“Uğurlarımızı yeni mövsümdə də artırmağa
çalışacağıq”
Lənkəran Dövlət
Dram Teatrı iyulun
16-da Bəhram Beyzayinin “Senemar”
faciəsinin tamaşası ilə 128-ci mövsümünü
başa vurub.
Teatrın direktoru Tofiq
Heydərov bizimlə söhbətində mövsümün
yekunları və gələcək yaradıcılıq
planları barədə danışdı:
- Mövsümü
yaxşı nəticələrlə başa
vurmuşuq. Kollektivimiz ötən ilin noyabrında İran İslam Respublikasının
Həmədan şəhərində keçirilən 25-ci
Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil etdi. Ənənəvi sənət
yarışmasında yazıçı-publisist Əjdər Olun “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə
çıxış etdik.
Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara
köməklik göstərmək kimi nəcib
hisləri aşılayan tamaşamız haqqında
İranın kütləvi informasiya vasitələrində
xəbərlər, məqalələr verildi.
Belçika, İtaliya, Almaniya,
Türkiyə, Norveç, Hindistan,
İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində
Lənkəran teatrı münsiflər heyəti tərəfindən
diplom və xatirə hədiyyələrilə
mükafatlandırıldı. Onu da əlavə edim ki, teatrımız 2017-ci ildə də Həmədan
şəhərində keçirilən 24-cü festivalda Azərbaycanı təmsil etmişdi.
- Son
dövrlərdə İranla mədəni
əlaqələriniz intensiv xarakter alıb...
- Tamamilə doğrudur. İran digər
xarici ölkələrlə müqayisədə
bizə həm məsafəcə, həm də milli dəyərlər baxımından çox yaxındır. Biz
hələ beş il
öncə İran İslam
Respublikasının Teatr Baş
İdarəsi ilə qarşılıqlı münasibətlərin
inkişaf etdirilməsinə dair memorandum imzalamışıq. Bu
sənəddə müştərək tamaşaların
hazırlanması, festivallarda təmsil olunmaq, qastrol səfərlərinə
getmək, təcrübə mübadiləsi keçirmək və
s. əksini tapıb. Memorandumun
şərtləri hər iki tərəfin
iştirakı ilə yüksək səviyyədə yerinə
yetirilib. Bir neçə
dəfə İran teatrlarının
truppaları Azərbaycanda keçirilən festivallara
qatılıblar. Biz də öz
növbəmizdə həm Tehranda
keçirilən Fəcr teatr
festivallarında iştirak etmiş,
həm də Rəşt, Parsabad və s. şəhərlərdə qastrol
səfərlərində olmuşuq. Bir neçə gün öncə
isə - iyulun 8-dən 12-dək Zəncan
şəhərində keçirilən “El”
Milli Teatr
Festivalında Emil Əsgərovun müəllifi
və quruluşçu rejissoru
olduğu “Sehrbazlar dərəsi”
nağıl-tamaşası ilə iştirak
edərək diplom və xatirə hədiyyəsi
ilə mükafatlandırıldıq.
Ötən dövrdə
iranlı rejissorlar Xeyrullah
Təğiyənipur və Qərib Mənuçehri
teatrımızda truppamızın iştirakı ilə iki tamaşa
hazırlayıb. Hər iki tamaşa yüksək dəyərləndirilib.
Onlardan sonuncusu – B.Beyzayinin “Senemar” (quruluşçu rejissor Qərib
Mənuçehri) tamaşası ilə bu
il avqustun 12-dən
19-na kimi Tehran şəhərində
keçiriləcək Milli Ənənə
Teatr Festivalında iştirak
edəcəyik.
- Bu yaxınlarda Lənkəran teatrı ilk dəfə
beynəlxalq festivala da ev sahibliyi etdi...
- Festivalın təəssüratları çox
güman ki, hələ uzun müddət yaddaşlarda
qalacaq. Mədəniyyət Nazirliyi,
Lənkəran Şəhər İcra
Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə təşkilatçılığı
ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramı çərçivəsində iyunun
1-dən 5-nə kimi keçirilən bu tədbirə ölkəmizin 10 sənət
ocağı – Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı,
Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili
Dram Teatrı, Lənkəran Dövlət
Dram Teatrı, Bakı Uşaq
Teatrı, Şəki Dövlət Dram
Teatrı, Gəncə, Qax və Salyan kukla teatrları və
müstəqil “Ol” teatrı
qatılmışdı. Beynəlxalq festivalda
həmçinin Böyük
Britaniyanın “Two Destination
Language” teatrı, Gürcüstanın “Azad” Teatrı, İranın “Muğan
Hünər” və “Mika” teatrları, habelə
“Ünvan” Ərdəbil şəhər
teatrının kollektivləri çıxış etdilər.
Şadıq ki, bütün
sənət kollektivləri yaratdığımız şəraitdən
razı qaldılar.
- Tofiq müəllim, mövsüm ərzində
hazırladığınız tamaşalar barədə nə
deyə bilərsiniz?
- Əvvəlki mövsümlərdə olduğu kimi,
başa çatan mövsümdə də repertuarımız
zəngin olub. Ənənəvi
olaraq həm milli dramaturgiya nümunələrini, həm də xarici müəlliflərin əsərlərini
tamaşaya qoyuruq.
Əziz Nesinin “Manyak”,
T.Abdullayevin “Tilsimlənmiş qız”, M.Bayciyevin “Şənbə axşamı” və B.Beyzayinin
“Senemar” tamaşalarını artıq sənətsevərlərin
ixtiyarına vermişik. Görkəmli
Azərbaycan dramaturqu Cəfər
Cabbarlının 120 illik yubileyinə
töhfə olaraq onun
“Vəfalı Səriyyə” əsərini Sumqayıt Dövlət
Dram Teatrının baş
rejissoru, Xalq artisti Firudin Məhərrəmovun
quruluşunda tamaşaçılara təqdim
edəcəyik. Serb dramaturqu
M.Bulatoviçin “Qodo
gəldi”, V.Əlixanlının “Dənizə baxan
pəncərə” əsərlərini də tamaşaya
hazırlamağı planlaşdırmışıq.
Ağaddin BABAYEV
teatrşünas
Mədəniyyət.-
2019.- 24 iyul. S. 5.