“Qəmbərqulu”, “Cüvəllağı”...

  

 

Bu “təbəssüm”lü imzaların alt qatında milli QƏM QƏLƏMli Əliqulu Qəmküsar...

 

QƏMKÜSAR... Qulaq-çəkic zindanında qəmgüzar, qəmarar, dərd-ələmyön kimi də səslənir bu təxəllüs...

Kefqom”, “Cüvəllağı”… Təbii ki, bu ifadələr də sırf etimolojiliyilə qəbul edilməməlidir. Bu şair, bu publisist, bu jurnalist cəmiyyətdəki hər “sort” nəfskarlıq xəstəliklərinin, nəfqomluq azarlarının təbib-“kefqom”u olub, ictimai toplumun hər “çort” qüsurlarına, mental aşağılıqlarına, lağlağılıqlarına “Cüvəllağı”lıq edib

Görkəmli yazıçı-dramatur Əbdürrəhim bəy Haqverdiyevin gözəl natiq, geniş məlumat sahibi, insanı təəccübə gətirən hafizəli bir vücud öygüsüylə xatırlayıb, “ona dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi” kədərilə yad etdiyi, Əziz Şərifin “müsəlman demokratiyasının əsl fədaisi” kimi qiymətləndirdiyi bu gözəl şair, alovlu publisist, bənzərsiz “Molla Nəsrəddin”çiyə açılan bir an sürəli atəş səsi üstündən 100 il ötür...

O namərd qətlin bu 39 yaşlı qurbanına hələ lap gənc ikən Tiflis mətbuatında nekroloq yazmış Ə.Şərif görkəmli şərqşünas çağlarında belə bir fikrin də müəllifi olacaqdı: “...Tez-tez cırıq palto, yırtıq başmaqda ac-yalavac gəzib-dolaşan, ürəyində intəhasız qəm-qüssə, baxışlarında insana sönməz sevgi daşıyan bu istedadlı şair müsəlman poeziyasındakı “yar gözəlliyi”, “bülbül cəh-cəhi”, “çiçək ətri” və sairəni tərənnümdən xalq dərd-sərini, cəhalət, şər, meydanda inləyən demokratiya ələmini təsvirə keçidin əsasını qoyan yeni yönlü şairlər sırasında ilk yerlərdən birini tutdu”.

 

Bu milli-ədəbi mübarizin

 

uşaqlığı da, yeniyetməliyi də, ilk gənclik fəaliyyəti də 24 may 1880-ci ildə anadan olduğu Naxçıvanda “rəngarəng” sarsıntılarla keçib: səkkiz yaşından molla mədrəsəsi, ilyarım şəhər rus məktəbi, 16 yaşındaykən təhsildən ayrılıb, müalicə üçün Təbrizə apardığı atasının dörd ay sonra vəfatı (və onu elə orada dəfnetmə məhkumiyyəti), geri qayıdarkən anasını (böyük əmisinin təkidilə kiçik əmisinə ərə verilməsi səbəbilə) evdə görməməsi, ağır külfət qayğısı və s. 

 

Ancaq...

 

bəxti başdan-binadan qara gəlmiş bu böyük aydını ruhlandıran, daim irəliyə səsləyən amillər də az olmayıb; fitri istedad və çalışqanlıq keyfiyyətlərindən əlavə, mənbələrin də təsdiq etdiyi kimi, o dövr Naxçıvanında (digər bölgələrimizə nisbətdə daha aktiv) vüsət alan maarifçilik, dünyəvilik mühiti, bəşər sivilizasiyası şəbəkəsinə qoşulum cəhdlərini ehtiva edən ictimai oyanış, bu yurdun o dövr mədəni həyatının başçısı, mütərəqqi ziyalı və görkəmli müəllimi Məhəmməd Tağı Sidqinin şəhərin mədəni mərkəzinə çevrilmiş “Tərbiyə” məktəbi. bu çevik düşüncəli gəncin hamıya (ümumiyə) məxsus o milli-mənəvi varidatdan daha çox bəhrələnmə şansını artıran yaradıcı, ziyalı nəsillərə mənsubluğu: eldə təbli şair, dövlətdə ciddi qulluqçu (gömrükxana komissionçusu) kimi tanınan atası Ələkbər, milli düşüncə daşıyıcılığıyla bahəm “Fani” təxəllüsüylə şeirlər yazan əmisi Hüseyn, yerli maarif-mədəniyyət çabaları ardınca, sonralarMolla Nəsrəddin”in redaktor köməkçisi, Cümhuriyyətimizin Tiflis konsulu, “Dan ulduzu” jurnalının baş redaktoru olmuş qardaşı Rzaqulu Nəcəfovlar, “ağır şair” ifadələrilə urvatlandırılan ana babası Məşədi Əsəd, Moskva Universitetinin Hüquq fakültəsini bitirmiş Fərəculla, Səttarxan hərəkatı öncüllərindən və Naxçıvan teatrı bünövrəçilərindən Nəsrulla Şeyxovlar... 

Bəli, ulu Mirzə Cəlilin – BaşMolla Nəsrəddin”çinin böyük etimad göstərdiyi bu sənətkar oçağdan-buçağa analoqsuz milli şərəf-şan simvolu kimi yad (və qeyd) edilən “Molla Nəsrəddin” jurnalının ikinci redaktoru olub.

Əlbəttə, həmin zirvə rolunadək bir çox keçilməz yollar keçməklə...

Bir vaxt Təbrizdə qarşılaşdığı aləmi:

 

“Qurtarmadımı ağlamağın mövsimi, yarəb?

Hər gündə münacat olunur məscidimizdə.

Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,

Bu mərsiyəxanlar nə görüblər biləmizdə?” -

 

sualları ilə qarşılayan Əliqulunun “mövhumat nifrəti” 1897-də anası və dayısıyla gedib gördüyüXorasan mənzərələri”ndən sonra daha da artır. Bu məqamda ədibin qızı (ilk qadın kinorejissorumuz) Qəmər Salamzadənin xatirələrindən bir parça: “Nənəm deyərdi Naxçıvanda elə bir molla anası, arvadı qalmamışdı ki, bizim üstümüzə ayaq açmasın. Vaxt-bivaxt gəlib hədələyirdilər ki, oğluna deginən mollalara sataşmasın! Yoxsa bu işin axırı pis qurtarar. Bir dəfə də məhərrəmlikdə qonşu arvadlar gəlib təvəqqe elədilər ki, onlarçün quran oxuyum. Mən oxuyarkən arvadların bəzisi ağlamağa başladı. Bu vaxt Əliqulu içəri girdi. Eynəyi üstündən bir qədər tamaşa etdikdən sonra kitabı əlimdən alıb soruşdu ki, ana, bunları başa düşürsən? Dedim, yox, bala, heçbaşa düşmürəm. Dedi, bəs onda bu nə ağlaşmadır belə. Sonra başladı mənim oxuduqlarımı tərcümə etməyə. Hər sözü birər-birər izah edəndən sonra qayıtdı ki, görürsüz, burada adamı ağladası heç bir şey yazılmayıb. Burada müsəlmanlara ancaq doğruluq, təmizlik haqda nəsihətlər verilir”.

Mənsub olduğu xalqın dünyəvi inkişafına mane olan bu qəbil gəliş-gedişatın dərkindən qaynaqlanan od-alovuMolla Nəsrəddin”ə (və paytaxtımızda dərc olunan qəzet-jurnallara) göndərdiyi şeir və məqalələrlə söndürməyə çalışmaqda olan gənc Əliqulu həmin çağlarda İran inqilabıyla da maraqlanır, Səttarxan hərəkatına tərəfdar şeirlər yazırmış.

 

Və 1912-ci ilin oktyabrı...

 

Həmin tarixçədə, hələ yeniyetməliyində bəlirləməyə başladığı milli kimlik ideyası (və yaradıcılıq mayakı) ardınca Tiflisə köçüb, bunadək ötən altı il boyunca daim izlədiyi, mənəvi “iştah”ının bir an belə azalmadığı əfsanəvi “Molla Nəsrəddin-Mirzə Cəlil” duallığı dünyasına qovuşma...

Bu kəsərli qələm sahibi Tiflisdə çıxan (“Al bayraq”, “Gələcək” və s.) qəzetlərdə  müxtəlif mövzulu şeirfelyetonlarla çıxış etsə də, bir müddət sonra müştərək redaktorluğunu da edəcəyi “Molla Nəsrəddin” aləmi Qəmküsar üçün əvəzedilməz mənəvi məkana çevrilir. Ümummillət məsləkli bu mühitdə aldığı nəfəsi fizioloj-bioloji həyat oksigeni qədər qiymətləndirən Əliqulu böyük əzmlə işə başlayır. Ancaq o, bu “ümumçağrı mətləb”in çox çətin olduğunun, millətin inkişafı üçün çox vacib olan ziya xəmirinin hələ çox su aparacağının da fərqində imiş. Vurğulayaq ki, qələm məhsullarının mütləq əksərində oxucunu (demək, xalqı) azad, inkişaflı gələcək umusundan salmamağa çalışan bu şair-publisist bəzən, xəlqi məzə-məzhəkəçilikdən ümummilli “mərsiyə”çiliyə də keçib. Məsələn, “Qələm qardaşım “Kefsiz”ə” şeirindən bir bəndə diqqət yetirək:

 

Sənlə mən nə edə billik bu qədər məxluqə,

Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə,

Hey çalış, hey çabala, baxma vara, yoxluqə,

Yazasan, yazmayasan, bir kəsə təsir etməz,

Çox soyuqdur bu dəmir, döymə ki, təğyir etməz...

 

1916-cı ilin mayındaMolla Nəsrəddin”in nəşri dayandırılır (əlbəttə, müvəqqəti olaraq) o, M.Cəlillə səyahətə çıxır. Hələ bundan əvvəl (1916) Bakıda səhnə həyatı verdikləriÖlülərkomediyasını Dağıstan, Səmərqənd, Daşkənd Volqaboyu şəhərlərdə tamaşalaşdırırlar. Yeri gəlmişkən vurğulayım ki, bu universal sənətkar bütün gələcəyimizçün diri qalacağına inandığımızÖlülər”dəki qüdrətli (həm sənətkarlıq, həm ifşakarlıq baxımından) Şeyx Nəsrullah obrazını məharətlə yaratmaqla, mədəniyyətin əsas sahəsi olan səhnə sənəti səhifəsinə imza atmış olub. 

Ovaxtlardan buvaxtlara ünlü ədiblərin xatirələrində yüksək dəyər-əyarlarla yad edilən, ciddi ədəbiyyatşünaslarımızın (akademik İsa Həbibbəyli, professor İslam Ağayev b.) tədqiqatlarında “XX əsrin əvvəllərini ehtiva edən tənqidi-realist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri”, “Molla Nəsrəddinədəbi məktəbində özünəməxsus sanballı yeri xüsusi mövqeyi olan sənətkarkimi birmənalı qənaətlərlə dəyərləndirilən bu fədakar qələm adamının qətli

 

Ötür-ötürformatlı...

 

Təbii ki, bu sayaq milli-ictimai (bəzi məqamlarda qatı milliyyətçi) fəaliyyətlər sahibini izləyən digər fəaliyyətçilər – “siyasi sənətkarlarda vardı. Yaşadığı binanın dəhlizində vəhşicəsinə güllələnsə , qətl təşkilatçısının ad-ünvanı günü bugünədək dəqiqləşdirilməmiş qalmaqda. Bəlli olan bu ki, o anonim atəş oçağlar Qafqazda nüfuz-miras mübarizəsi aparan menşeviklərlə bolşeviklərdən birinə məxsus. Tədqiqatçılarından birinin qənaətincə; “Ə.Qəmküsar 1917-ci ildə yazdığı məşhurQarğalaradlı felyetonunda ölkədəkihərki-hərkilik”də federalist menşeviklərlə yanaşı, bolşevikləri günahkar saymışdı (sovet dövrü nəşrindəgah da bolşevikifadəsi çıxarılıb)” bu nüansa görə, onun öldürülməsilə bağlı suç menşeviklərdən çox, bolşeviklərə işləyir...

Xeyli ağrılı notlarla müşayiət ( mütaliə) olunan bu yazımı ulu M.Cəlilin daha xəlqi səslənən xeyli ruhsaçan ifadələrilə bitirirəm: “ qədər ki, məcmuəmizin adı söylənilir, onun əziz qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın – “Cüvəllağıbəyin adı həmişə zindəbad alqışları ilə zikr olunacaqdır”...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.6.