Zərdabinin
maarifçilik yolunun davamçısı
XIX əsrin ikinci yarısı xalqımızın mədəni
həyatında baş verən bir sıra yeniliklərlə
müşayiət olunub. 1873-cü ildə milli peşəkar
teatrın yaranması, 1875-ci ildə “Əkinçi” qəzeti
ilə milli mətbuatın əsasının qoyulması
milli-mədəni mühitdə
müstəsna əhəmiyyətə malik idi.
Bu inqilabi yeniliklərdə görkəmli maarifpərvər
ziyalı, ictimai xadim Həsən bəy Zərdabinin
böyük rolu olub. “Əkinçi” qəzeti 1877-ci ildə
bağlandıqdan sonra Həsən bəy 1880-ci ildə təhdid
və təqib üzündən ata yurdu Göyçay qəzasının
Zərdab kəndinə köçür. Burada
ömür-gün yoldaşı Hənifə xanımla birlikdə
maarifçilik işini davam etdirirlər. Öz mənzillərində
məktəb açır, təmənnasız olaraq kənd
uşaqlarına təhsil verirlər.
1896-cı ildə ailənin bir qız övladı
dünyaya göz açır. Adını Qəribsoltan
qoyurlar. Körpənin ayağı uğurlu olur. “Kaspi” qəzetinin
rəhbərliyi Həsən bəyi işə dəvət
edir. Beləliklə, onlar yenidən Bakı şəhərinə
dönür, “Kaspi” qəzetinin kirayə etdiyi altı
otaqlı mənzildə məskunlaşırlar...
Qəribsoltanın uşaqlıq və gənclik illəri
Bakı şəhərində keçir. O, “Atam haqqında
xatirələr” kitabçasında yazır: “Evimiz həmişə
kənar adamlarla dolu olurdu. Onlar
öz işləri üçün Bakıya, atamın
yanına gələn tanış kəndlilər idilər...”.
Qəribsoltan daha sonra yazır ki, görkəmli rus ədibi
Maksim Qorki və məşhur müğənni Fyodor
Şalyapin də bu evdə qonaq olub.
Başda milyonçu, xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev olmaqla, Azərbaycanın iş
adamlarının maliyyə dəstəyi ilə 1901-ci ildə
Bakıda qız məktəbi açılır. Hənifə
xanım məktəbin müdiri təyin olunur. Qəribsoltan
ibtidai təhsilini bu məktəbdə alır. Sonra Tiflis
şəhərində Rus qız gimnaziyasında təhsilini
davam etdirir.
Həsən bəy 1907-ci ilin 28 noyabr tarixində vəfat
edir. Böyük maarifçinin xalqımızın parlaq gələcəyi
naminə reallaşdırmaq istədiyi idealları
yarımçıq qalır... Qəribsoltan Məlikova
kiçik yaşlarından ata-anasının maarifin, təhsilin
inkişafı istiqamətində böyük səylə
çalışdıqlarının şahidi idi. Bu xeyirxah əməllər
onun uşaq yaddaşında əbədi həkk olunmuşdu. Qəribsoltan
xanım da atasının ənənəsini davam etdirmək
üçün 1910-cu ildə Bakıya dönür. Pedaqoji fəaliyyətə
başlayır. 1915-1918-ci illər arası rus-tatar qız məktəbində,
1918-1920-ci illərdə rus qız gimnaziyalarında Azərbaycan
dilini tədris edir. O, işləyə-işləyə
pedaqoji kursa gedir. İbtidai məktəb müəllimi adı
almaq üçün 1938-ci ilin 4 noyabr tarixində attestat
alır.
Q.Məlikova 1956-cı ilədək Bakının bir
sıra orta məktəblərində dərs deyib. Azərbaycan
elm və mədəniyyətinin inkişafındakı xidmətlərinə
görə ona 1948-ci ildə Əməkdar müəllim
adı verilib, Lenin ordeni ilə təltif edilib. Qəribsoltan Məlikova
1967-ci il mart ayının 9-da Bakıda dünyasını dəyişib.
S.FƏRƏCOV
Mədəniyyət.-
2019.- 24 iyul. S. 6.