“Milyonçu qadın”la görüşmək üçün...

 

Həyatda milyonçu qadınla rastlaşmısınız? Yox? İşdir, belə bir qadınla, özü də cavan və yaraşıqlısı ilə rastlaşsanız və onunla uzunmüddətli ünsiyyət saxlamaq, yaxud münasibət qurmaq şansınız olsa, necə?... Nə yaman fikrə getdiniz?

Məlum məsələdir, bu suala qadınların və kişilərin cavabları fərqli olacaq. Amma əminik ki, aralarında bir sualı verənlər də tapılacaq, yəni soruşacaqlar ki, subaydır, yoxsa... Qadınlar çaşqın nəzərlərimizi görüb dərhal deyəcəklər ki, yəni maraqlanırıq da... bizim bir xalaoğlu var, yaşı keçir, amma hansı qızı göstəririk, bəyənmir, dedim bəlkə... Yəni bu ruhda və s. Kişilər nə soruşacaqlar? Ay başınıza dönüm, qadınların bu sayaq sorğu-sualından sonra onların həmin milyonçu qadınla bağlı sualları bəllidir də... Sadəcə, biz də sizi – kimliyi, ailə vəziyyəti fərq etmədən – bir milyonçu qadınla tanış etmək istəyirik...

Söhbət S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının artıq başa çatan mövsümdəki son premyeralarından birindən – Bernard Şounun “Milyonçu qadın” komediyasından gedir. İncə, incə olduğu qədər də tikanlı ingilis yumorunun dünya dramaturgiyasındakı ən yaxşı nümunələrinin müəllifi Bernard Şounun adının teatrın afişasında olması elə həmin yaradıcı heyətin nə qədər iddialı olmasından xəbər verir. Şouya müraciət etmisənsə, deməli, tamaşanda şou elementləri olsa da, klassik ingilis yumoru hüdudlarını aşa bilməzsən! Bernard Şounun ismi teatrın cari repertuarına, ya da quruluşçu rejissor, Xalq artisti Aleksandr Şarovskinin yaradıcılıq bioqrafiyasına düşsün deyə, bu əsərə müraciət edərdilər, ya yox, - bunu deyə bilmərik. Amma əsərin Xalq artisti Natalya Şarovskayanın yuvarlaq rəqəmli yubileyi münasibətilə seçilib hazırlandığı dəqiqdir: bəli, tanınmış aktrisa Natalya Şarovskaya budəfəki qəhrəmanından azca yaşlı olsa da, aktrisanın səhnədə bol-bol xərclədiyi enerji, göstərdiyi sənət coşğusu və ehtiraslı oyun tərzi göstərdi ki, elə “Milyonçu qadın” olmaq ona yaraşır, milyonçu qadına yaraşan həyat yoldaşı tapmaq uğrunda savaşmağa dəyər.

Əsərdən xəbəri olmayan oxucu düşünə bilər ki, milyonçu qadın həyat yoldaşı tapmaq uğrunda niyə savaşsın ki?! Əksinə, qoy namizədlər savaşsınlar ki… Sadəcə, məsələ bir qədər başqa cürdür. Milyonçu atasının yeganə varisi, ərköyün qızı, üstəlik, insanlara, Sabirin məşhur “pulsuz kişi, insanlığı asanmı sanırsan?” soruşan qəhrəmanı kimi, yuxarıdan-aşağı baxan Epifaniya Onizanti di Parerqa atasının bir şərtini yerinə yetirməlidir ki, 30 milyon funt-sterlinqə sahib olsun. Atasının vəsiyyətindəki tələb isə belədir: onun qızı ilə evlənmək istəyən oğlan gələcək həyat yoldaşından aldığı 150 funtu yarım il ərzində 50 minə çatdırmalıdır. Necə? Təbii ki, gəlir gətirən sahəyə yatırım etməklə! Əgər adaxlı bu şərti yerinə yetirərsə, Epifaniya ona ərə gedə bilər! Düzdür, onun adaxlısı, hündürboy, yaraşıqlı, boks və tennis üzrə çempion Alaster Fitsfassenden (Yuri Omelçenko) bu sınaqdan uğurla keçsə də, nikah heç birinə uğur gətirməyib: arvadının şıltaq xasiyyətinə tablaşa bilmədiyi üçün meylini “Corabı cırıq Polli” ləqəbli Patrisiya Smitə (Marina Litvinenko) salıb. Bu romantik və incəqəlbli qız onun kobud zarafatına da tablaşır, ilməsi qaçmış corabdan qurtulmağı isə Alasterə vəfa dolu sevgi bəsləməsi üçün kifayətdir. Milyonçu qadının sayəsində qayğısız həyat keçirməyə hazırlaşan Adrian Blenderblend (Əməkdar artist Salman Bayramov) Efipaniyanın yalnız məşuqu ola bilər. Adrian azmış kimi, işləri yaxşı gedən vəkil Culius Saqamor (Oleq Əmirbəyov) öz varlı müştərisinin tələblərinə cavab verən adaxlı tapmaq vədilə  ondan öz xidmətinin müqabilində pul qoparmağa cəhd edir.

Tamaşa bu ruhda – şıltaq Epifaniyanın öz biznes maraqlarını unutmadan şəxsi həyatının ən vacib problemini həll etmək uğrunda çabalarını göstərməklə davam edir. İştirakçılar səhnəyə çıxdıqca, Epifaniyanın hökmü (həm də hikkəsi) ilə onların başlarına gələn macəralar bir-birini əvəzləyir. Rejissorun verdiyi çevik mizanlar Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovun səhnə tərtibatını tamamlayan, amma müəyyən məqamlarda bəsit komikslərə yaxınlaşdıran videoinstalyasiyalar (müəllif – Cavid İmamverdiyev) fonunda oynanılır. Bernard Şounun təxminən 90 il öncə qələmə aldığı pyesin qəhrəmanlarının əynindəki o dövrə xas geyim fasonları (geyim üzrə rəssam – Əməkdar mədəniyyət işçisi Olqa Abbasova), bir də 30 milyon funt-sterlinqin çox böyük məbləğ kimi təqdim edilməsi olmasa, tamaşaçı klassik ingilis komediyasına baxdığını belə zənn etməyə bilər. Səbəbi? “Milyonçu qadın”da coşan ehtiraslar o qədər yaxın və anlaşılan olduğundan…

Digər tərəfdən, qəhrəmanların isimləri də proqrama baxmadan yadda qalmır. Bəlkə elə buna görə Bernard Şou pyesdə cərəyan edən hadisələrin məcrasını dəyişəcək qəhrəmanına xüsusi bir ad qoymayıb. Onu elə Doktor kimi səhnəyə çıxarıb? Müəllifə görə, Epifaniya əsərin sonuna yaxın bir kasıb kişiyə vurulmalıdır ki, həm onun həyata, ətrafındakı insanlara münasibəti dəyişsin, həm də komediya öz janrının qaydalarına uyğun bitsin, yəni məhəbbət qalib gəlsin!

Günlərin bir günü Epifaniya əslən Hindistandan olan Doktora  (Əməkdar artist Fuad Osmanov) aşiq olur. Məsələ ondadır ki, hindli Epifaniyanın mərhum atası kimi, Doktorun da mərhum anasının potensial gəlinin qarşısında dağdan ağır şərti var: gəlin iki həftə 15 şillinqlə dolanmağı bacarmalıdır, üstəlik, həmişə də ərinin əlinə baxmadan yaşamağa qadir olmalıdır. Taleyin istehzası, məhəbbətin qüdrəti Epifaniyanı atasının vəsiyyətini qulaqardına vurmağa vadar edir.  

Beləcə, bu tamaşada da məhəbbət qalib gəlir. Elə yubileyi münasibətilə şəninə tamaşa qurulan aktrisa Natalya Şarovskayanın özü kimi! Əsrin ekvator xəttini on il öncə keçmiş, lakin səhnə plastikası və səhnə cazibəsi ilə Epifaniyadan da gənc görünən, tərəfdaşlarını da öz çevik ifa ritminə tabe etdirən aktrisanın salon dolusu izləyicisi, qulaq batıracaq alqışları varsa, deməli, səhnəyə sənətçi sevgisi qalib gəlib. “Milyonçu qadın” yubiley münasibətilə hazırlansa da, onun teatrın repertuarında möhkəmlənəcəyinə əminik. Axı, məhəbbətin qələbəsini hiss etmək kimi, seyr etmək də xoşdur. Bir də ki, aramızda milyonçu qadınla qarşılaşmaq istəyən az deyil axı… Elə bizim də sözümüz onlaradır: gələn mövsüm yolunuzu Rus Dram Teatrından salın…

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 1;5.