“Mən
öləndən sonra xoşbəxt idim”
Xalq artisti Həmidə Ömərovanın yenicə
işıq üzü görmüş “Mən öləndən
sonra xoşbəxt idim” kitabına yazdığı ön
söz məni hələ 30 il bundan öncə
ağlatmışdı. Həmidə xanım göz
yaşları içində atasının ona vəsiyyət
olaraq qoyub getdiyi gündəliyini
oxuyurdu mənə həmən o gün.
Sonralar sənətkarımızın mətbuatda
vaxtaşırı çıxan hekayələrini oxuyanda, onu
gözəl aktrisa olmaqla yanaşı, istedadlı
yazıçı kimi də qəbul edib qələminin,
sözünün sehrinə heyranlığımı
bölüşürdüm.
Çox vaxt bu hekayələri mətbuat səhifələrində
görəndə düşünürdüm ki, niyə
görə Həmidə Ömərovanı
yazıçı kimi hələ də geniş oxucu kütləsi
tanımır. Ona görə də o, yenicə çapdan
çıxan kitabını mənə verəndə Həmidə
Ömərovanın əsərlərini oxumaq imkanı qazanan
oxucuların əvəzinə də sevindim. Onu da qeyd edim ki,
bu kitabı əlimə almağım artıq neçə
gün idi ki, məni məşğul edən bir halın
formulunu axtardığım məqamla üst-üstə
düşdü və kitabın adı – “Mən öləndən
sonra xoşbəxt idim” məni diksindirdi. Həyat formulunu əks
etdirir bu iddia. “Mən öləndən sonra xoşbəxt
idim” bizi “Ol” deyib yaradan Tanrından gələn vəhy kimi səslənir,
çünki öləndən sonra xoşbəxt
olmağın mənası dərindir və ona görə də
bu iddianı həm də Həmidə xanımın bir sənətkar
olaraq vəhy halı kimi dəyərləndirdim...
Avtobioqrafik hekayələrdən ibarət olan kitab həm
də katarsis mahiyyətlidir. Həmidə Ömərova cəmiyyətin
yaralarını sağaltmaq missiyası olan bir şəxsiyyət kimi yazıb bu əsərlərini.
Hekayələrdən əlavə kitaba “Mən öləndən
sonra xoşbəxt idim” adlı bir ssenari də daxil edilib ki, bu
ssenarini ekranda görmək arzumun da ürəyimdə
qalmamasını istəyirəm.
Müəllifin kitaba yazdığı “Son söz əvəzi”
hissəsindəki müraciəti də sənətkar səmimiyyətini və oxucusuna məhəbbətini
əks etdirir: “Mən bu kitabda 15-20 ildə yazdığım
hekayələrimin çox az bir hissəsini və kinossenarimin
birinci hissəsini nəşr etdirirəm… Bilmirəm… Bəlkə
bu mənim ilk və son bədii kitabım olacaq… Amma əminəm
ki, iki oxucum mütləq məndən razı qalacaqdır...”
P.S. Burda adıçəkilən iki nəfər millət
vəkili Aydın Mirzəzadə və yazıçı
Əli Əmirlidir. Məhz
onların “Həmidə, kitab, kitab çıxar!” deyə
aramsız təkidiylə işıq üzü görən
bu balaca kitabın içində Həmidə Ömərovamızın
xalqına böyük məhəbbəti aşkar göründüyü
üçün bu təkid vacib imiş.
Sədaqət KAMAL
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 6.