Arxeoloji ekspedisiya Qəbələdə
tədqiqatlar aparır
AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi ekspedisiya Qəbələnin
Səlbir və Antik şəhər yerində tədqiqat aparır.
İnstitutdan bildiriblər ki, qədim Qəbələnin
Səlbir yaşayış
yerində sahəsi
400 kvadratmetrdən artıq
olan iri tikili kompleksi tədqiq olunur. Kompleks 2017-ci ildə ekspedisiya tərəfindən aşkarlanıb.
Builki tədqiqatlar zamanı həmin kompleksə aid bir binanın ikimərtəbəli olması
müəyyən edilib.
Binanın tikintisində çaydaşı
və bişmiş kərpicdən geniş istifadə olunub. Binanın alt
mərtəbəsinə kərpic
pilləkənlərlə düşdükdən
sonra dəhlizlər vasitəsilə müxtəlif
istiqamətlərdə otaqlar
müəyyən edilib.
Tikili kompleksinə dəhlizlər,
yardımçı otaqlar,
dairəvi hovuz, təsərrüfat quyusu,
təndir daxildir.
Binanın dağılmış hissələri içərisində
xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması
vaxtilə orada şəbəkəli pəncərələr
olduğundan xəbər
verir. Tədqiqatlar
zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkarlanıb.
Tikili kompleksi
XII-XIV əsrlər arasındakı
dövrə aid edilir. Daha sonra
bu kompleks tərk edilib və zaman keçdikcə
kütləvi dağıntıya
məruz qalıb.
XV əsrdən sonra həmin hissədə kiçik qəbiristanlıq salınıb
ki, qəbirlərin qazılması nəticəsində
binanın bəzi divarları və bünövrə yerləri
daha da dağılıb.
Paralel olaraq Səlbir yaşayış
yerində Azərbaycan-Koreya
beynəlxalq arxeoloji ekspedisiyası da fəaliyyət göstərir. Birgə tədqiqatlar
Səlbirin mərkəzi
hissəsində su anbarı ehtimal edilən çökəklik
yerində davam edir.
İkiillik fasilədən sonra Antik və ilk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası Antik şəhər yeri ehtimal olunan Çaqqallı sahəsində
də tədqiqatları
bərpa edib. Antik şəhər
yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi ilə aşkarlanmış
dulusçuluq emalatxanası
ətrafında qazıntılar
hazırda davam etdirilir. Eramızdan əvvəl II əsrə
aid olan dulusçuluq emalatxanasının ətrafı,
dulus kürələri
tədqiqata cəlb olunub.
Arxeoloji çöl-tədqiqat işləri
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyasının maliyyə
dəstəyi ilə həyata keçirilir.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 6.