Zamanı “dayandırma” sənəti

 

Fotoqrafiya zamanı dayandırma sənətidir. Məhz bu sənət vasitəsilə insan həmin an yaşadığı hisslərə geri dönüb, o duyğunu xatırlayır. Bəzən yüzlərlə sözün izah edə bilmədiyi fikri bir fotoşəkil izhar edir. Bu bir az da şəklə baxan insanın ona hansı mənaları yükləməsindən asılıdır...

Tarixdə çəkilmiş ilk fotoşəkilin müəllifi Josef Nies hesab olunur. O, 1826-cı ildə Vorenes qəsəbəsində yerləşən evinin həyətini çəkmişdi. Josef bu şəkil üçün 8 saat vaxt sərf etmişdi. O, ilk olaraq evinin 2-ci mərtəbəsində otağın divarına işığın təsir edə biləcəyi kimyəvi məhlul çəkir, otağın pəncərələrini taxta ilə bağlayır. Ancaq açdığı kiçik dəlikdən keçən işığın divardakı kimyəvi məhlula nüfuz etməsi ilə ilk fotoşəkil ərsəyə gəlir.

Əslində, J.Niesdən əsrlər öncə yaşamış alimlər buna bənzər təcrübələr həyata keçirmişdilər. Şərqin görkəmli alimlərindən olan İbn əl Heysəm X əsrdə optik mövzuda araşdırmalar aparan ilk şəxs kimi adını tarixə yazdırıb. O, “Kitab əl-mənazir” əsərində “qaranlıq otaq” adlandırdığı təcrübənin izahını verib. Məşhur italiyalı rəssam Leonardo da Vinçibu təcrübəni təkrarlayıb, hətta ona latın dilində ad da verib: “camera obscura”. “Cameraotaq, “obscura” qaranlıq deməkdir.

Girolamo Cardano “qaranlıq qutu”dakı deşiyə lupa əlavə edərək əks olunan şəklin daha dəqiq təsvir olunmasına nail olub. Yohanes Kepler “qaranlıq qutuya güzgü əlavə edib. Yohan Zanq isə qutuya qısa və uzun obyektivlər artırıb. Govanni Baptista Laporta “Təbiətin sehri” əsərində “qaranlıq qutu” təcrübəsinin rəsm əsəri yaratmaqda da istifadə oluna biləcəyini qeyd edib. Onun fikrincə, əgər şəkil çəkə bilmirsinizsə, qaranlıq qutu ilə onun eskizini yaradın, sonra isə eskizin üzərində rəngləmə işi aparın. Bu üsuldan sonralar rəssamlar da istifadə ediblər. Hollandiyalı rəssam Yohanes Vermer əsərlərinin bir çoxunu qaranlıq qutudan istifadə edərək çəkib...

 

***

 

Azərbaycan fotoqrafiyasının tarixini araşdıran mərhum yazıçı Sara Nəzirovanın araşdırmasına görə, ölkəmizdə ilk foto 1861-ci ildə çəkilib. Bu, Rusiya ekspedisiyasının tərkibində gəlmiş kapitan-leytenant A.F.Ulskinin çəkdiyi “Bakı buxtası”dır. Onun şəkilləri içərisində “Fatmayı kəndi”, “Qız qalası”, “Şirvanşahlar sarayının məscidi”, “Qala divarları” yer alır. Həmin şəkillər Tbilisi arxivində saxlanılır. Rus fotoqrafetnoqraf Dmitri İvanoviç Yermakovun da Bakı ilə bağlı 50-dən artıq fotosu olub.

Azərbaycanda fotoqrafiya sənətinin inkişafından danışanda ilk olaraq 1884-cü ildə Ukraynadan Bakıya gəlmiş fransız əsilli Aleksandr Mişonun adını çəkmək lazımdır. Onu da qeyd edək ki, A.Mişon eyni zamanda ölkəmizdə kinematoqrafiyanın əsasını qoyub (1898). O, həmçinin fotoqrafiyanı incəsənətin bir növü kimi tanıtmaq üçün böyük işlər görüb. A.Mişon 1890-cı ildə Realnı məktəbin direktoru ilə birlikdə “Bakı fotoqraflar dərnəyi”ni təsis etmək üçün nizamnamə yazaraq PeterburqaRusiya Daxili İşlər Nazirliyinə göndərib. Dörd il gözləyəndən sonra dərnək rəsmən fəaliyyətə başlayıb. İlk dövrlər dərnəyə təhsil ocağının direktoru rəhbərlik edib. Mişon özü isə təşkilatın katibliyində çalışıb. 1905-ci il inqilabından sonra Bakıda böyük gərginliklər yaşanıb, bu dövrdə Mişonun studiyası iki dəfə qarət olunub. Uzun sürən çəkişmələrdən sonra, 1908-ci ildə Mişon Azərbaycanı tərk edib.

Sovet dövrünün ilk azərbaycanlı fotoqrafı isə məşhur Hacınskilər nəslinin nümayəndəsi Əzizbala Hacıyev hesab olunur. O, milyonçu İsa bəy Hacınskinin Bayıl zonası üzrə əmlakının işlər müdiri olub. Sonra fotoqraf Zelinski ilə aralarındakı dostluq əlaqələrinə görə emalatxana açıb, şəkil çəkməklə məşğul olub. Sovet dövrünün tələblərinə görə, fotoqrafçılıqla məşğul olmaq üçün xüsusi razılıq almaq lazım idi. O zaman Bakı şəhərində fəaliyyət göstərən fotoqrafların əksəriyyəti yəhudi və ruslar idi. İşə başladıqdan bir müddət sonra Əzizbala Hacıyev Bayılda kiçik torpaq sahəsi alıb şəxsi fotostudiyasını açmağa müvəffəq olur. Studiyaya aid bütün avadanlıqları, hətta foto kağızları Almaniyadan sifariş edir.

Ötən əsrin 60-70-ci illərində Hüseyn Hüseynzadə, Yaşar Xəlilov, Rafiq Tağıyev, Əhməd Qaragözov kimi tanınmış fotoqraflar olub. SSRİ dağılandan sonra fotoqrafiyanın təbliğində də bir boşluq yaranır. Ancaq buna baxmayaraq, 1993-cü ildə tanınmış kinooperator Rafiq Qəmbərov Azərbaycan fotoqraflarının çəkdiyi fotoları bir yerə toplaya bilir. Bunun nəticəsi olaraq 1995-ci ildə Fransanın Nant şəhərində gerçəkləşən müsabiqədə ilk dəfə Azərbaycan fotoqrafiyasına həsr olunmuş sərgi keçirilir.

Orada Azərbaycan fotoqraflarının çəkdiyi 100-dən artıq şəkil nümayiş etdirilir.

 

***

 

Çağımızda keyfiyyətli fotoşəkil çəkməyin bir neçə alternativ yolları mövcuddur. Hər bir kəs telefon, planşetya fotoaparat vasitəsilə şəkil çəkmək imkanına sahibdir. Buna baxmayaraq, yenə də fotoqrafiya bir sənət kimi yaşamaqda davam edir.

Bu gün müxtəlif ölkələrdə çəkilən bəzi fotoşəkillərin qiymətlərinə baxdıqda fotoqrafiyanın bahalı bir sənət olduğunu da söyləmək mümkündür. Məsələn, bir fotoşəkilə on, hətta yüz minlərlə dollar verənlər tapılır. Məsələn, amerikalı fotoqraf Edvard Steichen tərəfindən 1904-cü ildə çəkilmiş “Ay işığı” fotosu 2006-cı ildə hərracda 2,9 milyon dollara satılıb. Fotonun ən böyük özəlliyi onun rəngli formada çəkilmiş ilk şəkillərdən biri olmasıdır. Bu qəbildən digər bir əsər amerikalı məşhur fotoqraf Andreas Gursky tərəfindən 1998-ci ildə çəkilmiş “Los-Ancelesfotosudur. Bu foto da 2,9 milyon dollara özünə müştəri tapıb. Andreas Gursky tərəfindən 1999-cu ildə çəkilən növbəti foto  Rhein II” 2011-ci ildə 4,3 milyon dollara satılmışdı. Qeyd edək ki, bu, dünyada satılan ən bahalı fotodur.

Sənət daim inkişaf etdiyi üçün daha qiymətli fotoların ortaya çıxması təəccüblü deyil. Yazımızı məşhur fransalı fotoqraf Henri Cartier-Bressonun sözləri ilə bitiririk: “Fotoşəkil çəkmək insan ağlının, gözününruhunun bir bütün halında fəaliyyətidir”.

 

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 6.