“Mənim yay tətilim” rəsm müsabiqəsi davam edir

 

    Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim 2019” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.

Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşır.

“Nəsimi ili” çərçivəsində təşkil olunan müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək üçün məlumatı www.xsm.az saytında almaq olar. Qeydiyyat oktyabr ayının 15-dək aparılacaq.

Seçim iki yaş kateqoriyası (12 yaşa qədər, 12-17 yaş arası) üzrə keçirilir. Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 4.