“Təhsil avtobusu – Nəsimi” yay məktəbi

 

“Nəsimi ili”nə həsr olunmuş daha bir layihəyə start verilib. Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin iştirakçıları bölgələrə səfərə çıxıblar.

Layihənin ilk dayanacağı Astara rayonu olub. İyulun 25-də burada keçirilən mərasimdə layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Kapital Bank”ın, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.

Diqqətə çatdırılıb ki, iyulun 29-dək davam edəcək yay məktəbinin səyahət marşrutu Astara, Cəbrayıl (Cocuq Mərcanlı), Qusar, Qazax və Şamaxı rayonlarını əhatə edəcək. Bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdlər təlimçilər  tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

Astarada keçirilən yay məktəbində rayonun bir sıra qəsəbə və kənd məktəblərinin orta göstəriciləri zəif və olan VI-IX sinif şagirdləri iştirak ediblər. Təlimlərdə və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

Təhsil avtobusu – Nəsimi” yay məktəbinin növbəti ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olacaq.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 2.