“Bakıya təkrar səfər”
İçərişəhərin UNESCO-nun
Dünya irs
siyahısına salınmasında iştirak
etmiş maltalı ekspert
20 il sonra Bakıya
səfər təəssüratını qələmə
alıb
Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Rey Bondin bu
günlərdə Bakıda keçirilmiş
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edib.
20 il əvvəl isə o, UNESCO-nun eksperti kimi Bakının tarixi
hissəsinin – İçərişəhərin Qız
qalası və Şirvanşahlar
sarayı ilə birlikdə UNESCO-nun Dünya irs
siyahısına salınması prosesində iştirak
etmiş, ölkəmizin təqdim etdiyi nominasiya ilə
bağlı İCOMOS-un hesabatını
hazırlamışdı.
Rey Bondin
20 il öncəki xatirələrini və
şəhərə budəfəki gəlişi, Dünya İrs
Komitəsinin sessiyasında iştirakı ilə bağlı
təəssüratını “Times of Malta” qəzetində
dərc etdirdiyi məqalədə
qələmə alıb.
“Bakıya təkrar səfər”
adlı məqalədə Rey Bondin Azərbaycan paytaxtına ilk
səfərini xatırlayaraq deyir ki, o vaxt
şəhərin tarixi hissəsini “xilas etmək” üçün
gəlmişdi.
“20 il əvvəl ilk
dəfə Bakıya gələndə Qız qalasının
daxilindəki dairəvi pilləkənlərlə üç dəfə dırmaşmağa
çalışdım və çətinliklə enməli oldum...”, - deyə o,
şəhərin bu tarixi
simvolu ilə ilk
tanışlığından bəhs edir.
“Bu dəfə
mən 2 mindən çox insanın iştirak etdiyi UNESCO Dünya İrs
Komitəsinin illik toplantısına
gəldim. Şəhərin tamamilə dəyişdiyinin
və müasirləşdiyinin şahidi oldum”.
O daha sonra yazır: “Mən ilk
dəfə Bakıya İçərişəhərin UNESCO Dünya irs abidəsi kimi namizədliyini qiymətləndirmək üçün göndərilmişdim. UNESCO-nun məsləhətçisi kimi fəaliyyət göstərən,
mütəxəssislərdən ibarət olan
İCOMOS təşkilatı köhnə
şəhərlər üzrə mütəxəssis kimi məni seçmişdi.
Bu heç də asan missiya deyildi”.
Rey Bondin
məqalədə qeyd edir
ki, İçərişəhərin
namizədliyi ilə bağlı müsbət hesabatım
sayəsində İçərişəhər UNESCO-nun Dünya irs siyahısına daxil edildi: “O vaxtdan bəri
və belə bir qısa müddət
ərzində Bakı tamamilə dəyişib.
Kilometrlərlə uzanan, bir-birinə oxşar sovet binaları
sökülərək müasir
yaşayış evləri tikilib.
Neftçıxarma qurğuları ilə dolu
sahilləri xatırlayıram: bu gün isə bura
tanıdığım ən gözəl sahillərdən biridir. Yaxşı layihələndirilmiş müasir yollar
salınıb. Şəhərin hər yerində
yaşıllıqların olduğu geniş parklar var”.
Müəllif 20 il
əvvəlki hava limanını
xatırlayaraq indi burada
müasir dizaynlı böyük
beynəlxalq aeroport terminalının inşa edildiyini,
şəhərdə çoxlu dörd və beş ulduzlu hotellərin olduğunu
diqqətə çatdırır.
O daha sonra yazır: “Azərbaycanlılar öz miraslarına inanılmaz
dərəcədə qayğı göstərirlər,
Bakının İçərişəhərində,
digər UNESCO abidələri kimi,
hədiyyə və suvenir
mağazaları çox olsa
da, hər şey
zövqlə görülüb.
Azərbaycan müsəlman ölkəsidir, çox
sakitdir, dini
zəmində gərginlik yoxdur. Xristian kilsələri var.
Mülayim iqlimi
və təhlükəsizliyi səbəbindən Bakı
şəhəri xüsusən Yaxın Şərqdən
gələn həm müsəlmanlar, həm də
yəhudilər üçün yeni bir turistik
məkana çevrilib. Restoranlar
çoxdur, qiymətləri də münasibdir...”.
Rey Bondin
qeyd edir ki, azərbaycanlılar beynəlxalq konfranslar, Eurovision, BMT
toplantıları və Formula 1 kimi böyük
tədbirlərə ev sahibliyi
etməkdən qürur duyurlar.
Bakının müasir
memarlığı bəziləri tanınmış xarici memarlar
tərəfindən layihələndirilmiş müxtəlif binalardan ibarətdir. Bakı Azərbaycanın
yeganə iri şəhəridir, lakin görməli yerlər çoxdur,
ölkənin möhtəşəm mənzərələri
və çox sayda irs abidələri var.
Vətəndaşlar ölkələrinin
dəyişməsindən məmnundurlar və aydındır ki, son dəfə
ziyarət etdiyim vaxtdan
bəri yaşayış səviyyəsi çox
yüksəlib.
Sonda müəllif bir daha 20 il
öncəyə qayıdaraq, o vaxt Bakıda olduğu ofisin döşəməsindəki
qızdırıcı plitəni xatırlayır: “O vaxtdan bəri hər şey
dəyişib. Bu gün
buradakı ofisdən müasir ofis ola bilməz”.
Rey Bondinin
“Times of Malta” qəzetində dərc etdirdiyi
məqalədə Bakının tarixi
və müasir simvolları olan Qız qalasının, Heydər Əliyev
Mərkəzinin, eləcə də
İçərişəhərin tarixi
binalarının fotoları da verilib.
Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;3.