Şahmar Əkbərzadə adına
mükafatın növbəti təqdimatı
İyunun 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Vektor” Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının təqdimat mərasimi keçirildi. Mükafat 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təqdim edilir.
Tədbirdə Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək Şahmar Əkbərzadə adına mükafatın əhəmiyyətindən danışdı: “Artıq 18 ildir ki, bu mükafat təqdim olunur. Hər il bu mükafatın verilməsi Şahmar Əkbərzadənin xatirəsini yaşatmaq baxımından çox önəmlidir”.
R.Məcid qalibləri təbrik edərək onlara yeni uğurlar arzuladı.
“Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadə Şahmar Əkbərzadə adına mükafatın təsis olunma tarixi haqqında məlumat verdi: “2000-ci ildə Azərbaycanın və türk dünyasının tanınmış şairi Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatı təsis etmişik. İndiyədək 70-ə yaxın şairə, o cümlədən 15 nəfər xarici ölkə şairlərinə bu mükafatı təqdim etmişik. Bundan başqa, mükafat alan laureatların kitablarını öz vəsaitimiz hesabına nəşr edirik”.
Sonra laureatlar elan edildi. Mükafatın builki qalibləri tanınmış şairlər Rüstəm Behrudi, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, gənc şair Fərid Hüseyn və qazaxıstanlı şair Uluqbəy Yesdouletov oldu. Laureatlara diplom və hədiyyələr təqdim olundu. Şairlər mükafata görə təşəkkürlərini bildirdilər, şeirlərini oxudular.
NURƏDDİN
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.1;3.