Paytaxtımızda alman
incəsənəti sərgisi
İyunun 4-də “Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirildi.
Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi və Höte İnstitutunun dəstəyi ilə gerçəkləşən sərgi alman mədəni irsini tanımaq, eləcə də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdi.
Muzeyin direktoru, professor Çingiz Fərzəliyev tədbirdə çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, muzey “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” coğrafi sərgi silsiləsi üzrə növbəti layihəsini təqdim edir.
Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 20-yə yaxın rəngkarlıq əsərinin təqdim olunduğu sərgidə müxtəlif üslublarda işlənmiş mənzərələr, kənd motivləri, mifoloji süjetlər və portretlər nümayiş olunur. Qeyd edildi ki, Azərbaycanda alman mədəni irsinin zəngin nümunələri var. Bu nümunələr iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişafına zəmin yaradır.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab çıxış edərək ölkələrimiz arasında əlaqələrdən söz açdı. Səfir mədəni əlaqələrin inkişafında belə sərgilərin böyük əhəmiyyəti olduğunu dedi: “Bizi tarixi dəyərlər birləşdirir. Azərbaycanla əlaqələrin kökləri uzun illər əvvələ dayanır. Burada alman memarlığı, alman incəsənətinin izlərinə çox sıx rast gəlmək olur. Müasir dövrdə bu mədəni əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq”.
Höte İnstitutu Bakı Mərkəzinin direktoru Alfons Huq rəhbəri olduğu təşkilatın həyata keçirdiyi işlərdən danışdı. Qeyd etdi ki, Bakıda Höte İnstitutunun filialı iki il öncə açılıb. Mərkəz Azərbaycan-Almaniya mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyində alman kolleksiyası Bakıda neft sahibkarlarının əmlakının milliləşdirilməsi və ötən əsrin 20-30-cu illərində muzeyin fondlarının zənginləşdirilməsi məqsədilə Rusiyanın aparıcı muzeylərindən daxil olan xeyli miqdarda sənət əsərlərindən formalaşdırılıb. 70-80-ci illərdə muzeydə keçirilən alman qrafiklərinin sərgisində, eləcə də Almaniyada yaşayan azərbaycanlı rəssam İbrahim Əhrari tərəfindən muzeyə hədiyyə edilən bir sıra incəsənət əsərləri hesabına alman təsviri sənət irsi daha da zənginləşdirilib.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.1-2.