Tanınmış bəstəkar Oqtay Zülfüqarov doğum günündə yad edildi

 

 

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun (1929-2016) anadan olmasının 90-cı ildönümündə musiqi ictimaiyyəti nümayəndələri ikinci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etdilər.

Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Oqtay Zülfüqarovun həyat və fəaliyyətindən danışdı. Qeyd etdi ki, geniş yaradıcılıq diapazonuna malik olan Oqtay Zülfüqarov öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumentalkamera əsərləri yaradıb. Onun iki simfoniyası, violonçel, fleytasimfonik orkestr üçün konsertləri, “Şənlən, mənim xalqım!” uvertürası, “Pişik və sərçə” nağıl-operası, “Sehrli almauşaq baleti, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Yaradıcılığının böyük bir qismini uşaqlara həsr edən bəstəkarın “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.

Mərasimdə sənətkarın ailəsi adından çıxış edən Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Oqtay Zülfüqarov 20 ildən çox Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi gənc musiqiçilər nəslinin yetişdirilməsinə böyük əmək sərf edib. 1972-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Musiqi mədəniyyətimizdə dərin iz qoyan bəstəkar 2016-cı il avqustun 31-də vəfat edib.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.5.