Bayburtda
Dədə Qorqud festivalı
Türkiyənin
Bayburt şəhərində ənənəvi Beynəlxalq Dədə
Qorqud Festivalı (Uluslararası Dede Korkut Kültür ve Sanat
Şölenleri) keçirilir. Sayca 25-ci festival 22-28 iyul tarixi
arasında davam edəcək.
Ölkəmizi
bu tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının balet truppası təmsil edir. Teatrın mətbuat
xidmətindən bildirilib ki, tədbirdə 13 əsrlik zaman kəsiyində
öz tarixi öyüdləri ilə yaşayan və türk
coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi
varlığını sürdürən Dədə Qorquda məhəbbətin
izharı olaraq türkdilli dövlətlərdən dəvət
olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən
gəlmiş folklor kollektivləri də iştirak edirlər.
İştirakçılar
Bayburtun Masat kəndində Dədə Qorqudun qəbri hesab
edilən türbəni də ziyarət ediblər.
Masat
yaylasında başlayan şənliklər Dədə Qorqudun
şəhər mərkəzindəki abidəsi önündən
yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə
bu günlərdə dünyanın hər yerindən
axışaraq bu şənliyə qatılan yüzlərlə
tədbir iştirakçısı Mustafa Kamal Atatürkün
adını daşıyan meydanda Azərbaycan, Gürcüstan
və Türkiyənin rəqs və folklor kollektivlərinin
çıxışlarını maraqla izləyiblər.
Bayburt-Bakı
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 8.