Teatr festivalı xəritəsində
yeni ad: Lənkəran
Akasiya, cökə, feyxoa ağaclarının eyni vaxtda
çiçəklədiyini, bu çiçəklərin də
ətrinin adamı necə bihuş etdiyini bilmək
üçün gərəkmiş ki, Lənkərana
mayın sonunda, iyunun əvvəlində gələsən.
Düzdür, Lənkəran səfərimizin məqsədi
cənub bölgəmizin özünəməxsus gözəlliklərindən
həzz almaq olmasa da, məhz bu niyyətlə də o yerlərə
baş çəkməyə dəyər. Çünki
iştirakçısı olduğumuz tədbirin fasilələrində
həndəvərdəki qısa başmaqseyrində belə
gözlərimizə dolan gözəllik bu istəyi
doğurur. O ki qaldı səfərimizə, məqsəd
Azərbaycanda daha bir beynəlxalq statuslu incəsənət
layihəsini – I Lənkəran Beynəlxalq Teatr
Festivalını izləmək və işini
işıqlandırmaq idi.
Əslində, Lənkəranda beynəlxalq miqyaslı
uşaq və gənclər teatr festivalının keçiriləcəyindən
bir müddət öncədən xəbərdar idik. Festivalın
başlamasına günlər qalmış onun adında
müəyyən dəyişiklik olsa da, proqram, təbii ki, dəyişmədi.
Festival proqramını əlimizə alanda da öyrəndik
ki, Lənkərandakı sənət bayramına bizim
teatrlarımızla yanaşı, İngiltərədən “Two
Destination Language” teatrı, İran İslam Respublikasından
“Muğan-Hünər”, “Mika” və “Ünvan” teatrları, bir də
Gürcüstanda “Azad teatr” da öz tamaşalarını
oynamaq üçün təşrif buyuracaqlar.
...Festivalın
açılış günü, iyunun 1-də öncə səhnə
sahibləri – N.Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrı səhər saatlarında gənc rejissor Tərlan
Abdullayevin bir neçə nağıl əsasında səhnələşdirdiyi
“Tilsimlənmiş qız” nağıl-tamaşası ilə
çıxış etdi. Tamaşa ərköyün bəy
qızı Gülyazın özünə danışan gəlincik
arzulaması, istəyi yerinə yetirildikdə də
təzə gəlinciyin elə onun kimi insan (qulluqçu
qızı) olduğunu öyrəndikdən sonra ondan
ayrılmaq istəməməsi ilə konfliktin yaranması
üzərində qurulmuşdu. Atasının bu dostluğa
qarşı çıxmağı, qızları bir-birindən
ayırmaq üçün Cadugərdən kömək istəməsi
tamaşanı sehrli nağıl kateqoriyasına doğru aparsa
da, səhnədə baş verənləri əvvəldən-axıra
kimi izləyən Zəvzək siçanla Avara pişik həm
onlara qarşı mərhəmət göstərən
Qulluqçu qızını tilsimdən, həm də təzə
rəfiqəsinin təsiri ilə xasiyyəti yumşalmış
Bəy qızını xiffətdən xilas edirlər.
* * *
İyunun 1-də saat 17-də yenidən teatra
yığışdıq. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və
Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən festivalın açılış mərasimində
salonda bircə boş yer yox idi.
Mərasimin
aparıcısı – Lənkəran teatrının
aktrisası Aynur Əhmədova festival
iştirakçılarını, qonaqları salamladı və
təməli qoyulan festival barədə məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiq
edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramına əsasən ölkəmizdə
keçirilən bir çox mühüm tədbirlərin
növbətisi Lənkəranda gerçəkləşir.
Artıq teatr aləmində yaxşı tanınan Bakı Beynəlxalq
Teatr Konfransı, Beynəlxalq Kukla Teatrları Festivalı və
Şəki Beynəlxalq Teatr Festivalı həmin proqramdan irəli
gələn vəzifələrin uğurla yerinə yetirilməsinə
sübutdur.
Sonra Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov səhnəyə
çıxdı. O, hər kəsi festivalın
açılışı münasibətilə təbrik edərək
Lənkəran teatrında öz tələbələrinin də
çalışmasından məmnunluq duyduğunu, hətta
bir zaman Lənkəran teatrının kollektivi ilə çox
qısa müddətə mürəkkəb tamaşa
hazırladığını da xatırlatdı: “O yerdə
ki mədəniyyət var, orada mütləq teatr da olacaq. Mən düşünürəm ki, festivala
qoşulan bütün teatr kollektivlərinin tamaşaları həm
lənkəranlı teatrsevərlər, həm də
Bakıdan gəlmiş böyük tənqidçi qrupunun
xoşuna gələcək”.
Ardınca
Britaniya Şurasının (“British Council”) Azərbaycan
nümayəndəliyinin direktor müavini Nigar Baimova
çıxış edərək təmsil etdiyi təşkilatın
xəttilə festivala qoşulan “Two Destination Language”
teatrının “Near Gone” tamaşası barədə qısa məlumat
verdi. Həyat və ölüm arasında
çarpışan balaca bir qızın mücadiləsini bolqar və ingilis dillərində
paralel təqdim edən iki aktyorun – Katerina Radova və Alister
Louninin oynadığı tamaşa bir neçə dəfə
müxtəlif teatr mükafatlarına layiq görülüb.
Daha çox böyüklər üçün nəzərdə
tutulan “Near Gone” tamaşası istər toxunduğu mövzu,
istərsə də səhnə həlli baxımından
alışdığımız ifa və oyun tərzindən
fərqli olması ilə də diqqəti çəkdi.
* * *
Festivalın ikinci günü Lənkəran
teatrının səhnəsi Azərbaycan teatrlarının
ixtiyarına verildi. Səhnəyə ilk çıxan Gəncə
Dövlət Kukla Teatrı oldu. Kollektiv
Əhməd Orucoğlunun “Zınqırovlu pişik”
tamaşası ilə Lənkərana gəlmişdi.
Azərbaycandakı, demək olar ki, bütün kukla
teatrları bu əsərə müraciət ediblər. İllərdən
bəri müxtəlif quruluşlarda həm kuklaların, həm
də aktyorların çıxış etdiyi bu
tamaşanı görməyən uşaq çətin
tapıla. Lakin Disney cizgi filmlərinin daha
da populyar etdiyi Siçan-Pişik münasibətləri balaca
tamaşaçılar üçün o qədər
maraqlıdır ki, uşaqlar bu əsərin müxtəlif səhnə
variantlarına həvəslə baxırlar. Bu baxımdan gəncəlilərin Lənkəranda
oynadıqları tamaşa da balaca teatrsevərlərdən bol
alqış qazandı.
İyunun 2-də oynanılan ikinci tamaşanı müstəqil
“Ol” teatrı təqdim etdi. Namiq Ağayevin
quruluş verdiyi “Cəsur şahzadə Məlikməmmədin
nağılı” da hər kəsə tanışdır.
Sadəcə, iriölçülü olsa da, əlcək
kuklaları oynadan aktyorların məharəti, uğurlu rəssam
işi və nağıla rəngarənglik gətirən
orijinal musiqi tərtibatında Məlikməmmədin və
onun padşah atasının başına gələn mistik əhvalat
yeni tamaşa təsiri bağışladı.
Günün son nümayişi isə Bakı Uşaq
Teatrının “Göyçək Fatma”
nağıl-tamaşası oldu. Yenə də tanış
mövzu, çox sevilən, hətta sözləri zərb-məsələ
çevrilmiş nağıl qəhrəmanları səhnədə
idi. Əməkdar artist İntiqam Soltan fərqli
səhnə yozumu ilə Göyçək Fatmanın xoşbəxtliklə
bitən yaşam dramını həm valideynlər, həm də
uşaqlar üçün maraq doğuracaq üslubda
qurmuşdu. Postmodernist tamaşa
ünsürlərinin ehtiyatla, zarafatyana daxil olduğu
tamaşada bir maraqlı məqam diqqətimizi çəkdi.
Nağılçı Babanın
danışdığı, aktyorların da göstərdiyi əhvalata
uşaqlar daha iti reaksiya verirdilər, Babanın mətndən
kənara çıxaraq birbaşa salona
ünvanladığı remarkalara da valideynlər. Bu isə o demək idi ki, tamaşa öz məqsədinə
də, ünvanına çatdı.
* * *
Festivalın
üçüncü günü İran İslam
Respublikasından gəlmiş “Müğan-Hünər” və
“Mika” teatrları Əli Bəhnunun “Qırmızı və
vız-vızı” müəllif tamaşası ilə
qonağımız idilər. Hər iki teatr qrupu kifayət qədər
gənc olsa da, indiyədək bir sıra beynəlxalq festivallarda uğurla
çıxış ediblər. Azərbaycan və
İran mədəniyyətini təbliğ etmək niyyətini
daşıyan “Mika” teatr qrupu bütün
tamaşalarını Azərbaycan dilində oynayır. Hər iki teatrın özünəməxsus dəst-xətti
olsa da, “Qırmızı və vız-vızı”
tamaşasında öz yaradıcılıq
potensiallarını birləşdirə bilmişdilər.
Həmin gün Bakıdan gələn daha iki kollektiv səhnəyə
çıxdı. Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı məhz bugünkü uşaqların sevimli qəhrəmanları
“Ninza tısbağalar və kapitan Cekin macəraları” ilə
Lənkərana gəlmişdi.
Dövlət
Gənc Tamaşaçılar Teatrı isə, əksinə,
klassik mövzuya, yaşı bilinməyən “Qoğal”
nağılından qidalanan “Qoğalın sərgüzəştləri”ni təqdim etdi.
Tamaşaların zaman və mövzu baxımından bu
sayaq qütbləşməsi bir daha göstərdi ki,
uşaqları maraqlandırmaq üçün mövzunun təzəliyi-köhnəliyi
yox, ona yanaşmanın fərqliliyi və tamaşaçı
diqqətini səhnədə cəmləşdirəcək
konflikti tapmaq vacibdir. Yəni, elə böyüklər
üçün hazırlanmış tamaşada olduğu
kimi.
* * *
İyunun 4-də festival proqramında iki nağıl
tamaşası və bir oyun tamaşası nəzərdə
tutulmuşdu.
Ölkəmizin
şimal bölgəsi sakinlərinin yaxşı
tanıdığı Qax Dövlət Kukla Teatrı Nizami Gəncəvinin
“Sirlər xəzinəsi” poemasından “Xeyir və Şər”
hekayəsinin motivləri əsasında hazırlanmış
tamaşa ilə Lənkəran festivalına
qatılmışdı.
İkinci
tamaşa isə milli kukla teatrlarının veteranı,
A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrının tamaşası – “Cırtdan” idi. İndiyədək bir neçə beynəlxalq teatr
festivalında uğurla nümayiş olunmuş bu tamaşa
görkəmli uşaq yazarı Mirmehdi Seyidzadənin
eyniadlı mənzum nağıl-pyesi əsasında səhnələşdirilib.
Axşamüstü Gürcüstanın Azad Teatrı rus
dramaturqu Nadejda Ptuşkinanın “Bu nağıl ağlı
başdan alır” tamaşası ilə çıxış
etdi. Gürcü teatrının ən yaxşı ənənələrini
davam etdirən bu müstəqil teatrın
tamaşalarını Bakıda da görmək istərdik.
Kollektivin yaradıcısı, görkəmli
teatr xadimi Avtandil Varsimaşvili mətbuat konfranslarının
birində demişdi ki, müasir gürcü xalqının nə
ilə yaşadığını bilmək istəyirsinizsə,
Azad teatrın tamaşalarına baxın. Onun
tamaşaları müharibə və müharibədən
sonrakı dövrdə öz yerini tam tapmamış balaca
adamın və bütövlükdə gürcü
xalqının taleyi barədə gerçəkləri
göstərir.
* * *
İyunun 5-də I Lənkəran Beynəlxalq Teatr
Festivalı öz işini başa çatdırır. Festivalın sonuncu
qonağı – İranın Ərdəbil şəhərini təmsil
edən “Ünvan” teatrı “Qızıl başmaq”, həmçinin
Şuşa Dövlət Musiqili Dram Teatrı “Əlibaba və
qırx quldur”, Salyan Dövlət Kukla Teatrı isə
“Bostançı və Şah Abbas” tamaşaları ilə
çıxış edəcəklər.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.4.