Musiqili teatrın xor
artisti beynəlxalq müsabiqədə ikinci olub
Tbilisi şəhərində vokalçıların Vaja Çaçava adına 3-cü Beynəlxalq müsabiqəsi keçirilib. Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya Respublikası və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib.
Müsabiqənin ikincisi olan həmyerlimiz təəssüratlarını bölüşərək deyib: “Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də auditoriya tərəfindən yüksək qiymətləndirildi. Nəticə olaraq rusiyalı həmkarımdan sonra ikinci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi. Müsabiqədə iştirakım üçün şərait yaradanlara dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Güllübəyim
Məmmədova 2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasında vokal
ixtisası üzrə təhsil alıb, 2017-ci ildə isə
həmin təhsil müəssisəsinin magistraturasını
fərqlənmə diplomu ilə bitirib. Ötən ildən Akademik
Musiqili Teatrda xor artisti vəzifəsində
çalışan istedadlı vokalçı repertuarda
olan “Bankir adaxlı”,
“Baladadaşın toy hamamı”, “O
olmasın, bu olsun”,
“Arşın mal alan”,
“Qızıl toy”, “Mən dəyərəm
min cavana”, “Silva” və başqa tamaşalarda iştirak edib.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.5.