Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda İordaniya səfiri ilə görüş

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iyulun 23-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ilə görüşüb.

Fondda keçirilən görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, gələcək planları barədə məlumat verib, türk dünyası mədəniyyətinin, eləcə də ərəb mədəniyyətinin bəşər sivilizasiyasına verdiyi töhfələrdən danışıb.  Bu mədəniyyətlərin bir araya gətirilməsinin, onların sahib olduğu dəyərlərin beynəlxalq aləmdə tanıdılmasının vacibliyindən bəhs edilib.

İordaniya səfiri türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində belə bir fondun təsis edilməsinin əhəmiyyətini vurğulayaraq, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Bu xüsusda səfir ərəb və türk dünyasına məxsus mədəni irsin təşviq edilməsinin vacibliyini dilə gətirərək, İordaniyanın Azərbaycan və təşkilata digər üzv dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.

Sonda İordaniya Haşimilər Krallığı ilə Fond arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, birgə layihələrin icra ediləcəyinə  əminlik ifadə olunub.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 4.