Musiqili teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.

Xalq artisti, professor Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən müsabiqədə 60-dək iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıb.

Teatrın xor, balet, orkestraktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək belə müsabiqələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda o, bəzi narahatlıq doğuran məqamları qeyd edib: “Əslində, bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmir”.

Diqqətə çatdırılıb ki, iki gün davam edən seçimdə 60-a yaxın iştirakçıdan bir neçə nəfər müsabiqənin tələblərinə, az da olsa, cavab verib. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə Səid Seyidov, Hüseyn Həsənov (qoboy ifaçıları), Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçiliblər.

“Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Bizakademikteatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz, zəngin və maraqlı yaradıcılıq tarixi olan bir sənət məbədində işləmək üçün daha güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”, - deyə Şəfiqə Məmmədova bildirib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarla həmfikir olduğunu bildirərək deyib: “Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Ümidvaram ki, budəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, incəsənətimizin gələcək inkişafına təkandır”.

 

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 5.