Şəki Xan sarayı
rəsmlərinin estetikası haqqında
XVIII əsr Azərbaycan
memarlığının incilərindən sayılan Şəki
Xan sarayı həm də özünəməxsus
estetikası olan süjetli və ornamental kompozisiyalı divar rəsmləri
ilə məşhurdur, desək, yanılmarıq.
Belə ki, sarayın hər iki mərtəbəsinin
mərkəzi zalları və ikinci mərtəbənin yan
otaqlarının bütün divarları, taxçalar,
divarlardan tavanlara stalaktit formalı keçidlər və
tavanlar rəsmlərlə bəzədilmişdir. Saraya
xüsusi gözəllik verən ecazkar şəbəkələrin
qonşuluğunda qərarlaşan divar rəsmləri dörd
qrupa bölünür. Nikbin koloriti ilə
diqqətçəkən bu rəsmlər arasında həndəsi
və nəbati naxışlı kompozisiyalara, süjetli
naxışlara, heyvan, eləcə də bitki və
heyvanların birgə görüntüyə gətirildiyi təsvirlərə
rast gəlmək mümkündür. Əlvanlığı
elə ilk baxışdan duyulan bu təsvirlərin cəlbediciliyinin
əldə olunmasında onun yaradıcıları
qızılı, firuzəyi, qırmızı, bənövşəyi
və sarı rənglərdən ustalıqla istifadə
etmişlər.
Sarayın interyerində yer almış rəsmləri
şərh etməzdən əvvəl deyək ki,
bütün parametrlərinə görə cəlbedici olan bu
sarayın fasadında da onun bədii tutumunu zənginləşdirə
biləcək bədii elementlər az deyil.
Sqrafitto üsullu və relyefli rəngli
üzlüklə işlənmiş həndəsi və nəbati
naxışlar, stalaktitli tağlar və rəngarəng
yığma şəbəkələr sarayın fasadına
xüsusi gözəllik və özünəməxsusluq bəxş
etmişdir.
Şəki Xan sarayının interyerlərindəki
ən qədim rəsmlər təbii olaraq onun tikildiyi XVIII əsrə
aiddir. Sarayın ikinci mərtəbəsinin əsas
zalının tavanında rast gəlinən “Abbasqulu”
imzasının da həmin rəsmlərin müəllifinə
aid olduğu ehtimal olunur. Bir çox mənbələrdə
onun həm də sarayın memarı olduğu bildirilir, bəzi
müəlliflər, o cümlədən saray barəsində
elmi tədqiqat əsəri yazmış Leonid Bretanitski isə
bu unikal tikilinin şirazlı Zeynalabdinin təxəyyülünün
məhsulu olduğu qənaətindədir.
Zamanın axarında sarayın interyerini bəzəyən
təsvirlər müxtəlif səbəblərdən dəyişikliyə
məruz qalmışdır. Divar rəsmlərinin
binanın istismara verilərkən çəkilmiş ilkin
variantı sonradan XIX əsrdə dəfələrlə bərpa
edilmiş, bəzi təsvirlər isə tamamilə yenidən
işlənilmişdir. Bu səbəbdən
də oradakı rəsmlərin bir neçə rəssam tərəfindən
ərsəyə gətirildiyini söyləmək olar.
Araşdırmalar burada XVIII əsrdə Abbasqulunun, XIX əsrin
ilk qərinəsində (1819-1820) bir avropalı rəssamın,
XIX əsrin sonlarında (1895-1896) isə şamaxılı rəssamlar
Mirzə Cəfər, Əliqulu və Qurbanəlinin, XX əsrin
başlanğıcında (1902) şuşalı Usta Qənbər,
onun qardaşı Səfər, oğlu Şükürün
çalışdıqlarını təsdiqləyir. İnteryerdə yer almış divar rəsmlərinin
müxtəlif yerlərində onların adlarına rast gəlmək
mümkündür. Qənaətimizcə,
sarayın istifadəyə verildiyi anda onun interyeri süjetli və
ornamental kompozisiyalarla örtülsə (birinci mərtəbədə
rəsmlərin çəkilməsi nəzərdə tutulan
yerlər indiyə qədər qalmaqdadır) də, zamanın
axarında – XX əsrdə bir neçə dəfə əsaslı
və nisbi bərpalara məruz qalmışdır. Azərbaycan monumental divar rəsmlərinin tədqiqatçısı
N.Miklaşevskayanın qənaətincə, bu tərtibat
müxtəlif – üç dövrdə ərsəyə gətirilmişdir.
Bu, sarayın tikildiyi və erkən rəsmlərin çəkildiyi
XVIII əsrin ikinci yarısı, XIX əsrin sonu – XX əsrin
lap əvvəlində gerçəkləşən
Qarabağ və Şamaxı rəssamlarının fəaliyyəti
dövrü, eləcə də XX əsrin ortalarında və
ikinci yarısında aparılan yaradıcı-bərpa işlərinin
həyata keçirildiyi dövrdür. Erkən
rəngkarlığa stalaktitlərdə, tavanlarda və
qapılarda, sonrakı dövrdə əlavə olunan rəsmlərə
giriş qapılarının və mərtəbələrdəki
zalların bəzi yerlərində, ən nəhayət, XX əsrin
bəzəklərinə isə yan otaqlarda rast gəlmək
mümkündür.
Yeri gəlmişkən deyək ki, sovet
dönəmində unikal memarlıq abidəsi kimi hökumətin
diqqətində olan Şəki Xan sarayı Moskva və Azərbaycan
sənətşünas və bərpaçılarının
diqqət mərkəzində olmuşdur. 1939-1940-cı
illərdə Dövlət Tretyakov Qalereyasından (Moskva) dəvət
olunan Y.A.Dombrovskinin rəhbərlik etdiyi bərpaçılar
dəstəsi isə sarayın interyerini bəzəyən ilk
rəsmlərin üzə çıxarılmasını həyata
keçirmişdir. Burada aparılan rəng
qatının və müəyyən yerlərdəki yeni əlavələrin
əsaslı təmizlənməsindən sonra XVIII əsrə
aid rəsmlərin orijinalları: birinci mərtəbə
zalındakı taxta plafonun fraqmentləri, stalaktitləri
örtən mavi çalarlı rəsmlərin hissələri,
ikinci mərtəbədə məşhur ov (təxminən 50
sm) və döyüş (təxminən 200 sm) motivli frizlərin
böyük hissələri və digər rəsmlər
üzə çıxarılmışdır. Aparılan
işlər nəticəsində XVIII əsrdən XX əsrə
kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək
mümkün olmuşdur. Saraydakı divar rəsmlərinin
müəlliflərinin hamısının adını müəyyən
etmək mümkün olmasa da, burada Usta Qənbərin
hansı işləri gördüyü dəqiqləşdirilmiş
və surətləri çıxarılmışdır.
Bunları 1929-1935-ci illərdə Z.Boqoslavskaya və
V.Kvitko, 1945-ci ildə isə N.Miklaşevskaya yerinə
yetirmişlər. Həmin rəsmlərin
sırasında iki “Ov səhnəsi”nin, “Süsənlər”in,
“Döyüş səhnəsi”nin, “Güldanda gül”ün və
çoxsaylı nəbati naxış kompozisiyalarının
adını çəkmək olar.
Əlavə edək ki, zamanın axarında sarayın
ecazkar şəbəkələrlə əhatələnmiş
və icra sənətkarlığına görə fərqlənən
təsvirlərinin koloriti də müəyyən qədər
dəyişmiş, əvvəlcə çox
parlaq-işıqlı, sonra bir qədər tünd
çalarla əvəzlənmiş, ən nəhayət,
axırıncı yenilənmələrdə də ümumi
koloritdəki nikbinliyin qorunub saxlanılmasına səy
göstərilmişdir. Başqa sözlə desək, əvvəlki
şux-əlvan çalarlı rənglərin yerini daha
tünd-kərpici, qırmızı, yaşıl, qara, çəhrayı
və ağ boyalar tutmuşdur. Əgər ən köhnə rəsmlərdə
miniatür üslubunun qabarıqlığı, yeni rəsmlərdə
onların bir qədər yeniləşməsi duyulsa da,
bütünlükdə, onları bədii həllin
dekorativliyi birləşdirir.
Şəki Xan sarayının bədii tərtibatını
ov və müharibə səhnələri, eləcə də
nəbati və həndəsi ornamentli kompozisiyalar təşkil
edir. Əgər ornamentli kompozisiyalara
sarayın hər iki mərtəbəsində rast gəlmək
mümkündürsə, ov (uzunluğu 450 sm) və müharibə
səhnələri (uzunluğu 1200 sm) yalnız onun yuxarı mərtəbəsindədir.
Bu süjetli kompozisiyalar çoxfiqurludurlar.
Zalın sol divarındakı frizdə beş
süjet yer alıb. Burada pələnglə
ceyranın yaralanması, maralın ovlanması, əjdaha ilə
mübarizə, başqa bir ceyranın hədəfə tuş
gəlməsi və gəncin başçılıq etdiyi
atlılar təsvir olunub. Bu səhnələrin
hər birində dörd-beş nəfərin
iştirakını görmək mümkündür. Zalın üzbəüz divarındakı frizi də
yuxarıda adlarını çəkdiyimiz süjetlər təşkil
edir. Aşağı mərtəbədə özündə
zamanında müqəddəs qəbul olunan – stilizə
olunmuş tovuz quşlarının mərkəzdəki
”Həyat ağacı”na yönəli təsvirini
yaşadan panno da diqqətçəkəndir.
Şəki xanlarının düşmənlərinə
qarşı apardıqları döyüşlərdən
müxtəlif səhnələr isə zalın qərb və
şərq divarlarını tutur. Təsvirin
detal və atributlarına əsasən demək olar ki, qərbdə
qoşunun ilk hücumu, şərqdə isə onun
döyüş meydanından qayıdışı əks
olunub. Qalan hissədə – zalın
şimal tərəfində (kiçik otaqlara açılan
qapıların üzərində) isə gərginliyi duyulan
döyüşlərdən fraqmentlər çəkilib.
Sarayda yer almış rəsmlərin
mövzusunun XVIII-XIX əsrlərdə Şəki
xanlarının həyatında baş verən hadisələrdən
– sarayın sifarişçisi Hüseyn xanın
apardığı döyüşlərdən
qaynaqlandığı birmənalıdır. Qeyd edək ki,
Şəkinin sonuncu hökmdarlarından biri olan Fətəli
xanın oğlu Kərim ağa Fatehin “Şəki
xanlarının qısa tarixi” kitabındakı əhvalatların
divar rəsmlərinin cəlbedici süjetləri ilə
üst-üstə düşən məqamları kifayət qədərdir...
Sarayın “naxış seli”nə bələnmiş
qibtəedici interyerində onun plafonlarının
daşıdıqları estetik tutumun rolu da duyulandır. Tikilinin
iki əsas zalının hər birindəki iki, ikinci mərtəbənin
yan otaqlarının hər birindəki bir plafon bu mənada
diqqətçəkəndir. İkinci mərtəbədəki
zalın şimal plafonunun əsas sahəsini böyük və
işıqlı medalyon tutur. Öz
növbəsində onun da ortasında bir qədər
kiçik-naxışlı medalyon yer almışdır.
Onunla Mehmandarovun evinin (Şuşa)
kiçik otağı və ev məscidinin plafonları
arasında oxşarlığın mövcudluğu bizə hər
iki tərtibatın Usta Qənbər tərəfindən yerinə
yetirildiyini ehtimal etməyə əsas verir. İkinci
mərtəbənin yan otaqlarındakı plafonlarla Şəkixanovların
evindəki zalın plafonlarının oxşar ortaq-oval plafona
malik olmalarını da səbəbsiz saymaq olmaz.
Ümumi bədii tutumuna görə onlar əsas zalların
plafonlarından bir qədər geri qalsalar da,
bütünlükdə onların ağ
yerliyində mavi budaqlarla əlaqəli verilmiş quş və
heyvan təsvirləri kifayət qədər cəlbedici
görünür.
Şuşadakı mülklərin
buxarılarının bədiiləşdirilməsindəki məziyyətləri
Şəki xan sarayında da izləmək
mümkündür. Sarayın ikinci mərtəbəsində
– interyerin əsas hissəsində eninə yerləşən
dekorativ buxarının gözəl şəkillərlə bəzədilmiş
görkəmində zalın ümumi aurası ilə həmahəng
səsləşən bədii məqamlar kifayət qədərdir.
Buxarının yanlarındakı yuxarısı
bəzəkli stalaktitli taxçalarda yer almış
süjetli kompozisiyalar – Nizami Gəncəvi “Xəmsə”sinin qəhrəmanlarının
təsvirləri də məkanın
aşıladığı
duyğulandırıcılığı gücləndirir,
desək, yanılmarıq. Divarlar boyu qərarlaşan
müxtəlif ölçülü taxçalarda yerləşdirilmiş
“vazada güllər” kompozisiyası, heyvan və quş təsvirləri
də interyerin ümumi görkəminin zənginləşməsinə
xidmət edir. Salonun bəzək zənginliyi duyulan
plafonundakı nəbatat aləmini və qanadlı
yarıçılpaq qadını əks etdirən təsvirlərin
bədii həlli də onları əhatələyən
süjetli-ornamental tutumla gözəl səsləşir...
Əgər bu rəsmlərin bədii məziyyətlərini
dəyərləndirməli olsaq, onda burada miniatür
üslubu prinsiplərin yeniləşmiş təqdimatının
yoxluğu və üst-üstə sıralanmadan nisbi istifadə
ilə yanaşı, rəng həllinin şərti-dekorativ
tutumunu və dinamikliyin qabarıqlığını şərtləndirən
real-gerçəkçi bədii şərhin mövcud
olduğunu deyə bilərik.
Müxtəlif tutumlu təsvirlərin
ümumi estetikasında bədii ümumiləşdirmələrlə
yanaşı, sarayın digər rəsmləri ilə təzad
təşkil edən – realizm bədii ənənələrinə
tapınan yaradıcılıq nümunələrinə də
rast gəlinir. Sarayın birinci mərtəbəsindəki
zalın mavi çalarlı stalaktit karnizləri üzərində
təsvir olunmuş ayrı-ayrı motivlərin bələndiyi
real-gerçəkçi estetika, onların yerli yox, Avropa rəssamlığına
bələd sənətkar tərəfindən çəkildiyini
söyləməyə əsas verir. Tanınmış sənətşünas
Boris Denike saraydakı həmin təsvirləri Çin rəssamlığına
aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: “Bu rəsmlərdə
Çin incəsənəti ilə, xüsusən ağ-mavi
farfor təsvirləri ilə əlaqəsini görməmək
mümkün deyil”.
XIX əsrdə Qafqazın Rusiyaya birləşdirilməsi
hadisələrinin bilavasitə iştirakçısı olan
ispaniyalı inqilabçı Xuan Van Qalen xatirələrində
Şəkidə olmasından söz açmış və
sarayın birinci mərtəbəsindəki məişət
tutumlu realist rəsmlərin italiyalı əsgər tərəfindən
çəkildiyini qeyd etmişdir. Onun yazdıqlarına
görə, çin ruhunda işləyən həmin əsgər
1819-1820-ci illərdə sarayda olmuş və burada bir neçə
rəsm çəkmişdir...
Sarayın ümumi
memarlığının onun eksteryerini və interyerini
süsləyən bəzək elementləri – monumental rəsm,
ornamental kompozisiya və şəbəkə ilə vəhdətinin
yaratdığı qeyri-adi gözəlliyin kökündə
sadalanan bədii vasitələrin duyğulandırıcı vəhdətinin
əldə olunması durduğundan, memarla təsviri və
dekorativ-tətbiqi sənət ustalarının birgə
yaradıcılığının məhsulu olan tikili unikal
qürurverici mənəvi qaynaq kimi qəbul olunur.
Üç divarın
daşıdığı təsvirli zəngin estetik tutumu
tikilinin fasadını təşkil edən əlvan şəbəkənin
uğurla tamamlamasının nəticəsidir ki, məkan sənətlərin
sintezinin uğurlu sonluğu kimi qəbul olunur. Dünya
şöhrətli türk şairi Nazim Hikmətin söylədiyi
“Əgər Azərbaycanın başqa qədim tikililəri
olmasaydı, bircə Şəki Xan sarayını dünyaya
göstərmək bəs edərdi” deyimində də məhz
tikiliyə verilən yüksək dəyər hifz olunur...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 1;7.