Sentyabrda görüşənədək...
İyul ayı başa çatmaqda, teatrlar da bir-birinin
ardınca məzuniyyətə çıxmaqda... Paytaxt teatrlarından yaxşı nümunə
götürən yaxın-uzaq şəhər teatrları da mövsümü
təntənə ilə bitirmək, fərqlənən
əməkdaşları təltif etmək
ənənəsinə qoşulmaqdadır…
Əllinci yubiley mövsümünü başa
vuran Sumqayıt Dövlət Dram Teatrında da iyulun 20-də ilk
dəfə belə bir mərasim
düzənləndi. Bir gün
əvvəl – iyulun 19-da Sumqayıt
şəhərinin 70 yaşına həsr olunmuş
“Sevgilim Sumqayıt” (müəllif –
Əli Əmirli, quruluşçu rejissor – Firudin Məhərrəmov)
tamaşası ilə mövsümü
bitirən kollektiv ertəsi gün yenə bir arada idi. Sanki
gənc aktyorların bitib-tükənməyən enerjisini tam
“xərcləmək” üçün
düzənlənmiş bağlanış mərasimi şirin zarafat, şux musiqi ilə dolu idi. Proqram
elə qurulmuşdu ki,
təltiflər səhnəciklər, mahnılar ilə
əvəzlənir, salona
toplaşanları darıxdırmırdı.
Təltiflər demişkən,
aparıcılar lap əvvəldən elan etdilər ki, bu gün səkkiz nominasiya üzrə elan
ediləcək qaliblər rəhbərliyin yox,
teatrın bədii şurasının seçimidir.
Teatrın direktoru, Əməkdar artist
Mübariz Həmidov “Mövsümün
ən yaxşı tamaşası” nominasiyasının qalibini elan etmək üçün səhnəyə
çıxaraq əvvəlcə başa çatan mövsümdəki uğurlardan
danışdı. Direktor mövsümün
əvvəlində, 2018-ci ilin
oktyabrında teatrın 50 illik yubileyinin təntənə ilə qeyd edildiyini, mövsüm ərzində həm
böyüklər, həm də uşaqlar
üçün 7 tamaşanın
hazırlandığını, kollektivin
şəhərdəki dövlət tədbirlərində
fəal iştirakını yada saldı.
O, həmçinin bu il
martın 1-də ölkə başçısının mədəniyyət
xadimləri ilə görüşündən sonra
respublika teatrlarına diqqətin daha da
artdığını vurğuladı.
Sonra direktor mövsümün
ən yaxşı tamaşasının adını
zərfdən çıxardı. Con Patrikin “Qarını öldürməliyik” (quruluşçu rejissor Ukraynadan dəvət edilmiş
Tatyana Şevçenko)
tamaşası mövsümün ən uğurlu səhnə həlli hesab
edildi.
Aktyorlardan Habil Xanlarov “Mövsümün ən xarakterik
obraz ifaçısı”, İlqar
İbrahimov “Mövsümün
ən məhsuldar aktyoru”, Şəhla
Məmmədova “Mövsümün ən
məhsuldar aktrisası”, İlahə Səfərova “Ən perspektivli aktrisa”, teatrda çalışan Hüseynağa
Novruzov “Ən yaxşı texniki
işçi”, Nizami Dadaşov isə “Mövsümün ən işgüzar əməkdaşı”
nominasiyaları üzrə qalib elan edildilər. Bir
müddət əvvəl 60 yaşını qeyd
etmiş Xalq artisti Firudin
Məhərrəmov da yubiley
münasibətilə kollektiv
tərəfindən təntənəli şəkildə
təbrik edildi.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin
rəisi Mehman Şükürov,
teatrın baş rejissoru,
Xalq artisti Firudin Məhərrəmov, Xalq
artisti Valeh Kərimov
çıxış edərək kollektivə ən xoş arzularını çatdırdılar.
Əməkdar artist
Namis Şirməmmədovun məzəli
səhnəciklərdən istifadə edərək qurduğu mərasim zarafatsız da keçmədi. Gənc aktyorlar
teatrın bufetçisini,
mühafizəçisini uğurla parodiya edərək texniki
işçilərin də aktyor üçün ilham
mənbəyi ola bildiyini
vurğuladılar.
Tədbirin sonunda teatrın direktoru
yenidən mikrofon önünə
keçərək kollektivin
səhhətində problem olan
üzvlərinə şəfa dilədi, hər kəsə
cansağlığı arzuladı və bütün
kollektivi sentyabrda yeni mövsümün
açılışında salonda
görmək istədiyini dedi.
Beləcə, Sumqayıt Dövlət Dram Teatrı 50-ci teatr mövsümünü deyə-gülə,
hədiyyə ilə, yeni
ənənənin təməlini qoyaraq yola saldı.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 24 iyul. S. 5.