Uşaqların bayramı münasibətilə rəngarəng tədbirlər

 

 

İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili tamaşa nümayiş olunub.

Musiqili tamaşadaZimauşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar təqdim edilib. Uşaqlar bu səyahətdə yeni məlumatlar əldə edibtamaşa onlara xoş əhval-ruhiyyə bəxş edib.

* * *

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri bayrama həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Proqramda orkestrlə birgə respublika və beynəlxalq müsabiqələr laureatları Ataxan Əliağayev (balaban), Yusif Əmiraslanlı, İsmayıl Məmmədov, İsmayıl Əsədli, Gülarə Ramazanova (kamança), Əvəzağa Hacızadə (tar), “Qalaritm qrupu, Sabir Ağayev, Əli Məmmədli (saz), Mədinə Tağızadə, Hüseyn Nağıyev (kamança), Atlas Mehdiyeva, Sənan Hacılı (tar), Səməndər Hacızadə (tar), Rəvan Mustafazadə (tar) və Nəzrin Cəfərzadə (kamança) çıxış ediblər.

Gənclərin ifasında S.Ələsgərovun “Ulduz” operettasından Məhəmmədlə Züleyxanın dueti, F.Əmirovun “Şeyx Sənan” tamaşasına (H.Cavid) yazdığı “Kor ərəbin” mahnısı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub. Sonda bütün iştirakçıların ifasında R.Hacıyevin “Azərbaycan” mahnısı səslənib.

* * *

“Araxçın Silent Communication” komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edilib.

Tədbirə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da qoşulub. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova  uşaqlara xoş arzularını bildirib. Respublika Uşaq Kitabxanası adından uşaqlara kitablar hədiyyə edilib.

* * *

Sabirabad şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində uşaqların bayramı münasibətilə rəsm sərgisi keçirilib. Məktəbin və rayon Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

* * *

Qobustan Milli Tarix-Bədii QoruğundaUşaqlar tarixi bizimlə öyrənir” şüarı altında reallaşan növbəti tədbir də uşaqların bayramına həsr olunub.

Qoruğun direktoru Vüqar İsayev jurnalistlərə müsahibəsində tədbirin əhəmiyyətindən, son zamanlar uşaqlarla bağlı gerçəkləşən layihələrdən danışıb.

Bildirilib ki, tədbirə müxtəlif məktəbləri və valideyn himayəsindən məhrum olmuş bir sıra internat məktəblərinin uşaqları dəvət olunub. Qoruq ərazisində onlar üçün əyləncəli proqramlar təşkil edilib. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının çıxışları proqramı daha baxımlı edib, tədbir maraqla qarşılanıb.

Sonra uşaqlar qoruq ərazisində yerləşən muzeyə baxış keçirib, qayaüstü rəsmləri seyr edərək keçmişə tarixin izi ilə səyahət ediblər.

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.3.