Azərbaycan kəhrizləri tarixi irs abidələridir

 

Azərbaycanda ən qədim zamanlarda kəhrizlər quraq zonalarda ən etibarlı su mənbəyi kimi istifadə edilib. Dünyanın 40-dan çox ölkəsində su probleminin həllində kəhrizlərdən istifadə olunur.

Zəngin yeraltı su ehtiyatı olan ölkəmizdə kəhriz sistemi hələ də elmi-təcrübi cəhətdən dəqiq tədqiq edilməyib. Bu gün həmin kəhrizlərin öyrənilməsinə, sıradan çıxmaqda olan bəzi qədim kəhrizlərin bərpasına ciddi ehtiyac var. Bu həm iqtisadi, həm də tarixi baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev bildirib.

Alim deyib ki, 1938-ci ildə Azərbaycanda 885 kəhriz rəsmi dövlət qeydiyyatına alınıb, onlardan suvarma mənbəyi kimi istifadə olunub. Bu kəhrizlərin il ərzindəki həcmi 420 milyon kubmetrdir. Bu gün həmin suyun 20-25 faizindən istifadə edilir.

O qeyd edib ki, tarixi mənbələrdə Azərbaycanda 1500-ə qədər kəhrizin olması haqqında məlumatlar var: “Tarixi məlumatlara nəzər salsaq görərik ki, baş vermiş müharibələr nəticəsində kəhrizlər dağıdılıb, sonra yenidən bərpa olunaraq həyata qaytarılıb. 1970-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Kəhrizlər şöbəsi var idi. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələrdən sonra bu sahə diqqətdən kənarda qaldı”.

Əlövsət Quliyev xatırladıb ki, 2002-ci ilin avqust ayında Vayxır su anbarının tikintisi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən müşavirədə ümummilli lider Heydər Əliyev kəhrizlərin bərpasının, qorunmasının vacibliyini bildirib. Ulu öndərin tövsiyələrinə uyğun olaraq, Naxçıvanda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində Kəhrizlər idarəsi yaradılıb, 300-dən çox kəhriz bərpa edilib. 2016-cı ildən başlayaraq, Azərbaycanın bir sıra rayonlarında kəhrizlər tədqiq edilib. Məlum olub ki, kəhriz sistemlərinin bir qismi torpaq islahatı vaxtı meliorativ qurğu kimi nəzərə alınmadığından dağıntıya məruz qalıb, bir qismi də vətənpərvər adamların sayəsində qorunaraq bu günə qədər gəlib çıxıb.

Alim bildirib ki, bu gün müxtəlif qrantlar hesabına kəhrizlər bəzən naşı adamlar tərəfindən bərpa adı altında kosmetik təmir edilir. Aidiyyəti qurumlar tərəfindən belə halların qarşısı alınmalıdır. Kəhrizlərimiz konkret bir dövlət orqanının balansına verilməli, onlar bərpa edilməli və qorunmalıdır: “Kəhrizlərin bərpası, onlardan səmərəli istifadə edilməsi ən aktual məsələlərdən biridir. İnanıram ki, dövlətimiz bu tarixi mirasın sıradan çıxmasına imkan verməyəcək”.

Bu gün mədəni və təbii irs abidələri UNESCO-nun siyahısına salınır. Alim bildirib ki, Azərbaycan kəhrizləri gələcəkdə dövlətimizin diqqət və qayğısı sayəsində Dünya irs siyahısına salına bilər.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 3.