsevərlərin unutmadığı “Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Öz yolunla” və digər səhnə əsərlərində fərqli, özünəməxsus dəst-xətti ilə yaratdığı rolları onu teatr ictimaiyyətinə sevdirir. 80-ci illərdə ilk dəfə rus dilində hazırlanan “Şeyx Sənan” tamaşasında Şeyx Sənan, “Arzu tramvayı”nda Stenli Kovalski obrazlarını yaradır. İstedadlı aktyor Azərbaycan və xarici dramaturqların əsərləri əsasında hazırlanan 200-dən çox rola səhnə həyatı verib.

Teatr fəaliyyətinin zənginliyi və çoxşaxəliliyi aktyorun kino obrazlarını da dolğun təqdim etməsinə zəmin olur. Kinorejissor Həbib İsmayılov onunÖgey ana” filmində oyununu bəyəndiyindən növbəti filminə dəvət edir, 1962-ci ildə quruluş verdiyiBöyük dayaq” filmində ona partkom Şirzad obrazını tapşırır. Rol çoban Ayaz obrazından fərqli olaraq bir qədər genişplanlı və məzmunludur. Onu da qeyd edək ki, rollarından asılı olmayaraq, Yagizarovun ekranda görünməsi tamaşaçının diqqətini cəlb etməklə yanaşı, sevincinə də səbəb olurdu. Onun yaraşıqlı xarici görünüşü, yaratdığı obrazın yaşarı olmasına imkan verən plastikası, personajın həyat  mövqeyini və psixologiyasını duyma qabiliyyəti, kameranı həssaslıqla hiss edib rejissor mizanlarını yaradıcılığında dəqiq əks etdirməsi sayəsində sanki kinokamera da sevərək qəbul edirdi. Buna görə də ilk kino yaradıcılığından etibarən geniş tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan aktyorun bu sahədə uğuru durmadan artdı.

 

Yaşıl işıq

 

Kinorejissor Həbib İsmayılovun çəkdiyi iki tammetrajlı filmə aktyoru cəlb etməsi isə ona əsl sənət şöhrəti gətirdi. Məhz Həbib müəllimin doğru sənət istiqaməti Murad Yagizarovun kino yaradıcılığına təkan verdi, yaradıcılıq yolunda yaşıl işıq yandırıldı.

Sonralar “Azərbaycanfilm” kinostudiyasında kinorejissorların Yagizarovu ardıcıl olaraq filmlərinə dəvət etməsi heç də təsadüfi deyildi. Nəzərə alsaq ki,  1960-70-ci illərdə hər il 3-4 bədii film çəkilirdi, peşəkar teatr aktyorlarının çoxuna kinoda çəkilmək, kino aktyoru kimi məşhurlaşmaq qismət olmurdu. Lakin azsaylı filmlərdə belə Yagizarova uyğun (aparıcı və əsas) rol ayrılması rejissorların onun yaradıcılığına biganə olmadığını təsdiq edir. Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Eldar Quliyev, Arif Babayev və digərlərinin filmlərində dönə-dönə rol almaq kinoda sənət biliciliyini sübut etmək deməkdir. İstedad və potensialından kinoda zamanında istifadə edilməsi Yagizarovun sənətdə bir tapıntı olduğunu göstərdi.

“Azərbaycanfilm”də çəkilən 30-dək filmdə - “Arşın mal alan” (1965) kinokomediyasında Süleyman, “Babək” tarixi bioqrafik filmində Xəlifə Məmun, “Bağ mövsümü”ndə Kələntər, “Bir cənub şəhərində”  lirik-psixoloji dramında Cahangir, “Birisigün, gecəyarısı...”nda Məmmədov, “Vacib müsahibə”də Zaur Xəlilbəyli, “İnsan məskən salır”da Murad, “Qara gölün cəngavərləri”ndə Fəttahov, “Ulduz” kinokomediyasında Bəxtiyar, “Nizami” filmində Qızıl Arslan, “Bizi bağışlayın”da Valids. koloritli rollar oynayan aktyor, xarici kinostudiyaların istehsalı (Çexiya, Gürcüstan, Almaniya) olan filmlərlə yanaşı, ümumilikdə 40-dan çox ekran əsərində yaddaqalan obrazlar yaradıb.

Görkəmli rejissor Tofiq Tağızadə quruluş verdiyi “Arşın mal alan” (1965) filmində aktyora Süleyman rolunu tapşırmaqla yeni versiyada çəkilən filmə dəvət etdiyi aktyor ansamblının seçimində yanılmadığını göstərdi. Film həmin illərdə birmənalı qarşılanmasa da, aktyor heyətinin rolları yaşarı təqdim etməsi məşhur əsərin bədii məzmununu qoruyub saxladı. Filmin baxımlılığını artıran peşəkarlar arasında Yagizarovun olması aktyorun kino karyerasının uğuru, digər ekran əsərlərində çəkilməsi üçün şansının artması, həmçinin  Azərbaycan kinosunun simasına çevrilməsi demək idi.

Komik situasiyaları çoxaldılan musiqili filmin yeni tərtibatı heç də əsərin bədii məzmununa xələl gətirmədi. Əksinə, obrazların fərdi cəhətlərində romantizminkomizmin bir qədər artırılması əsərin məna kəsərini qorumaqla yanaşı, incə yumor xətti ilə baxımlılığını da artırmış oldu. Məşhur musiqili komediyadan bildiyimiz kimi, Süleyman tacir Əsgərin dostuduronun ailə qurması üçün dostunun ürəyincə olan plan hazırlamalıdır. Məhz Süleymanın sayəsində Əsgər sevdiyi Gülçöhrəyə qovuşur. Süleyman obrazının səmimi, həmçinin sərbəst davranışı (əslində dramatizmlə nəticələnə bilən) hadisələrin yumşaldılmasına səbəb olur, personajın xoşməramlı, xoşniyyətli insan olmasından xəbər verir. Nikbin həyat mövqeyi, dosta sədaqət və sevgiyə hörmət prinsipi rolun təqdimatında təsdiqini tapıb. Nəticə etibarilə də dinamik, məzmunlu, maraqlı kadrlar əsərin ekran təhkiyəsini realist məcraya yönəldib. Göründüyü kimi, kameranı həssaslıqla duyub, hadisələri yaşarı təqdim etmə və  müxtəlif dövrün hadisələrini yaradıcılığında cilalayıb, təqdimetmə bacarığı, aktyor plastikasının zənginliyi müxtəlif janrlı filmlərin ekran təhkiyəsinin yaranmasını təmin edib.

Murad Yagizarovun işıqlı çöhrəsi, obrazın psixologiyasını, düşüncələrini mimika cizgiləri ilə belə aydın ifadə edəcək tərzdə tamaşaçını inandıra biləcək müdrik siması daha çox müsbət ekran qəhrəmanları yaratmasına imkan versə də, aktyorun yaradıcılıq filmoqrafiyasında mənfi rol da (Kələntər, Fəttahov və s.) az deyil.  Bunu isə peşəkar kinorejissorların aktyorun yaradıcılıq imkanlarının çoxşaxəliliyini göstərmək məqsədilə xarakterizə etmək olar.

Romantikrealist sənət məktəbinin davamçısı olan Murad Yagizarovun kinodakı uğurlu rollarından biri də “Bir cənub şəhərində” (1969) filmində canlandırdığı Cahangir obrazıdır. Rol ilk növbədə ətrafdakılara biganə münasibət təsiri bağışlasa da, onun müşayiəti ilə izlədiyimiz mühitinsanlarla tanışlığımız Cahangirin neytral davranışlarına haqq qazandırır. Çünki onu ətrafındakılardan fərqləndirən və məhəlləsindəki gərgin situasiyalardan qoruyan məhz intellekti, təhsili, həyata fərqli, ayıq nəzərlərlə baxmasıdır. Beləliklə, biz jurnalist həmkarına (Rənaya) məhəllə qanunlarını anladan Cahangirin vasitəsilə onun ətrafında baş verən gərgin hadisələrin şahidi oluruq. Qeyd edək ki, rolun həyat mövqeyi, psixologiyası (aktyor yaradıcılığında) maksimum səviyyədə aydın və şəffaf işıqlandırılıb.

Ümumiyyətlə, Murad Yagizarovun rollarını duymaq, xarakterlərini dəqiq mizanladığı prizmadan təhlil etmək bacarığı ekran təhkiyəsini yaratmağa və tamaşaçını ekranda göstərilən hadisələr haqqında düşünməyə vadar edir. Bu fikrin təsdiqini onun “Ən vacib müsahibə” filmində yaratdığı Zaur Xəlilbəyli, “İnsan məskən salır” filmində oynadığı Murad rollarının təfsirində də görmək mümkündür. Hər iki filmdəki personajların həyat mövqeyi ibrətamiz olmasa da, obrazların psixolojixarakter dəyişkənlikləri, dostları qarşısında duyduqları peşmanlıq hissi, yaxınlarına olan etirafları tamaşaçını həyatın dərin qatlarına baş vurmasına, hadisələrin mahiyyətini dərk etməsinə, düşünməyə vadar edir. Sənətin üstünlüyü, sənətkarın böyüklüyü də həyatı sənətdə göstərməsi, sənəti yaradıcılığında yaşatmasıdır. 

 

Şəhla ƏMİRLİ

kinoşünas

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;7.