TÜRKSOY-un Gənclər xoru Avropa turuna
çıxıb
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un
Gənclər xoru Avropa ölkələrinə qastrol turuna
çıxıb. Kollektiv turun ilk
dayanacağı olaraq iyulun
18-də Bolqarıstanın Plovdiv
şəhərində türk musiqisinin məşhur
əsərlərindən ibarət konsert
proqramı ilə çıxış edib.
Türk dünyası mədəniyyətinin musiqi ənənələrini beynəlxalq
aləmdə nümayiş etdirən TÜRKSOY-un Gənclər xorunun
konserti 2019-cu ildə Avropanın
“Mədəniyyət paytaxtı” olaraq
seçilən Plovdivin
mərkəzindəki Roma stadionunda
gerçəkləşib.
Konsertdə Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və
Türkmənistanın nəğmələri
səsləndirilib.
Plovdiv sakinləri və xarici turistlərin maraqla izlədikləri musiqi
şənliyindən sonra Türkiyənin
şəhərdəki baş konsulu Hüseyn Ergani tərəfindən rəsmi qəbul
təşkil olunub.
Mərasimə şəhərin yerli hakimiyyət orqanlarının
əməkdaşları, diplomatlar, biznes, mədəniyyət və sənət
dairələrinin nümayəndələri qatılıb.
İyulun 21-də isə xor kollektivi
Serbiyanın Novi Sad
şəhərində türk
dünyası musiqi
əsərlərindən nümunələrlə sənətsevərlərin
qarşısına çıxıb. Konsert 50-dək
ölkədə mərkəzi olan və TÜRKSOY-la əməkdaşlıq
çərçivəsində layihələr həyata
keçirən Türkiyənin Yunus
Əmrə İnstitutunun 10 illiyinə
həsr edilib. İfaları ilə
yanaşı türk dünyasına xas milli geyimləri ilə
də diqqətçəkən xor kollektivi yaddaşlarda
qalacaq konsertə imza
atıb. “Qara torpaq”, “Uzun, incə bir yoldayam”, “Dağlarda
çiçək” və s. bu kimi Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və Türkmənistanın musiqi
əsərlərinin səsləndirildiyi konsert
böyük maraqla
qarşılanıb.
TÜRKSOY-un Gənclər xorunun səfər turunun növbəti dayanacağı iyulun 22-də Çernoqoriyanın (Monteneqro) Budva
şəhəri olub. 1 avqust
tarixinə qədər davam edəcək tur zamanı kollektiv Cetinje, Dubrovnik, Triqor, Lissabon
şəhərlərində də çıxış
edəcək.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 8.