Uşaqlığımızın 90 yaşlı şahidi

 

 

O, şən melodiyaları ilə bizi dünyanın musiqi adlı möcüzəsi ilə ilk tanış edən müəlliflərdəndir. Həzin, ritmik, şaqraq mahnıları uşaqlığımızı bir nəğmə qatarına çevirib diyar-diyar dolaşdırmağı bacarıb. Nə qədər uşaq o mahnılarla böyüyüb, zövqü formalaşıb.

Neçə illər, onilliklər keçib. Təbii ki, o zaman qatarında bizlər də yaşlaşmışıq. Bircə o mahnılar uşaq saflığını, səmimiyyətini qoruyub. O mahnıların müəllifi də əbədi uşaq dünyasında qalıb. Onu anadan olmasının 90-cı ildönümündə bir də xatırladıq. Bu dəfə müəllifi olduğu simfonik əsərlərdən ibarət konsert ilə...  Mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun 90 illiyi münasibətilə keçirilən konsertdə zəngin bəstəkar ömrünə qısa nəzər salındı. Bələdçimiz isə Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova idi.

Bəstəkarın həyat və yaradıcılığı haqqında çıxış edən musiqişünas onu milli musiqi tariximizin parlaq simalarından biri kimi xarakterizə etdi. Bildirdi ki, görkəmli bəstəkar musiqinin müxtəlif janrlarında zəngin nümunələr yaratsa da, geniş tamaşaçı auditoriyası onu daha çox şən uşaq mahnılarının müəllifi kimi tanıyır. Əlavə etdi ki, balacalar üçün musiqi nümunələri yaratmaq mürəkkəb və çox məsuliyyətli bir işdir. Çünki uşaqların dünyasına varmaq, onlar kimi hiss edib, hislərini onlar sayağı ifadə etmək elə də asan deyil: “Biz Oqtay Zülfüqarovun parlaq, bir-birindən rəngarəng, həyatımızın müxtəlif anlarını gözümüz önündə canlandıran mahnıları ilə böyümüşük. Onun mahnıları, dünən olduğu kimi, bu gün də balacaların dillər əzbəridir. Dünən bizim oxuduğumuz mahnıları bu gün nəvələrimiz təkrarlayır. Budur, əsl bəstəkarın böyüklüyü. Oqtay Zülfüqarov musiqiyə 16 yaşında gəlməsinə baxmayaraq, qısa bir zaman ərzində çoxlarının çata bilmədiyi uğurlara imza atdı, qısa zamanda janr zənginliyinə malik nümunələr yaratdı. Özünü bəstəkar kimi sınadığı fərqli istiqamətlərin hər birində təsdiqləməyi bacardı”.

Bəstəkarın uzun və məhsuldar sənət yolundan bəhs edən L.Hüseynova onun musiqilərinin xüsusi bir ovqatla seçildiyini vurğuladı.

Musiqişünasın çıxışından sonra səhnə unudulmaz bəstəkara “verildi”. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijorXalq artisti Rauf Abdullayev) və solistlər O.Zülfüqarovun musiqi dünyasına daxil olub, onu yenidən dinləyicisi ilə görüşdürdülər.

İlk olaraq “Şənlən, mənim xalqım!” uvertürası səsləndi. Son dərəcə parlaq, həyat eşqi ilə çağlayan bu əsər həm də O.Zülfüqarovun həyat kredosudur desək, yanılmarıq. Çünki o hər zaman “Mən səni sevirəm, həyat” deyərək yaşayır, işləyir, yeni-yeni əsərlər yaradır, məhz bu cür həyat dolu insanları sevir və onları vəsf etməyə çalışırdı.

Bəstəkarın istər kamera musiqilərinə, istər simfonik əsərlərinə, istərsə də çox sevdiyi uşaqlar üçün yazdığı mahnılara nəzər saldıqda görürük ki, onu musiqisi parlaqdır və daim işıq saçır. Səbəb isə özünün bu ruhda olması idi.

Təbii ki, onun adı çəkildikdə ilk xatırlanan uşaq mahnılarıdır. Çünki onun qədər uşaqlar üçün musiqi bəstələyən, uşaqlarla işləyən ikinci bəstəkarımız yoxdur. Telefon”, “Metro”, “İdmanı sevirik biz” mahnıları bu gün də uşaqların sevərək dinlədiyi mahnılardandır. Çağlayan enerjisi, böyük yaradıcılıq əzmi ilə sənətə gələn O.Zülfüqarov 16 yaşında uğur marafonuna qoşulur.

Bir müddət Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuduqdan sonra professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub. 1957-ci ildə, üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu üçün əsəri uğur qazanır. Cəsarətli gənc musiqiçi janr müxtəlifliyinə meylini elə ilk vaxtlardan nümayiş etdirir.

Yubiley gecəsinə, xatirə konsertinə toplaşan musiqisevərlər bəstəkarın ilk ifa etdiyi musiqi alətinə bağlılıq və sevgisinin nümunəsi olanViolonçelsimfonik orkestr üçün konsertinimaraqla dinlədilər. Əməkdar artist Aleksey Miltıxın (violonçel) peşəkar ifası zəngin musiqi ilə birləşərək xoş bir ovqat yaratdı.

Vətəninə, millətinə, torpağına son dərəcə bağlı olan bəstəkarın yaradıcılığının Qarabağ nisgilimizi musiqiyə, nota hopdurmuş sədasını dinlədik. Onun son əsərlərindən biri, 2008-ci ildə qələmə aldığı “İntizar” simfoniyası orkestrin ifasında səsləndikcə müəllifin ruhu parçalayan musiqi harayı elə fəryad edirdi ki...

Gecədə bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun atasının xatirəsinə ithaf etdiyiÜmid adası” da səsləndi. Bəstəkarın fleytasimfonik orkestr üçün yazdığı həsrət sədasını nəvəsi Əminə Zülfüqarova (fleyta) çox böyük eşq ilə dinləyicilərə çatdırdı.

Beləcə, həyatımızın bir çox anlarına hopan musiqilər müəllifi həm bizləri uzun illərin xatirələrinə apardı, həm də musiqi zövqümüzü təzələmiş oldu...

 

HƏMİD

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.5.