Mədəniyyət Nazirliyinin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın proqram təminatının istifadə qaydalarına dair treninqlər davam edir. Növbəti təqdimat-treninq iyulun 22-23-də Lənkəran şəhərində keçirilib. Portalın yenilənmiş proqram təminatı “AdZone” şirkəti tərəfindən hazırlanıb.
Yerlərdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat – treninqlərin ilk mərhələsi 20-21 iyun tarixində Qəbələdə (İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələri), 15-16 iyul tarixində Şəmkirdə (Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələri) təşkil olunub. Lənkəran şəhərində keçirilən treninqə Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları qatılıb.
Tədbirdə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin sektor müdiri Yaşar Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov iştirak edib.
Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunub, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib, suallar cavablandırılıb. Proqram təminatının təkmilləşdirilməsinə dair rəy və təkliflər “AdZone” şirkətinə çatdırılıb.
Təqdimat-treninqlərin növbəti mərhələsinin 25 iyulda Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2019.- 24 iyul. S. 2.