“Xəzər
etüdləri”nin ilk laureatları
Bakıda gənc pianoçuların beynəlxalq
müsabiqəsi keçirildi
Azərbaycan paytaxtının ev sahibliyi etdiyi beynəlxalq incəsənət layihələrinin
sırasına daha biri əlavə olundu. İyunun 1-dən
4-dək Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı
və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Caspian etude” Gənc Pianoçuların
I Beynəlxalq Müsabiqəsi
keçirildi.
Müsabiqənin açılış mərasimindən
əvvəl təşkil
edilən mətbuat konfransında münsiflər
heyəti media nümayəndələrinin
suallarını cavablandırdı. Təşkilat
komitəsinin sədri,
Tofiq Quliyev adına 12 nömrəli
Musiqi məktəbinin
direktoru Gülnarə
Səfərova müsabiqə
haqqında geniş məlumat verdi. Bildirdi ki, 16 yaşına qədər iştirakçılar arasında
dörd yaş kateqoriyasında (9-10; 11-12; 13-14; 14-16 yaş) keçirilən müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış
musiqi təhsili müəssisələri və
musiqi kolleclərinin tələbələri iştirak
edirlər.
Gənc
pianoçuların çıxışlarını
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad
Hüseynov (sədr), Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının
professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun
konsertmeysteri Nikita Volov,
tanınmış pianoçu
və musiqi tənqidçisi Marko Freydən
(Almaniya) ibarət beynəlxalq münsiflər
heyəti qiymətləndirəcək.
Diqqətə çatdırıldı ki, musiqi yarışmasına
ölkəmizlə yanaşı
İsrail, Çin, Rusiya, Avstriya və Ukraynadan ümumilikdə 90 ifaçı
qatılıb.
Münsiflər heyətinin sədri, Xalq artisti Murad
Hüseynov müsabiqədə
iştirak edən istedadlara qələbə
sevinci və yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, müsabiqə
Azərbaycan bəstəkarlarının
yaradıcılıq irsini,
musiqi mədəniyyətimizi
tanıtmaq, gənc istedadlı musiqiçiləri
aşkar etmək və dəstəkləmək,
aparıcı müəllimlərin
yenilikçi ideyalarının
və təcrübələrinin
mübadiləsi, həmçinin
iştirakçı ölkələr
arasında mədəni
əlaqələrin möhkəmləndirilməsi
məqsədi daşıyır.
Sonra müsabiqənin
açılış mərasimi
keçirildi. Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
rəisi Cəlil Məlikov müsabiqəyə
qatılan iştirakçıların
müəllim və valideynlərini Mədəniyyət
Nazirliyi adından salamladı.
Müsabiqənin açılışının əlamətdar günə,
beynəlxalq uşaq bayramına təsadüf etdiyini deyən idarə rəisi vurğuladı ki, ölkəmizdə uşaqlara,
gənclərə diqqət
və qayğı dövlət siyasətinin
mühüm tərkib
hissəsidir. Dövlət tərəfindən uşaqların təhsilinə
və tərbiyəsinə
göstərilən qayğı
nəticəsində gənc
nəsil bir çox uğurlara imza atır, öz potensiallarını
sərbəst nümayiş
etdirə bilirlər.
Ölkəmizdə musiqi sənətinə,
o cümlədən muğama
göstərilən qayğıdan
danışan C.Məlikov
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın diqqəti və himayəsi sayəsində
muğamın, tar və
kamança sənətinin
UNESCO-nun siyahısına daxil
edildiyini diqqətə
çatdırdı.
Daha sonra müsabiqənin ilk dinləmələrinə
başlanıldı. 1-ci qrup üzrə (9-10 yaş) iştirakçıların
dinləmələrində münsiflər ifaçıları
10 ballıq sistemlə
qiymətləndirdilər.
* * *
Müsabiqənin ikinci günü, iyunun 2-də ikinci qrup üzrə (11-12 yaş) iştirakçıların
dinləmələri keçirildi.
İyunun 3-də isə üçüncü
(13-14 yaş) və
4-cü (14-16 yaş) kateqoriyalar
üzrə iştirakçıların
ifaları dinlənildi.
Dinləmələr başa çatdıqdan sonra axşam Beynəlxalq Muğam Mərkəzinin səhnəsi
münsiflər heyətinin
üzvlərinə verildi. Konsert proqramında
Dövlət Akademik Rus Xorunun konsertmeysteri,
Moskva Filarmoniyasının
solisti Nikita Volov öz çıxışı
ilə zalda böyük coşqu yaratdı. P.Çaykovskinin “Qu gölü”
baletindən ifa olunan fraqmentlər pianoçunun texnikasını
və sənət sevgisini müsabiqə iştirakçılarına da
nümayiş etdirmiş
oldu.
Müsabiqə ilə bağlı
təəssüratlarını bölüşən N.Volov
bildirdi ki, Azərbaycana artıq beşinci gəlişidir:
“Bu müsabiqə Azərbaycan
musiqisinin populyarlaşmasına
xidmət edir. Burada çox istedadlı uşaqların ifalarını
eşitdim. Eyni zamanda
Azərbaycan bəstəkarlarının
əsərləri ilə
tanış olmaq imkanı qazandım”.
Valensiya Musiqi Konservatoriyasının
professoru Marina Bleynsin çıxışı ilk andan
tamaşaçılara pozitiv
hislər bəxş etdi. Xanım münsif
fikirlərini bölüşərkən
Azərbaycanda musiqi təhsilinin yüksək səviyyəsindən təəccübləndiyini
gizlətmədi: “Bakıya
ilk gəlişim idi və bu möhtəşəm
günləri, musiqi dolu anları yəqin ki, unutmayacağam. İstedadlı uşaqlar və
onları yetişdirən
pedaqoqlar. Azyaşlı uşaqların fortepianoda bənzərsiz ifaları məni heyran etdi. Qonaqpərvərliyə görə təşəkkürümü
bildirirəm. Müsabiqənin keçirildiyi Muğam Mərkəzi isə füsunkar bir konsert salonudur”.
Tanınmış pianoçu və
musiqi tənqidçisi
Marko Frey Azərbaycanda olmağından
məmnunluğunu ifadə
etdi: “Düzü, Azərbaycana, Bakıya gələcəyimi planlaşdıranda burada məni nələrin gözləyəcəyini təsəvvürə
gətirməmişdim. Ümumiyyətlə,
ölkəniz haqqında
məlumatım az idi. Amma burada
olduğum bir neçə gün ərzində özüm üçün yeni bir dünya tapmış oldum. İnanıram ki, münsif
həmkarlarım öz
repertuarlarına Azərbaycan
bəstəkarlarının əsərlərini daxil edəcəklər”.
Münsiflər heyətinin sədri Murad Hüseynovun Azərbaycan bəstəkarlarının
əsərlərindən səsləndirdiyi
prelüdlər qonaqlara
bir daha musiqimizin möhtəşəmliyini
nümayiş etdirdi. Xalq artisti Azərbaycan bəstəkarlarının əsərlərinin
qonaqlarda heyranlıq yaratdığını dedi:
“Biz münsiflərə bəstəkarlarımızın
əsərlərinin notlarını
hədiyyə etdik. Müsabiqə uğurla reallaşdı
və inanırıq ki, bu müsabiqə
gənc istedadların
yaddaşından silinməyəcək”.
* * *
İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin
bağlanış mərasimi,
qaliblərin mükafatlandırılması
və laureatların qala-konserti keçirildi.
Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
rəisi Cəlil Məlikov müsabiqənin
uğurla yekunlaşdığını
diqqətə çatdırdı,
təşkilat komitəsinə,
pedaqoq və iştirakçılara təşəkkürünü
bildirdi, gənc ifaçılara yeni uğurlar arzuladı.
Münsiflər heyətinin sədri, Xalq artisti Murad
Hüseynov müsabiqənin
əhəmiyyətini yüksək
qiymətləndirdi. Bildirdi ki,
ölkəmizdə çoxsaylı
beynəlxalq festival və
müsabiqələr sırasına
daha bir uğurlu layihənin qoşulması əlamətdar
hadisədir. Həyata keçirilən
layihələr gənc
nəslin hərtərəfli
inkişafına stimul
verir. Sevindirici haldır ki,
yaradıcı gənclərimiz
bu müsabiqələrdə
bacarıqlarını nümayiş
etdirir və özlərini təsdiq etmək imkanı qazanırlar.
Daha sonra hər yaş kateqoriyası üzrə
I, II, III yerlər, eləcə
də laureat və xüsusi diplom olmaqla qaliblərə mükafatlar
təqdim edildi.
Müsabiqənin laureatlarının qala-konsertindən
əvvəl mədəniyyət
naziri Əbülfəs
Qarayev təşkilat komitəsinin üzvləri
və münsiflər
heyəti ilə görüşdü. Görüşdə nazirin birinci
müavini Vaqif Əliyev də iştirak edirdi.
Nazir ölkəmizdə qonaq olan münsifləri salamlayaraq Azərbaycanda keçirilən çoxsaylı
beynəlxalq festival və
müsabiqələr haqqında
məlumat verdi.
Pianoçuların beynəlxalq müsabiqəsini
gözəl təşəbbüs
kimi dəyərləndirən
Əbülfəs Qarayev
belə layihələrin
davamlı olmasını
və daha geniş miqyasda reallaşmasının əhəmiyyətli
olacağını bildirdi.
Müsabiqənin gedişatı ilə bağlı münsiflərin
fikirlərini dinləyən
nazir layihənin gələcək perspektivləri
ilə bağlı düşüncələrini və
tövsiyələrini dilə
gətirdi. Beynəlxalq müsabiqəyə daha çox ölkədən iştirakçıların
qoşulması, həmçinin
gələcəkdə layihənin
daha da təkmilləşdirilməsi,
gənc nəslin öz bacarıqlarını
sınaması üçün
imkan yaradılmasını,
musiqi məktəblərinin
layihəyə qoşularaq
yaxından iştirakının
faydalı olacağı
vurğulandı.
Münsiflər heyətinin üzvü, pianoçu və musiqi tənqidçisi
Marko Frey müsabiqənin yüksək
səviyyədə təşkilinə
görə təşəkkürünü
bildirdi və Azərbaycanda musiqi sahəsində mötəbər
yarışmaların keçirilməsi
üçün böyük
potensialın olduğunu
diqqətə çatdırdı.
Görüşdən sonra müsabiqə qaliblərinin iştirakı
ilə qala-konsert təqdim edildi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.1-2.