Tanınmış
şair və dramaturq
Kəmalə Ağayeva vəfat edib
Azərbaycan mədəniyyətinə
itki üz vermişdir. Tanınmış şair, dramaturq, Əməkdar
incəsənət xadimi, Əməkdar mədəniyyət
işçisi, Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan
Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsü
Kəmalə Ağa qızı Ağayeva 2019-cu il iyul ayının 18-də vəfat etmişdir.
Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində
anadan olmuşdur.
1953-57-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır. Sonra uzun illər pedaqoji fəaliyyət göstərmiş,
fransız dilindən dərs demişdir.
Müxtəlif vaxtlarda C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrında və Naxçıvan
Dövlət Kukla Teatrında ədəbi
hissə müdiri vəzifəsində
çalışmış, 2002-2005-ci illərdə “Ümid çırağı”
jurnalının baş redaktoru
olmuşdur.
Fəal bədii
yaradıcılığa 1957-ci ildən başlamış Kəmalə
Ağayeva “Azərbaycan” jurnalında “Hilal olaydım” adlı ilk
mətbu şeiri dərc edilmişdir.
Ədibin “Məhsəti”, “İsmət”, “O, bizim
dağların oğludur”, “Mənim
tanrım gözəllikdir, sevgidir”,
“Apardı sellər Saranı”, “Göyçək Fatma”,
“Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya
qoyulmuş, efirdə səslənmiş,
tamaşaçıların və dinləyicilərin rəğbətini
qazanmışdır.
Kəmalə Ağayeva bədii tərcümə ilə də
məşğul olmuş, fransız
şairləri Pol Elüar,
Pol Verlen, Lui Araqon və b. əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Həmçinin
ictimai fəaliyyəti ilə də
tanınmış, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin (1965-1983), Azərbaycan
Yazıçılar Birliyinin Təftiş
komissiyasının (1981-1983) və Kitabsevərlər cəmiyyəti
idarə heyətinin üzvü,
Naxçıvan Şəhər Sovetinin
deputatı (1982), keçmiş ittifaq respublikalarında, xarici
ölkələrdə keçirilmiş müxtəlif ədəbiyyat
tədbirlərinin, görüşlərin
iştirakçısı olmuşdur.
“Baharın sözü”, “Gül
yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”,
“Daş piyalə”, “O dağlarda
gözüm qaldı”, “Vətənə
sevdalıyam”, “Qönçələr” və digər
maraqlı kitabları ədibə geniş
oxucu auditoriyası
qazandırmışdır.
Yaradıcılığı
oxucularla yanaşı, dövlət tərəfindən
də yüksək qiymətləndirilmişdir. 1984-cü ildə
Əməkdar mədəniyyət işçisi,
2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adlarına, 2003-cü ildə isə
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünə layiq görülmüşdür.
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi
Kəmalə Ağayevanın vəfatı ilə bağlı
mərhumun yaxınlarına və əzizlərinə dərin
hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 6.