Xalq teatrının 10 yaşı qeyd edilib

 

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Xalq teatrı 10 yaşını qeyd edib.

Tədbirdə muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək rayon Mədəniyyət sarayının dram dərnəyinin üzvləri tədricən peşəkarlıq səviyyələrini artırıblar. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə dram dərnəyinə “Xalq teatrı” adı verilib.

Vurğulanıb ki, teatr 2015-ci ildə keçirilən xalq teatrlarının muxtar respublika festivalında birinci yerə layiq görülüb. 2017-ci ildə keçirilən növbəti festivalda Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırlanmış səhnə əsəri “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diplomla təltif olunub.

Nazir kollektivə bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək kollektivin mədəni-kütləvi tədbirlərdə fəal iştirakından bəhs edib. Bildirib ki, teatr 10 illik fəaliyyəti dövründə hazırladığı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, insanların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayıb.

Mərasimdə daha sonra rayon Mədəniyyət sarayının foyesində Xalq teatrının hazırladığı tamaşalardan çəkilmiş şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 5.