Mədəniyyət müəssisələri
rəhbərlərinin peşə səriştələri
artırılır
Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə 22-26 iyul tarixində Lənkəran şəhərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən yeni tədris modulları əsasında növbəti təlim keçirilir.
Təlimlər “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili”, “Kreativ peşə səriştələri”, “Nitq mədəniyyətinin formalaşdırılması” və “Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzularına həsr olunub.
Lənkərandakı Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində keçirilən təlimlərə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzləri filiallarının müdirləri, bədii rəhbərləri və əməkdaşları qatılıb.
MEMİM-in təhsil üzrə direktor müavini Ramazan Şabanov çıxış edərək təlimlərin əhəmiyyətini vurğulayıb. Təlimlərdə dinləyicilər klubların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili qaydaları, klub işinin forma və metodları haqqında anlayış, mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda ödənişli xidmətlərin təşkili, folklor nümunələrinin hüquqi qorunması, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsi və s. mövzularda biliklər əldə edirlər. Kursları kuratorlar Elnarə Hacıyeva və Samirə Cəlilova aparır.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi indiyədək Bakı, Şamaxı və Gəncə şəhərlərində də təlim kursları həyata keçirib.
LALƏ
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 3.