Uşaqlarımız ekran-efirdə nəyi
izləsinlər?
Uşaqların
mənəvi tərbiyəsi baxımından tətillərin əla
fürsət olduğu bəlli məsələdir. Onların hərtərəfli, ahəngdar
inkişafı daxili hisslərindən, əhval-ruhiyyələrindən
çox asılıdır. Bir də əsas
odur ki, bu gün həm sosial şəbəkələr, həm
də televiziya verilişləri vasitəsilə uşaqlara mənəvi-psixoloji
tərbiyə, əxlaq, mədəni irsə və cəmiyyətə
qarşı mərhəmət hissini aşılayaq.
İnternet əsrində biz uşaqları
rahatlıq, beyin dincliyi və yuxarıda
sadaladıqlarımızla təmin edə bilirikmi? Tətil
günlərinin mənalı keçməsi, növbəti tədris
ilində uğur qazanılması, sinif yoldaşları ilə
münasibətlərinin formalaşması üçün
hansı addımları atırıq, hansı işləri
görürük? Bu suallarımızla əlaqədar
televiziyalarımızda yay tətili günlərində
nümayiş olunan verilişlər və bədii filmlər
haqda mütəxəssislərin rəyini öyrəndik.
Qeyd edək ki, ötən əsrin
90-cı illərinə kimi televiziyada məktəblilər
üçün əxlaqi-tərbiyəvi, maarifləndirici əhəmiyyətli
verilişlər üstünlük təşkil edirdi. Bu
gün isə bu verilişlər efir saatının cüzi
hissəsini təşkil edir. Yaxud da elə
bir saatda yayımlanır ki, həmin saatda bu verilişlərin
proqrama salınması faydasız olur. Məsələn,
bəzi kanallarda yay tətili günlərində səhər
saat 7:30-da uşaqlar üçün nağıl-film
nümayiş olunur. Bəllidir ki, səhərin
bu çağında əksər uşaqlar şirin yuxuda
olurlar.
Uşaqların dünyagörüşlərinin,
intellektual səviyyələrinin artırılması ilə
bağlı müəyyən verilişlər isə
alqışlanmalıdır. Bu qəbildən
verilişlərə məktəblilər tərəfindən
böyük tələbat var.
Dövlət Film Fondunun əməkdaşı,
Əməkdar mədəniyyət işçisi Yusif
Şeyxov bildirir ki, bu gün uşaqlar üçün ən
çox nümayiş olunan film “Sehrli xalat”dır. Bu filmin texniki
keyfiyyəti yaxşıdır: “Vaxtilə “Azərbaycanfilm”
kinostudiyasında lentə alınan filmlərin bir çoxunu
Dövlət Film Fondunda bərpa ediblər. Uşaqlar
üçün filmlərin əksəriyyəti SSRİ-nin Mərkəzi
Televiziyasının sifarişi ilə çəkildiyindən
rus dilindədir. “Mən nəğmə qoşuram”,
“Asif, Vasif, Ağasif”, “Şir evdən getdi” və s. filmlər
dublyaj edilərək təqdim olunub. Telekanallarda
dublyaj şöbələri fəaliyyət göstərir və
onlar bu sahədə digər filmləri dublyaj etsəydilər
pis olmazdı.
Onu da qeyd edim ki, bu il Azərbaycan
animasiya kinosunun 50 yaşı tamam olur. Köhnə
və yeni cizgi filmlərinin nümayişi bu mənada yerinə
düşər. Digər tərəfdən,
bu gün nağıl-filmlər üçün ssenari
qıtlığı mövcuddur. Bizim zəngin
folklorumuz var. Nağılları kino dramaturgiyasına gətirmək
bir az çətin olsa da, zəruridir. Bu işin müasir formaları
tapılmalıdır. Bu mənada
“Cırtdan və sehrli xalat” cizgi filmini misal çəkə
bilərik. Telekanallarımız köhnə
cizgi filmlərinin nümayişində maraqlı deyillər.
Bərpa olunmuş bu filmlərin bəzilərinin
texniki vəziyyəti heç də pis deyil”.
Uşaq yazarı Sevinc Nuruqızı deyir ki, hazırda
uşaq ədəbiyyatı bu kateqoriyadan televiziya verilişlərindən
irəlidədir: “Yazarlarımız, tirajı az olsa da,
yazdıqlarını nəşr etdirib uşaqların ixtiyarına
verirlər. Ədəbiyyatdan fərqli olaraq,
uşaq filmləri ilə bağlı vəziyyət qənaətbəxş
deyil. Çünki bu sahə çox vəsait
tələb edir. Şəxsi vəsait
hesabına da çətindir. Nəinki məktəblilərin, yenicə
dil açan körpələrimizin də Azərbaycan dilində
cizgi filmi və bədii filmlərə çox böyük
ehtiyacı var. Vaxtilə bu məsələ ilə əlaqədar
sosial şəbəkədə çağırış
etmişdim. Televiziyalara gəlincə, əfsus
ki, bu günə kimi müasir uşaq filmi və serialı
çəkilməyib. Bir yazar olaraq mənə
də heç vaxt ssenari üçün müraciət
olunmayıb. 5-12 yaşarası maraqlı ssenarilərim
var ki, bu da uşaqlarımızın inkişafına, az da olsa, xidmət edərsə, çox
şad olaram.
Əlbəttə, müasir dövrün
uşaqları smartfonlara, planşetlərə daha çox
meyillidirlər. Bununla bərabər, biz yenə
də televiziya vasitəsilə teatr tamaşalarını
nümayiş etdirə bilərik. Müasir
günümüzdə uşaqların zövqünü
oxşamaq üçün çoxsaylı layihələr həyata
keçirmək mümkündür. Yetər
ki, istək, fədakarlıq və bir də maliyyə olsun”.
Milli Televiziya və Radio
Şurasının üzvü, Əməkdar mədəniyyət
işçisi Telli Pənahqızı qeyd edir ki, bu gün
milli cizgi filmlərinin azlığı üzündən
uşaqlar xarici telekanallara baxmalı olurlar. Bu filmlər də
bizim mentalitetə uyğun deyil: “Yolda, küçədə
görürsən ki, uşaqlar çox aqressiv davranırlar. Onlar dostluq edə bilmir, özlərinə
qapanırlar. Oyuncaqlarını, yeməklərini
yoldaşları ilə paylaşmaq istəmirlər.
Uşaqlar bütün neqativ halları, zorakılığı baxdıqları həmin o
xarici kanallardakı filmlərdən öyrənirlər”.
“MZ” prodakşn şirkətinin direktoru
Üzlüfət Qasımova deyir ki, əsasən özəl
telekanallar bu sahədə qısamüddətli layihələr
təqdim etməklə kifayətlənirlər. Bunun da səbəbi
sponsorların belə verilişlərə marağının
az olmasıdır. Biz yeddi
ildir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
“Müasir Azərbaycan gənci” verilişini hazırlayırıq.
Bu gün təkcə gənclər
üçün deyil, gəncliyə qədərki dövr
üçün də televiziya verilişləri və filmlər
haqqında düşünməliyik. Ana
dilimizdə təhsildən kənar proqramlar və psixoloji
verilişlər azlıq təşkil edir. Nədən başlamalı? Yeni
bir nağıl qəhrəmanına ehtiyac var. Onun milli
olması o qədər də önəmli deyil. Əsas özünüdərk, özünü
inkişaf istiqamətində uşaqlara yardım edə biləcək
bir qəhrəman olsun.
Bəli, bu gün uşaqların milli ruhda
tərbiyəsi üçün çoxsaylı layihələr
reallaşdırmaq mümkündür. Filmlərdən
başlayaraq, televiziya verilişlərinə qədər.
Hazırda əsasən Azərbaycan
Televiziyasında və İctimai Televiziyada uşaqlar
üçün davamlı layihələrə rast gəlmək
olur. Ölkəmizdə cəmi bir uşaq
televiziya kanalı fəaliyyət göstərir – “ARB Günəş”.
2015-ci ildən uşaqların
görüşünə gələn telekanalın efir
proqramına müxtəlif cizgi filmləri ilə
yanaşı 10-a yaxın uşaq verilişi də daxildir.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 4.