Beynəlxalq ekspedisiya
Damcılı mağarasında tədqiqatları davam etdirir
Qazax rayonundakı “Avey”
Dövlət Tarix-Mədəniyyət Qoruğunun
ərazisində, Daşsalahlı kəndi
yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya
beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar
aparır.
2015-ci ildə
Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə Yaponiyanın Tokio Universitetinin
Daş dövrü
mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi
ilə qoruq ərazisində kəşfiyyat
xarakterli axtarışlar aparmaq
üçün heyət dəvət olunub. 2016-cı ildə Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar başlanıb.
Bu il iyulun
16-dan beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti
qazıntı işlərinə start verib. Ekspedisiyada Tokio Universitetinin
professoru Yoşihiro Nişiakinin başçılığı
ilə Qədim Şərq Muzeyinin, Yapon Elmin
İnkişafı Cəmiyyətinin, Vaseda
Universitetinin, Kanazava Universiteti və digər elmi
mərkəzlərin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və başqa sahələr
üzrə mütəxəssisləri iştirak
edir. Tədqiqat işlərinə
yaponiyalı mütəxəssislərlə yanaşı, Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da cəlb ediliblər.
Aparılan tədqiqatlar
nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə
aid təbəqələr aşkar
olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində
işlədiyi illərdə müxtəlif dövrlərə
aid alətlər, heyvan
sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər.
2018-ci ildə isə Mezolit dövrünə
aid daha yüksək elmi nəticələr əldə olunub. Bu ildən etibarən
qazıntı işləri 3 metrə qədər genişləndirilərək
qayaların alt tərəfində
aparılır.
Qeyd edək ki, indiyə qədər
bu ərazilərdə bu
qədər uzunmüddətli və
ardıcıl elmi tədqiqat işləri
aparılmayıb.
Qədim Daş dövrünə aid
abidə – Damcılı mağarası ötən əsrin
50-ci illərində tədqiq olunmağa
başlanıb. 1956-1957-ci illərdə burada
aparılan tədqiqatlar zamanı Orta Paleolit (Mustye mədəniyyəti),
Üst Paleolit, Mezolit, Neolit və Orta əsrlərə aid materiallar aşkar olunub.
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 4.